06 mart 2023
419

6 şəhid verən kəndin GÜNÜNƏ BAXIN... - GİLEY

6 şəhid verən kəndin GÜNÜNƏ BAXIN...
Şəmkir rayonunun Ələsgərli kənd sakinləri işıq, su, qaz təchizatı ilə bağlı problemlər yaşayırlar.
Bakupost.az bildirir ki, Ələsgərli sakinləri kəndin bərbad yollarından da şikayətçidirlər.
"Bu problemlər 30 ildir ki, davam edir. Artıq boğaza yığılmışıq. Yay-qış demədən növbələrə düzülüb ulaqlarla evə su daşıyırıq. Bu, artıq bizim həyat tərzimizə çevrilib. Qaz yox, su yox, işıq yox. Biz necə dolanaq. Yağış yağanda da qız-gəlin rezin çəkmə geyinib saat 9-dan 12-yə qədər su yolu gözləyirlər. Yolumuz da bərbaddır. 6 şəhid verən kəndin yolu belə olar? 21-ci əsrdə yaşayırıq, amma hamamımız yoxdur. Eşşəklə su daşıyıb, vedrəylə yuyunuruq", - deyə sakinlərdən biri Bakupost.az-a bildirib.
Sakinlər yerli məmurların onlara laqeyd yanaşdığını, problemin həll ediməsi ilə bağlı heç bir addım atmadıqlarını qeyd ediblər:
“Hanı bu kəndin rəhbərləri? Biri bələdiyyəyə, biri icra nümayəndəliyinə rəhbərlik edir. İşə gələndə otaqlarındna bayıra çıxmırlar ki, sözümüzü deyək. Bələdiyyə sədrinin nə adını bilirik, nə də üzünü görmüşük”.
Məsələ ilə bağlı Şəmkir rayonundan millət vəkili seçilən Nurlan Həsənovla əlaqə saxladıq.
Zəngimizə onun köməkçisi Anar Quliyev cavab verdi. Millət vəkilinin köməkçisi Bakupost.az -a bəzi problemlərin həllini tapdığını, digərlərinin isə il ərzində həll ediləcyini bildirdi:
“Oranın asfaltlanması hələ ki, dövlət layihəsində yoxdur. Amma yolu düzəldiblər. Keçən həftə özüm orada oldum. Tam normal qaydadadır.
Qaz ilə bağlı iki ildir ki, "Azəriqaz"a müraciət etmişik. Geri dönüş aldıq. Bu il üçün kəndə qaz çəkilməsi nəzərdə tutulub. Layihə-smeta sənədləri hazırlanıb, çəkiliş reallaşacaq”.
A.Quliyev su ilə bağlı problemi həll etməyə çətinlik çəkdiklərini bildirib:
“Biz "Azərsu"ya da yazdıq. Lakin həmin kənddə elə bir mənbə yoxdur ki, su çəkilişinə kömək edək. Artezian qazılması da mümkün deyil. Dağlıq ərazidir. Dağlıq ərazidə arteziandan su çıxmır. Hazırda kən sakinlərinə bu məsələ ilə bağlı müsbət cavab vermə bilmirik”.
Mövzu ilə əlaqədar Şəmkir Rayon İcra Hakimiyyətinə etdiyimiz zənglər isə cavabsız qaldı.
BakuPost