26 fevral 2026
12

İmtiyazlı QHT-lər, şişirdilmiş büdcələr – Qrant sistemində nə baş verir?! /FOTOLAR

 
İmtiyazlı QHT-lər, şişirdilmiş büdcələr – Qrant sistemində nə baş verir?! /FOTOLAR
Son bir neçə ay ay ərzində QHT-lərə Dövlət Dəstəyi Agentliyinin 2025-ci il qrant müsabiqəsinin nəticələri üzrə apardığımız təhlillər göstərir ki, sistemli problemlər artıq istisna deyil, tendensiyaya çevrilib.
 Rəsmi çıxışlarda “kəmiyyət yox, keyfiyyət əsasdır” tezisi səsləndirilsə də, faktiki mənzərə bunun tam əksini nümayiş etdirir. Layihələrin məzmunu, icra səviyyəsi və büdcə əsaslandırmaları ciddi suallar doğurur.
Diqqətçəkən məqamlardan biri əvvəllər başqa şəxslərə məxsus olmuş QHT-lərin sonradan faktiki olaraq “əl dəyişməsi” və bundan sonra daha iri məbləğli qrantlar əldə etməsidir. Bu, təsadüfdürmü, yoxsa mexanizmli yanaşmanın nəticəsidir - açıq sualdır. Belə təşkilatlardan biri də "Cəza Çəkmiş Qadınların Cəmiyyətə Qayıdışı" İctimai Birliyi-dir. Təşkilat əvvəllər QHT-lərə Dövlət Dəstəyi Şurası ilə bir neçə layihə həyata keçirmiş, həmin dövrdə sədri Fəridə Əliyeva olmuşdur. Bir neçə il öncə isə təşkilatın yeni rəhbərliyi ortaya çıxaraq qurumu “özlərinin yaratdığını” bəyan etmişdir(?) Bu faktın özü ayrıca araşdırma mövzusudur.
 
                  Dövlətin pulu belə talan edilir

QHT-lərə Dövlət Dəstəyi Agentliyi 2025-ci ildə bu təşkilatın “Cəzaçəkmə müəssisələrində kütləvi-mədəni tədbirlərin təşkili” adlı layihəsinə 17 min manat vəsait ayırıb. Layihənin adı geniş auditoriyanı əhatə edən mədəni tədbirlər silsiləsini ehtiva etdiyi təəssüratını yaradır. Lakin araşdırma göstərir ki, “kütləvi-mədəni tədbirlər” adı altında faktiki olaraq “Biznesdə güclü qadınlar” mövzusunda təlimlər keçirilib. Yəni layihənin adı ilə real icra məzmunu arasında açıq uyğunsuzluq mövcuddur.
Burada haqlı sual yaranır: Agentliyin ekspertləri və ya Müşahidə Şurası layihəni qiymətləndirərkən onun konsepsiyasına və fəaliyyət planına real baxış keçiriblərmi? Əgər keçiriblərsə, bu uyğunsuzluğu necə əsaslandırıblar?
Təşkilatın sosial şəbəkə səhifəsində yerləşdirilən məlumatlara əsasən, layihə çərçivəsində cəmi 2 fərqli məkanda ümumilikdə 8 təlim keçirilib. Banner üzərində Bakı və Naxçıvanda tədbirlərin keçirildiyi qeyd olunsa da, Naxçıvanda faktiki icranın olub-olmaması ilə bağlı açıq sübutlar görünmür...Sadə hesablama aparaq: 1 təlimçi 8 təlim üçün maksimum 100 manat alsa, bu 800 manat edir. Broşur üçün maksimum 1000 manat, banner və sertifikat çapı üçün 200 manat, layihə rəhbəri və mühasibin əmək haqqı fondu üçün isə maksimum 3000 manat nəzərdə tutsaq, ümumi xərc təxminən 5000 manat təşkil edir. Cəzaçəkmə müəssisələrində icarə və iaşə xərcləri dövlət tərəfindən təmin olunduğu üçün əlavə ciddi xərc görünmür. Halbuki ayrılmış qrant 17 min manatdır. Aradakı təxminən 12 min manatlıq fərq əsaslandırılmamış şişirtmə ehtimalını gücləndirir.
 

Bu istiqamətdə Yenixeber.org-a ötürülən məlumatlardan belə məlum olur ki, problem tək bir təşkilatla məhdudlaşmır. Əksər layihələrdə nəticələrin ölçülməsi aparılmır, davamlılıq mexanizmi qurulmur, layihə bitdikdən sonra fəaliyyət dayanır. Əvvəlki araşdırmalarda bir təşkilatın yaratdığı “virtual muzey” layihəsinin layihə başa çatan kimi fəaliyyətini dayandırdığı və saytın bağlandığı faktı ortaya çıxmışdı. Bu halda sual yaranır: 3–4 aylıq formal layihələr real sosial problemin həlli üçündür, yoxsa büdcə vəsaitinin mənimsənilməsi üçün?
17 min manat səviyyəsində qrant hər təşkilata verilmir. Bu fakt sözügedən qurumun xüsusi imtiyazlara malik olması ehtimalını artırır. Əgər müstəqil ekspert qrupu yaradılaraq şübhəli layihələrin büdcələri və icra mexanizmləri audit olunsa, daha ciddi faktların üzə çıxacağı istisna deyil.
Dövlət büdcəsi ictimai problemlərin həllinə yönəlməlidir. Lakin hazırkı mənzərə göstərir ki, bəzi hallarda vəsaitlərin səmərəliliyi ciddi sual altındadır. Əgər aşkar olunan neqativ hallar hər müsabiqədə təkrarlanır və problem həllini tapmırsa, bu artıq fərdi deyil, institusional məsələdir. Şəffaflıq, ictimai nəzarət və real məsuliyyət mexanizmi tətbiq olunmadıqca “keyfiyyətə üstünlük veririk” bəyanatı praktik nəticə doğurmayacaq.(Yenixeber.org)

 Qarşı tərəfin cavab haqqını tanıyırıq.

QHT-nin sosial şəbəkə hesabından dediklərimizi araşdıra bilərsiniz: https://www.facebook.com/mehkum.qadin