08 yanvar 2025
11

Bu prezident də iqamətgahdan qaçdı, gizlənir -SENSASİON İDDİA

Cənubi Koreya prezidenti Yun Sok Yolun Seulun mərkəzində yerləşən Yonqan bölgəsindəki iqamətgahını gizli şəkildə tərk edərək başqa bir yerdə yerləşdiyi ehtimal edilir.
Yenimeydan.info : Məlumata görə, bu barədə aparıcı müxalifət partiyası "Toburo"nun deputatı An Gyu Bek KBS radiosunun efirində bildirib.
“Eşitdiyim məlumata görə, o artıq (Yonqan bölgəsini) tərk edib və başqa bir yerdə gizlənib”, – deyə deputat bildirib.
“Mənə belə bir informasiya verilib. Güman edilir ki, o, iqamətgahı tərk edib və üçüncü bir məkanda yerləşib. Eşitmişəm ki, polis də bu fərziyyəyə əsaslanaraq onun yerini izləyir”, – deyə An Gyu Bek əlavə edib.
Qeyd edək ki, "Toburo" Demokratik Partiyası parlamentdə 300 yerdən 170-nə nəzarət edir və Yun Sok Yola qarşı impiçment qərarının qəbulunda mühüm rol oynayıb.
Bundan əvvəl, yüksək rütbəli məmurlara qarşı korrupsiya işləri üzrə İstintaq İdarəsinin rəhbəri O Don Un prezidentin hazırda iqamətgahda olub-olmaması barədə suala dəqiq cavab verə bilməyəcəyini bildirib.
Prezidentin rezidensiyanı tərk edə biləcəyi ilə bağlı suala cavabında isə O Don Un müxtəlif ehtimalların nəzərdən keçirildiyini qeyd edib. Məhz bu idarə prezidentin həbsi üçün order əldə edib.
Yun Sok Yolun dekabrın 14-dən bəri (ona impiçment elan edildiyi tarixdən) iqamətgahda olduğu güman edilir. Yanvarın 3-də polisin bildirdiyinə görə, müstəntiqlər prezidenti həbs etməyə cəhd edən zaman o, iqamətgahda olub.
"Prezidentin dəqiq harada olduğunu açıqlaya bilmərik. Biz onun yerini izləməyə davam edirik", - polis əməkdaşı "Yonhap"a bildirib.
Qeyd olunub ki, hərbi vəziyyətlə bağlı baş verən hadisələrdən sonra qiyam işi çərçivəsində araşdırmalar davam edir və Cənubi Koreya prezidentinə ölkəni tərk etmək qadağan edilib.(TASS)