17 dekabr 2024
21
“Bravo”dakı cinayətin GİZLİ DETALLARI - Fala baxdırıb basqın etdilər
CİNAYƏT İŞİ
Qısa arayış...
2023-cü il martın 4-də Bakının Xətai rayonu Ramiz Quliyev küçəsində yerləşən hipermarketə (Bravo) silahlı basqın olur. Girişdə 6 banka məxsus bankomatlar, ödəniş terminalları və marketə gələn müştərilərin şəxsi əşyalarının saxlanılması üçün nəzərdə tutulmuş dolablar quraşdırılıb. Məlumatla əlaqədar polis əməkdaşları hadisə yerinə yollanıblar. Döşəmə üzərində qan ləkələri, bankomatlardan birinə güllənin dəyməsi, arxada yerləşən şüşənin çatlaması, digər bankomatın ekran şüşəsinin sınması məlum olub. Xidməti mühafizə geyimi və gövdə nahiyyəsində bronijilet olan şəxsin meyiti girişdən sol tərəfdə, ona məxsus “Makarov” markalı tapança sağ əlindən 15 sm aralıda, ətrafında 5 ədəd giliz, çöldə dayanmış “Ford Transit” markalı, inkassator avtomaşının üzərində 2 ədəd güllə zədəsi aşkar edilib.
Həmin gün, saat 19 radələrində DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində silahlı basqını törətməkdə şübhəli bilinən Lənkəran şəhər sakini 2002-ci il təvəllüdlü Dəyanət Qüdrətov saxlanılıb. Onun üzərindən tapança və 11 ədəd qurğuşun başlıqlı patronlar götürülüb. Bundan 2 saat sonra Səbail rayonu, H.Z.Tağıyev küçəsi ev 19 mənzil 2-də polis əməkdaşlarına silahlı müqavimət göstərən Ağcabədi rayon sakini 2001-ci il təvəllüdlü Ruhlan İsmayılov zərərsizləşdirilib. Baxış zamanı giriş qapısından başlayaraq çoxlu sayda giliz, güllə, yataq otağına daxil olduqda Ruhlan İsmayılovun meyiti, arxası üstə uzanıqlı vəziyyətdə və çənə nahiyəsinin altında, dəlib keçən bir ədəd odlu silah yarası, ayaqları arasında 366 kalibrli “AKS” markalı avtomat tipli ov silahı, sandıqçasında 13 ədəd patron, meyitin baş tərəfində "PM" markalı tapança, çarpayının üzərində “M37” yazısı həkk olunmuş tapança, 2 ədəd maska, 4 ədəd əlcək, papaq və çanta aşkar edilib. Çantaya baxış keçirilərkən içərisində 16,835 manat və 20,100 dollar məbləğində pul vəsaiti tapılıb.
Davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Qəbələ rayon sakini 2001-ci il təvəllüdlü Azər Məmmədov, Bakı şəhər sakini 2003-cü il təvəllüdlü Səbuhi Qurbanov və Goranboy rayon sakini 2000-ci il təvəllüdlü İbrahim İbrahimov saxlanılıblar. Səbuhi Qurbanovdan 16 qramdan artıq psixotrop maddə metamfetamin, Azər Məmmədovdan 12 qram narkotik vasitə heroin götürülüb.
Dəyanət Qudrətovun yaşadığı ünvanın yaxınlığında nömrələri sökülmüş vəziyyətdə tapılan "Opel Vectra” markalı avtomobildən 22 ədəd əl-barmaq izləri, tibbi maska, papaq götürülüb.
Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 120.2.1-ci və 120.2.4-cü (qrup halında, xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
Lent.az hipermarketə silahlı basqınla bağlı cinayət işinin istintaq materiallarını əldə edib.
İstintaqla müəyyən edilib ki, Dəyanət Qudrətov tanışı Ruhlan İsmayılovla yanvar ayının əvvəllərində “WhatsApp” proqramı vasitəsi ilə söhbət edərkən, Ruhlan atası Rövşən İsmayılovla birlikdə 2022-ci il oktyabrın 30-da Ağcabədi rayonunda olarkən qohumu Babək İsgəndərovdan “M37” markalı tapançanı alıb, Bakıya gətirdiklərini və yaşadığı Hətəm Allahverdiyev küçəsi, 47/3 ünvanında saxladığını bildirib. Fevralın 4-də Binə qəsəbəsində, çay evində olanda Ruhlan Dəyanətə Qala qəsəbəsində, inkassatorlara, üzərlərindəki odlu silahlarla atəş açıb, külli miqdarda pul vəsaitlərini ələ keçirməyi və aralarında bərabər bölməyi təklif edib. Bu məqsədlə birlikdə həmin bankı və ətraf ərazini güdərək, gəliş-gediş yollarını, bankomata pul yerləşdirmək üçün neçə nəfər inkassatorun gəldiyi, neçə nəfərin silahlı olduğu, maşının harda dayandığı və sair kimi zəruri məlumatları öyrənməklə, planın icrası ilə bağlı məsləhətləşmələr aparıblar.
Fevralın 10-dan Ruhlan onunla birlikdə yaşayan, silahlı basqına hazırlaşdıqlarını bilən İbrahim İbrahimovla birlikdə Xətai rayonu, Ramiz Quliyev küçəsi 3 ünvanında yerləşən hipermarketin içərisində quraşdırılmış “Unibank Kommersiya Bankı”na məxsus bankomata təxminən 300 - 400.000 manat pul yerləşdirilməsinin şahid olub, bu barədə Dəyanət Qudrətova, Səbuhi Qurbanova və əvvəllər şərikli motosiklet təmir sexi işlətdiyi tanışı Azər Məmmədova məlumat verib. Qala qəsəbəsində törətməyə hazırlaşdıqları cinayətdən imtina edərək, qərara gəliblər ki, Xətai rayonunda yerləşən hipermarketə basqın etsinlər. Hadisə yerində iz qoymamaqdan ötrü Pərvanə Əliyevanın mülkiyyətində olmaqla, etibarnamə əsasında Ruhlan İsmayılova verilmiş “Opel Vectra” markalı avtomobilin dövlət nömrə nişanını çıxarılıb, əvəzinə sonuncunun tanışı Turqut Bayramovdan aldıqları “Vaz 2103” markalı avtomobilin nömrəsi bağlanıb. Maşının ban nömrələri silinib və kapotun açılmaması üçün kilidi sıradan çıxarılıb.
Ayın 16-da Səbail rayonu, Mikayıl Müşfiq küçəsi, 10 ünvanında yerləşən ov dükanına gedərək, Dəyanət Qudrətovun adına sənədləşdirilmiş, Ruhlan İsmayılovun ödədiyi 3600 manata “Kalaşnikov” konstruksiyalı odlu silah və 100 ədəd patron alıblar. Ruhlan Behzad adlı, istintaqa məlum olmayan şəxsdən 1300 manata aldığı odlu silah hesab edilməyən, Türkiyə istehsallı nömrəsi silinmiş siqnal tapançasını Dəyanətə verib. Canlı hədəfi məhv etmək qabiliyyətinə malik olması məqsədi ilə, Azər Məmmədovun Nəsimi rayonu, A.Mustafayev küçəsində işlədiyi sexdə, elektrik mişarından istifadə edərək, 15 ədəd patronun daxilinə kustar üsulla barıt və uc hissələrinə metal güllə yerləşdirərək, onların ilkin təyinatını dəyişdiriblər.
Fevralın 25-də Ruhlan Azərlə Neftçilər prospekti, 24 ünvanında yerləşən “Dalğa Plaza” biznes mərkəzinin yanında görüşərək, 2-ci saxta avtomobil dövlət nömrə nişanı əldə etmək məqsədilə Bayıl qəsəbəsinə yollanıblar. Gecə saat 2-dən səhər saat 5-dək sahibsiz avtomobil axtarsalar da, tapa bilməyib bu barədə Dəyanətə bildiriblər. Dəyanət sahibsiz nəqliyyat vasitələrinin Bakı kəndlərində ola biləcəyini deyib. Növbəti gün Dəyanətlə birlikdə Qala qəsəbəsinə yollanıblar. Vətəndaş Nüsrət Əliyevə məxsus “Mercedes 190” markalı maşının “Stansiya Qala” adlanan ərazidə, avtomobil təmiri sexinin kənarında nəzarətsiz qaldığını müşahidə ediblər. Gecə saat 1 radələrində maşının üzərindəki nömrəni açaraq, uzaqlaşıblar. Hazırlıq işləri tamamlandıqdan sonra fevralın 26-ı saat 12 radələrində Ruhlanla Dəyanət “Opel” markalı avtomobillə hipermarketin qarşısındakı dayanacağa gəliblər. Martın 4-nə kimi davamlı olaraq, başlarına papaq qoyub, üzlərinə tibbi maska keçirib taxaraq şəxsiyyətlərini mümkün qədər gizlətməklə hipermarketin əsas girişini müşahidə ediblər. Martın 4-ü saat 09:30-da Dəyanət taksi sifariş verərək, Rafiq Bədəlovun idarə etdiyi “Toyota Prius” markalı avtomaşınla Zığ dairəsinə gəlib, orda Ruhlanla görüşüb və birlikdə hipermarketin qarşısına gəliblər. Hər ikisi silahları gödəkcələrin altında gizlədiblər. Dəyanət “WhatsApp” proqramı vasitəsilə Səbuhi Qurbanova mövqelərini tutduqları və inkassatorları gözlədikləri barədə məlumat verərək, ona ayıq - sayıq olmasını, basqını törədəndən sonra dərhal sosial şəbəkələrdə hadisə barədə, xüsusilə də onların ifşa olunub-olunmamaları, polisin mümkün istiqamətləri barədə xəbərləri izləyib ona məlumatlar ötürməsini tapşırıb. Saat 12:15-də “Ford Transit” markalı zirehli avtomaşının gələrək hipermarketin qarşısında dayandığını, bankın nağd vəsaitlərin idarə edilməsi şöbəsinin mərkəzi xəzinə bölməsinin baş inkassator - kassiri, 1990-cı il təvəllüdlü Samir Şaydayev, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin “Hərbiləşdirilmiş Mühafizə idarəsi” MMC-nin əməkdaşı, inkassator - mühafizəçi, 1988-ci il təvəllüdlü Rüfət Həşimovun avtomobildən çıxaraq, əllərində pulla dolu çanta ilə içəri daxil olduqlarını görüblər.
Dərhal oturduqları avtomobildən düşüb, arxalarınca hipermarketə daxil olublar. Samir Şeydayev girişdən sol tərəfdə quraşdırılmış bankomatın təkrar dövriyyə kasetlərində olan 17.400 dollar və 10.395 manat, depozit kasetində isə 6,440 manat və 100 dollar pul vəsaitlərini, özü ilə gətirdiyi çantanın içərisində olan 290.000 manat və 20.000 dollar məbləğində pul vəsaitləri ilə əvəz etməyə başlayıb. Rüfət Həşimov təhlükəsizliyini təmin etmək məqsədilə onun yaxınlığında dayanıb ətrafın müşahidəsini aparıb. Təlimata uyğun olaraq bankın inkassator- sürücüsü Namiq Qəhrəmanov ona təhkim edilmiş avtomobildə əyləşib. Razılaşdıqları kimi əvvəl Ruhlan mühafizəçini öldürmək məqsədilə, ov tüfəngini çıxarıb atəş üçün hazır vəziyyətə gətirərək, başı ilə öz mövqeyində dayanan Dəyanətə işarə verib. Dəyanət arxadan yaxınlaşaraq Rüfət Həşimovun baş nahiyyəsi istiqamətində bir dəfə atəş açıb, lakin mühafizəçi cəld kənara çəkildiyindən güllə hədəfdən yayınaraq qarşıda quraşdırılmış bankomatın monitoruna dəyib. Növbəti atəşi açmaq istəyərkən silahın tətiyinin ilişdiyini və atəşin açılmadığını, habelə Rüfət Həşimovun xidməti “Makarov” konstruksiyalı tapançasını çıxarmaq istədiyini və Samir Şaydayevin döşəməyə yıxılaraq, onun ayaqlarını tutub saxlamağa çalışdığını görüb. Tapançanın arxası ilə üzünə bir dəfə zərbə endirib, öhdəsinə düşən rolunu tamamlamadan, hadisə yerindən çölə qaçıb.
Ruhlan İsmayılov isə odlu silahdan açdığı atəşlərlə Rüfət Həşimovu qəsdən öldürüb. Samir Şaydayevin yerdə hərəkətsiz qaldığını görüb, onu da qətlə yetirdiyini zənn edib. Atəş açdığı güllələr hipermarketin şüşələrinə, alıcılar üçün nəzərdə tutulmuş dolaba dəyib. Bankomatın qarşısında, döşəmə üzərində içərisində 16.835 manat və 20.100 dollar məbləğində pul olan çantanı götürüb, qaçıb. “Ford” markalı avtomobilə yaxınlaşıb, sürücü Namiq Qəhrəmanovun istiqamətində bir neçə dəfə atəş açıb. Güllələrdən biri avtomobilin sağ qabaq qanadına, digəri isə sağ qabaq qapısından girib, maşının daxilində sol metal gövdəyə dəyib. Namiq Qəhrəmanovun nəqliyyat vasitəsini cəld hərəkətə gətirib, hadisə yerindən kənarlaşdığına görən Ruhlan iradəsindən asılı olmayaraq Namiq Qəhrəmanovu qəsdən öldürməyə cəhd edib.
Ruhlan dayanacaqda saxladıqları “Opel” markalı avtomobillə, Dəyanət isə sifariş verdiyi taksi ilə “Koroğlu” metrostansiyasının yanına, ordan da istintaqa məlum olmayan “manatlıq” adlandırılan taksi ilə hadisə yerindən uzaqlaşıblar. Hadisədən sonra Dəyanət yaşadığı Binə qəsəbəsi, Südçülük sovxozunda yerləşən fərdi yaşayış evinə qayıdıb. Səbuhi Qurbanov sosial şəbəkələrdə hadisə barədə yayılmış məlumatlarla tanış olaraq bu barədə saat 14:37-də istifadəsində olan mobil nömrədən Dəyanətə zəng edərək məlumat verib. Plan üzrə gizlənmək və cinayətin izlərini gizlətmək məqsədi ilə ona kuryer işlədiyi Suraxanı rayonun Zığ şosesi ilə İlham Şükürov küçələrinin kəsişməsində yerləşən “Döneritto” restoranın qarşısına gəlməsini bildirib. Saat 14:58-də Dəyanət taksi sifariş verərək, əvvəllər tanımadığı Hüseyn Babayevin idarə etdiyi “Opel Astra” markalı avtomaşınla ora gəlib. Görüşüb törətdikləri basqın barədə sosial şəbəkələrdə yayılmış xəbərləri müzakirə ediblər. Dəyanət gödəkçəsinin altında gizlətdiyi tapançasını çıxarıb, göstərərək Səbuhiyə hadisə vaxtı həmin silahdan növbəti atəşin açılmadığını və gilizin onun içərisində qaldığını deyib. Tanışına gilizi çıxarmaq, sonra isə mobil telefonunu sındırıb, atmaq üçün onu kimsəsiz bir yerə aparmasını xahiş edib.
Təxminən 3 kilometr aralıda yerləşən “Tatar qəbiristanlığı” adlanan əraziyə gedərək, tapançanın içərisində ilişmiş gilizi çıxarmağa çalışsalar da, bunu bacarmayıblar. Daha sonra Səbuhinin istifadəsində olan mopedlə Qaraçuxur qəsəbəsinin 2-ci mədən küçəsinə gələrək, Dəyanət mobil telefonunu daş parçası ilə sındırıb. Ruhlan İsmayılov istifadəsində olmuş mobil telefonu məhv edib, cinayət barədə qabaqcadan məlumatı olmayan tanışı İsmayıl Hacızadədən müvəqqəti istifadə etmək üçün əldə etdiyi mobil telefonda saat 18:01-də “WhatsApp” proqramını aktivləşdirib. Səbuhiyə zəng edib, səhərisi gün saat 8-də onun yaşadığı ünvanın qarşısında Dəyanətlə birlikdə görüşməkləri barədə razılaşıblar. Saat 19 radələrində Dəyanət Qala qəsəbəsində, işlədiyi “Gesco” mühafizə şirkətinin inzibati binasına gedib, müəssisənin rəhbəri Şahin Məmmədova işdən çıxmaq istəyini bildirib. Şahin Məmmədov Dəyanətdən gödəkcəsinin altındakı əşyanın nə olması ilə maraqlanarkən, onun siqnal tapançası olduğunu deyib. Şahin Məmmədov şirkətin digər əməkdaşlarının köməkliyi ilə Dəyanəti tərksilah edib, saxlamaqla bu barədə polisə məlumat verib. Ruhlan “Whatsapp” proqramı vasitəsilə tanışı, cinsi azlıq nümayəndəsi İsmayıl Hacızadəyə zəng edərək, onun kirayədə yaşadığı Səbail rayonu, H.Z.Tağıyev küçəsi ev 19 mənzil 2-də ünvanında gecələmək mümkün olub - olmadığını soruşub. Tanışı etiraz etmədikdə, o, Suraxanı rayonu Zığ qəsəbəsində, Allahverdiyev küçəsi 47/3 ünvanında saxladığı silahları, döyüş sursatlarını, habelə cinayət yolu ilə əldə etdikləri pul vəsaitlərini götürüb, Azər Məmmədova zəng edib. Məmmədov istifadəsində olan “BMW X5” markalı avtomobillə Ruhlanın yaşadığı ünvanın qarşısına gəlib, onu İsmayıl Hacızadənin evinə aparıb. Həmin gün saat 21 radələrində keçirilmiş əməliyyat tədbiri zamanı Ruhlan İsmayılov polis əməkdaşları tərəfindən zərərsizləşdirilərək, məhv edilib.
İş üzrə dindirilmiş Dəyanət Qudrətov bildirib ki, o, 2023-cü il yanvarın 1-də hərbi xidmətdən qayıdıb. Ruhlan əvvəl Qala qəsəbəsində, son 3 il ərzində Zığ qəsəbəsində dostu İbrahimlə birlikdə kirayədə yaşayıb:
“Yanvar ayının ortalarında Ruhlan mənə Turqut adlı dostu ilə Qala qəsəbəsində yerləşən, 4 yol deyilən yerin yaxınlığında, marketdə quraşdırılmış bankomatda pul dəyişən inkassatorlara hücum etmək istədiklərini və tapançaları olduqlarını demişdi. Amma bir müddətdən sonra Ruhlan orda pul vəsaitinin az olmasını, Əhmədli qəsəbəsində yerləşən hipermarketin içindəki bankomatdan 300-400.000 manat götürə biləcəyimizi dedi. Hətta Ruhlan İbrahimə bu basqının nəticəsinə dair fala da baxdırıb və sonuncu “hər şeyin yaxşı olacağını” bildirib. Bizə 2-ci maşın lazım olacağını və bu məqsədlə tanışım “BMW” markalı avtomobili olan Azər Məmmədovu bu işə cəlb edəcəyimi söylədim. Hətta Azərlə birlikdə həmin hipermarketə marketə gedib, bankomatda pul olub-olmadığını yoxlamaq məqsədilə pul çıxartdım. Ruhlan “Opel” markalı avtomobilin ban və mühərrik nömrələrini laqonda aparatı ilə zədələdi. Fevralın 26-da maşını aparıb hipermarketin qarşısındakı dayanacaqda saxladıq. Hadisə gününə qədər, hər gün saat 11-dən 17-dək Ruhlanla birlikdə gedib, avtomobildə əyləşərək banka məxsus inkassator avtomaşının gəlib-getməsini müşahidə etdik. Plana əsasən, Ruhlan mühafizəçini, mən isə sürücünü öldürməli idim, kassiri isə qorxudub, pulları ələ keçirməli idik. Hadisə günü Ruhlan avtomatı çıxaranda mühafizəçi bunu gördü, bir anda başı ilə işarə edib qışqırdı ki, atəş açım. Mən dərhal sağ əlimlə tapançanı çıxarıb, birinci atəşi açdım. Lakin güllə ona dəymədi. Həmin vaxt xəzinədar yerə yıxılaraq, sol ayağımdan tutub dartmağa çalışdı. Mən də tapançanın qundağı ilə başından bir dəfə möhkəm zərbə vurdum. Bu zaman Ruhlan avtomatdan mühafizəçi və xəzinədara tərəf ardıcıl atəş açdı. Hadisədən sonra Ruhlana zəng etsəm də, dostum cavab vermədi. Evdə paltarlarımı dəyişəndən sonra Səbuhi Qurbanovun iş yerinə getdim. Səbuhi ilə orta məktəbdə bir yerdə oxumuşuq. Ordan qayıdanda həbs olundum”.
Məhkəmə iclasında Dəyanət Qudrətov hədə-qorxu altında bu cinayəti törətdiyi üçün özünü elan olunmuş ittiham üzrə təqsirli bilmir.
İbrahim İbrahimov da özünü elan olunmuş ittihamla təqsirli bilməyib. O bildirib ki, martın 4-də Ruhlan İsmayılov evə gələndən sonra, hipermarketə basqın olmasını öyrənib:
“30 dəqiqədən sonra Azər Məmmədov avtomobillə evimizin qabağına gəldi və Ruhlanı harasa apardı. Dostum evdən çıxanda üzərində çanta vardı, içərisində nə olduğunu görmədim. Bundan sonra Ruhlanı görmədim. Səbuhi Qurbanovun və Dəyanət Qüdrətovun adlarını Ruhlandan eşitmişəm”.
Azər Məmmədov və Səbuhi Qurbanov da ittihamlar üzrə özlərini təqsirli bilməyiblər. Azər Məmmədov qeyd edib ki, onun Ruhlan İsmayılovun törətdiyi silahlı basqından xəbəri olmayıb.
Rövşən İsmayılov ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərib ki, Ruhlan İsmayılovun atasıdır:
““Minta 37” markalı odlu silah bacım oğlu Babək İsgəndərova məxsusdur. Həmin silah ona babasından yadigar qalıb. 2022-ci ildə Babək tapançanı mənə göstərərək, təmir etdirib suvenir kimi saxlamaq istədiyini, Bakıda tanış usta tanıyıb-tanımadığımı soruşmuşdu. Belə bir usta tanımadığımı söyləyərək, silahı özünə verdim. Bu zaman yanımda dayanan oğlum Ruhlan Babəkə dedi ki, tapançanı təmir etdirə bilər. Oğluma etiraz etsəm də, Ruhlan məni dinləmədi və qohumu ilə birlikdə kənara çəkildi. Ruhlanın törətdiyi cinayətdən xəbərsiz olmuşam. Hadisə baş verdikdən sonra sosial şəbəkədələrdən bu barədə məlumat almışam. 102 xidmətinə zəng edərək adı hallanan şəxsin oğlum olduğunu bildirdim”.
Babək İsgəndərov ittiham üzrə özünü təqsirli bilməyərək, ifadəsində göstərib ki, 14 ilə yaxın “ANAMA” şirkətində işləyib:
“Dayım oğlu Ruhlan İsmayılovun törətdiyi cinayətdən xəbəri olmayıb. Tapança babamdan yadigar kimi qalıb. 1941-45-ci illərdə Böyük Vətən müharibəsindən qalan silahdır. Tapançanın pasının təmizlənməsi, yaxşı vəziyyətə salınmasını istəyirdim və bu barədə dayım Rövşən İsgəndərova danışdım. Bu zaman Ruhlan dedi ki, silahı düzəltdirə bilər. Bir müddətdən sonra telefonla danışanda dayım oğlu tapançanı hazır etdiyini, pasını təmizləyib qara rəngli boya ilə boyadığını bildirərək, fotoşəkilini mənə göndərdi. Mart ayında Ruhlan sözügedən cinayəti törədib. Bundan xəbərm olmayıb. Əən böyük səhvim silahı dayımoğluna vermək oldu”.
Zərərçəkmiş Namiq Qəhrəmanov ifadəsində göstərib ki, 2011-ci ildən Kommersiya Bankının Təhlükəsizlik şöbəsində inkassator sürücüsü işləyir:
“Vəzifəm inkassator heyətini hər gün şöbənin müdiri tərəfindən təyin olunmuş marşrut üzrə bankomatların quraşdırıldıqları müxtəlif ticarət mərkəzlərinə, mağazalara, apteklərə çatdırılmasını təmin etməkdən ibarətdir. Martın 4-ü saat 12-də Samir Şeydayev və Rüfət Həşimovla birlikdə Xətai rayonunda yerləşən hipermarketə gəldik. Təlimata uyğun olaraq, avtomobilin qapılarını kilidləyib, sükan arxasından düşmədən xəzinədarla mühafizəçinin qayıtmalarını gözləyirdim. Təxminən 5 dəqiqədən sonra marketin giriş qapısı tərəfdən ardıcıl atəş səsləri eşitdim. İçəridən çıxan şəxslər yaxın məsafədən maşına da atəş açdılar. Təqsirləndirilən şəxslərə ağır cəza verilməsini xahiş edirəm”.
Zərərçəkmiş Samir Şeydayev ifadəsində göstərib ki, martın 4-də hipermarketdə quraşdırılmış bankomata pul yükləyərkən, arxadan çox gur səs eşidib:
“Güllələrdən biri sağ qolumun altından girib, sol kürək nahiyəmdən çıxdı. Məni vuran şəxsi görmədim. 1 aya yaxın xəstəxanada müalicə aldım. Təqsirləndirilən şəxslərlə barışmamışam, onlara ən ağır cəza verilməsini xahiş edirəm”.
Zərərçəkmiş şəxs Rüfət Həşimovun hüquqi varisi Yarova Gülnarə Rahib qızı teleqramla müraciət edərək, məhkəmə iclasında iştirak etmək istəmədiyini, istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, təqsirləndirilən şəxslərə ömürlük cəza verilməsini xahiş edib.
Proses iştirakçılarının razılığı ilə zərərçəkmiş şəxsin hüquqi varisi Gülnarə Yarovanın ifadəsi elan olunub. Yazılanlara əsasən onun qardaşı Rüfət Həşimov uşaq vaxtlarından boks idman növü ilə məşğul olub, 2012-ci ildən 2020-ci ilə qədər idman karyeriyası ilə əlaqədar Almaniyada yaşayıb. Azərbaycana qayıdandan sonra Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Hərbiləşdirilmiş müdafiə idarəsində işləyib. Martın 4-də sosial şəbəkələrdə yayılan xəbərlərdən öyrənib ki, Əhmədli qəsəbəsində yerləşən hipermarketə basqın olunub. Naməlum şəxslərin açdığı atəşlərlə qardaşı ölüb, digər işçi isə yaralanıb.
Şahid İsmayıl Hacızadə bildirib ki, mərhum Ruhlan İsmayılovla sosial şəbəkədə tanış olub:
“Martın 4-də Ruhlan mənə zəng edərək, evimə gələcəyini dedi. Bir neçə saatdan sonra tanışım yanıma gəldi. Özü ilə gətirdiyi iri çantanın içərisinə baxanda silah, patronlar və pul olduğunu gördüm. Bundan 10-15 dəqiqə sonra qapı döyüldü. Düşündüm ki, qonşu qadındır. Dəhlizə tərəf gedəndə Ruhlan qapını açmamağımı dedi və digər otağa keçdi. Qapını açanda polis əməkdaşları məndən başqa evdə adam olub-olmamasını soruşdular. Polislər içəri daxil olan kimi Ruhlan məni arxadan itələyərək atəş açdı. Atışma başladı, özümü qorumaq üçün qapının arxasına keçdim, sonra pilləkənlərdən yerə yıxıldım. Sonradan bildim ki, atışma zamanı Ruhlan öldürülüb”
Çıxış edən Dəyanət Qüdrətovun vəkili müdafiə etdiyi şəxsə bəraət verilməsini istəyib. İbrahim İbrahimovun vəkili bildirib ki, müdafiə etdiyi şəxs törədilmiş cinayətdən xəbərsiz olub. Azər Məmmədovun vəkili bildirib ki, müdafiə etdiyi şəxsə verilən ittihamlar sübuta yetirilməyib. Rövşən İsmayılovun vəkili deyib ki, müdafiə etdiyi şəxs mərhum Ruhlan İsmayılovun atasıdır və onun törədilən cinayətə adiyyatı yoxdur. Babək İsgəndərovun vəkili, müdafiə etdiyi şəxsin barəsində bəraət hökmünün çıxarılmasını istəyib. Daha sonra təqsirləndirilən şəxslər son sözlərini söyləyiblər. Onlar günahsız olduqlarını və barələrində ədalətli hökm çıxarılmasını xahiş ediblər.
Məhkəmə nəticəyə gəlib ki, Dəyanət Qudrətovun, Azər Məmmədovun, İbrahim İbrahimovun, Səbuhi Qurbanovun əməlləri Cinayət Məcəlləsinin 120.2.1-ci (qrup halında qəsdən adam öldürmə), 120.2.3-cü (zərərçəkmiş şəxsi xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar qəsdən öldürmə), 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən öldürmə), 120.2.11-ci (quldurluqla əlaqədar qəsdən adam öldürmə), 29, 120.2.1, 2.4, 2.7, 2.11-ci (qrup halında, xüsusi amansızlıqla, quldurluqla əlaqədar, iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd), 181.3.2 və 3.3-cü (quldurluq, külli miqdarda əmlak əldə etmək məqsədi ilə və zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla törədildikdə), 186.2.2-ci (əmlakı qəsdən məhv etmə və ya zədələmə, ağır nəticələrə səbəb olduqda), 228.2.1 və 2.2-ci (qrup halında, təkrar qanunsuz odlu silah əldə etmə, saxlama və gəzdirmə), 229.2.1-ci (qanunsuz silah hazırlama, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 234.4.3-cü (satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama), Rövşən İsmayılovun və Babək İsgəndərovun əməlləri 228.2.1-ci ( bir qrup şəxs tərəfindən, qanunsuz odlu silah əldə etmə, saxlama və gəzdirmə) və 32.3, 229.2.1-ci (qanunsuz silah hazırlama qrup halında təşkil etmə) maddələri ilə düzgün tövsif edilib. Onlar həmin maddələrin sanksiyası həddində təqsirli bilinməli və cəzalandırılmalıdırlar.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Dəyanət Qudrətov ömürlük, Azər Məmmədov və İbrahim İbrahimov 19 il, Səbuhi Qurbanov 18 il 6 ay, Rövşən İsmayılov 4 il 11 ay 28 gün, Babək İsgəndərov 3 il 5 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzalarına məhkum olunublar. Rövşən İsmayılov və Babək İsgəndərov məhkəmə zalında həbs ediliblər.
Oxşar Xəbərlər:
"Bank of Baku"da inanılmaz kredit qalmaqalı -İSTİNTAQ NƏ DEYƏCƏK?
Ələkrəmə Kremlin pulunu bu deputat gətirmişdi – Polis rəisi
Əhməd Əhmədovun tükürpədici ifadəsi elan olundu – MƏHKƏMƏ İŞİ
Prezident əfv sərəncamı imzaladı – SİYAHI
Gənc qızın şok əməlləri: “Ərin başqa qadın yanına getməsin deyə…” – Təfərrüat