25 fevral 2023
324

Gənc qızın şok əməlləri: “Ərin başqa qadın yanına getməsin deyə…” – Təfərrüat

Ağdam rayonu sakini, 2001-ci il təvəllüdlü Sona (adlar şərti verilib -red.) “İnstagram” sosial şəbəkəsində “Xanimlar” adı ilə qeydiyyata alınan səhifədə özünü falçı kimi təqdim edib, şəbəkə istifadəçilərinə qarşı dələduzluq edib.
Yenimeydan.info teleqraf.com-a istinadən bildirir ki, o, dörd qadına qarşı dələduzluq edib.
İttihama görə, Sona “İnstagram” sosial şəbəkəsində tanış olduğu Nərminin etibarından sui-istifadə edib, ona vergi verildiyini, cadu, tilsim, dua və digər müxtəlif dini rituallar vasitəsilə hər bir problemi həll edə biləcəyini deyib. Nərminə yaşadığı mənzildə ağır neqativ enerjinin olduğu, gələcək işlərinin normal həll olunması üçün həmin neqativ enerjini cadu, tilsim, dua və digər müxtəlif dini rituallar vasitəsi ilə onun bədənindən, yaşadığı mənzildən çıxaracağını deyib.
Bu adla Nərmindən 1220 manat alıb. Eyni əməllərlə Ləmanı da aldadıb və onun 970 manatını mənimsıyib.
Bundan başqa, Sona “İnstagram”da “tebii_energy_ritual” adı ilə qeydiyyata alınan səhifədə tanış olduğu Aydana ona vergi verildiyini, cadu, tilsim, dua və digər müxtəlif dini rituallar vasitəsilə hər bir problemi həll edə biləcəyini söyləyib. Aydanın özündə və yaşadığı mənzildə ağır neqativ enerjinin olduğu, gələcək işlərinin normal həll olunması üçün həmin neqativ enerjinin cadu, tilsim, dua və digər müxtəlif dini rituallar vasitəsilə onun bədənindən, yaşadığı mənzildən çıxaracağına dair yalan vəd edib, ondan 870 manat alıb.
Daha sonra Sona “İnstagram”da Nəzrinlə tanış olub. Ona da eyni şeyləri deyib və 1700 manatını alıb.
Sona 23 sentyabr 2021-ci ildə aldadıldığını başa düşən və 1700 manat pulun qaytarılmasını tələb edən Nəzrini tələbindən çəkindirmək üçün özünün və ailə üzvlərinin şəkillərindən ibarət videomaterial hazırlayıb. Nəzrini rüsvayedici məlumatları “İnstagram” sosial şəbəkəsində “tebil_energy_ritual” səhifəsində paylaşmaqla hədələyib.
“Xristian deyiləm, sadəcə bu dinlə maraqlanmışam”
İstintaq orqanı tərəfindən Sonanın barəsində Cinayət Məcəlləsinin 178.2.2-ci (təkrar dələduzluqtörətmək) və 182.2.2-ci (təkrar hədə-qorxu yolu ilə tələb etmə) maddələri ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Sona ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O bildirib ki, “İnstagram” sosial şəbəkəsində saxta profili olub və “Xanimlar” adlı səhifədə Nərminlə tanış olub: “Həmin səhifədə hər kəs öz problemlərini bölüşürdü. Nərmin də öz problemini yazdı. Onun rəyinə baxıcı profillərimi etiketlədim.
Mən müxtəlif dinlərlə maraqlanmışam. Əmim Rusiyada yaşadığına və onun ailəsinin kilsədə şam yandırdığına görə məndə buna maraq oyandı. Arada Bakıda kilsəyə gedirdim. Bildirmək istəyirəm ki, xristian deyiləm, sadəcə bu dinlə maraqlanmışam.
Nərminə rəydə baxıcılara inanmamağı, gedib xristian kilsəsində şam yandırmağı bildirdim. Nərmin yoldaşının onu bayıra çıxmağa icazə vermədiyini yazdı, məndən şam almağımı xahiş etdi. Ona vaxtımın olmadığını bildirdim. Yenı şam almağımı xahiş etdi. “Baxaram” desəm də, məndən əl çəkmədiyinə görə razılaşdım”.
“Pula ehtiyac olmadığını bildirdim”
Təqsirləndirilən şəxsin sözlərinə görə, Nərmin ona telefonla zəng edib və şamları soruşub:
“Nərmindən “28 May” metrostansiyasına gəlməyi, orada şamları məndən götürməyi xahiş etdim. O, Bakını yaxşı tanımadığını, şamları “20 Yanvar” metrostansiyasında verməyimi istədi. Mən də razılaşıb onun dediyi yerə getdim. Lakin Nərmin metrostansiyadan bir az uzaq yerə gəlməyimi bildirdi. Görüşəndə şamı ona uzatdım. Nərmin orada adamın çox olduğunu, bir az kənara keçməyi dedi.
Bir az irəli keçdim, şamı verəndə Nərmin mənə pul uzatdı. Mən pula ehtiyac olmadığını bildirdim. Bu zaman 3 nəfər mülki geyimdə olan polis əməkdaşı məni maşına oturdu və Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin binasına apardılar”.
“Dedilər ki, çox kasıbsan, get 5000 manat da gətir”
Təqsirləndirilən şəxs deyib ki, nəyə görə saxlanıldığını soruşduqda, ona bir söz deməyiblər: “Binada olarkən yenidən nəyə görə saxlanıldığımı soruşdum. Barəmdə şikayət olduğu bildirildi. Şikayətin nə ilə bağlı olduğunu soruşdum. Mənə bir söz demədilər.
Bir neçə saat oturduqdan sonra məndən getmək istəyib-istəməməyimi soruşdular. Getmək istədiyimi deyəndə yüksək məbləğdə pul istədilər. Mən hələ də şikayətin məzmunu və kim tərəfindən olduğunu bilmirdim.
Yoxa çıxdığıma görə atam polis bölməsinə müraciət etmiş və şəhər kameralarından baxaraq maşının nömrəsi müəyyənləşdirilmişdi. Məlum olmuşdu ki, nömrə saxtadır, maşın Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə məxsusdur.
Daha sonra idarəyə gələn atamı qapıdan buraxmadılar. Həmin şəxsin atam olduğunu bildikdə telefonla məni yığdırdılar, pul istədiklərini atama dedim. İlkin olaraq məndən 20000 manat istəyirdilər. Bu qədər pulumun olmadığını söyləyəndə 10000 manatla razılaşdılar. Atam 5000 manat pul taparaq gətirdi.
Atama dedilər ki, görürəm çox kasıbsan, get 5000 manat da gətir, qızını buraxaq. Atam həmin gün qalan 5000 manatı da verəndən sonra məni buraxdılar”.
“Başımızın ağrıyacağını bildirdilər”
Sona qeyd edib ki, onu həbsdən azad etsələr də, məsələ bağlanmayıb: “Atam həmin pulları borca götürdüyünə görə borclu olduğumuz şəxslər bizdən pullarını tələb etməyə, bizi sıxışdırmağa başladılar. Atam borcları qaytarmaq məqsədilə banka müraciət etsə də, ona kredit verilmədi. Bildirmək istəyirəm ki, zərərçəkmiş kimi qeyd olunan şəxslərdən pul almamışam. Borclu olduğumuz şəxslərlə bizim əlaqəmiz yoxdur. Yəni, barəmdə cinayət işinin açılmasına səbəb atamın aldığı borcları qaytara bilməməsi olub.
Anladım ki, borclarımı ödəyə bilməyəcək, yenə polisə düşəcəm. Buna görə də Prezidentə məktub ünvanladım, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin bizdən pul aldığını bildirdim.
Məktublarımdan sonra bizə Daxili İşlər Nazirliyinindən və Baş Prokurorluqdan zənglər gəldi. Pulun geri qaytarılacağı bildirildi.
Daha sonra bizə Qabil adlı şəxsdən zənglər gəlməyə başladı. O, bizi hədələdi və “Banditizm”ə gəlməli olduğumu dedi. Səbəbini soruşdum, o da tələbini təkrarladı. Bizə Daxili İşlər Nazirliyi və Baş Prokurorluqdan zənglər gəldiyini, pulların qaytarılacağına söz verdiklərini bildirdik.
Bundan sonra atama 2-ci polis bölməsindən zəng gəldi. Məndən şikayət olduğunu, bölməyə getməli olduğumu dedilər.
Atam şikayətin nədən olduğunu soruşdu. Maşınla kimisə vurduğumu dedilər. Atam polis bölməsinə getdi və orada ona bildirdilər ki, qızına de, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə getsin.
Yenidən şikayətimizi poçtla göndərmək istəyəndə, Qabil adlı şəxs bu dəfə bizi ailəlikcə “Banditizm”ə apardı. Bizdən şikayəti geri götürməyimizi tələb etdilər. Əks halda başımızın ağrıyacağını bildirdilər. Borclu olduğumuz şəxslərin bizi sıxışdırdıqlarını desək də, bizdən şikayəti geri çəkməyimizi tələb etdilər. İzahatımızı aldılar, lakin bu dəfə telefonumu qaytarmadılar”.
“Baxıcı axtarışına başladım”
Cinayət iş üzrə ifadə verən Ləmanın sözlərinə görə, 2017-ci ildən 2021-ci ilin əvvəllərinə kimi Ramillə qeyri-rəsmi nikah münasibətində olub: “Ramillə münasibətlərimiz səbəbsiz pisləşdi. Dəfələrlə Ramillə yaxşılaşdırmaq istəsəm də, nəticə olmadı. Eşitdim ki, belə münasibətləri falçının əliylə yaxşılaşdırmaq olar. Ona görə də falçı axtardım, “İnstagram” sosial şəbəkəsində baxıcı axtarışına başladım”.
Zərərçəkmiş qeyd edib ki, 2021-ci il aprelin əvvəllərində “İnstagram” sosial şəbəkəsində Sona adlı şəxslə tanış olub:
“Öncə onunla “İnstagram” sosial şəbəkəsində əlaqə saxladım, məsələni danışdım. Sona bundan sonra mənimlə vatsapda ani mesajlaşma proqramı ilə əlaqə yaratdı. Ramillə aramdakı bütün olanları ona danışdım. Sona baxmaq üçün 20 manat ödəniş etmək lazım olduğunu bildirdi. Aramızdakı bütün söhbətlər və proseslər, o cümlədən ödəmələr onlayn qaydada oldu.
Aprelin 23-də Sumqayıt şəhərində Sonanın kart hesabına 20 manat köçürdüm. Sonra o, Ramillə aramda olan münasibətləri yaxşılaşdırmaq üçün 850 manat pul müqabilində müəyyən prosedurları həyata keçirəcəyini bildirdi. Mən də razılaşdım. İki gün sonra Sona qiymətin 850 manat yox, 950 olacağını dedi. Yenə də razılaşdım. Aprelin 26-da onun kartına 950 manat köçürdüm”.
“Başa düşdüm ki, məni aldadıb”
Ləman bildirib ki, 3-4 gün sonra Sona ona taksi sürücüsü ilə “Elmlər Akademiyası” metrostansiyasının yaxınlığına sarı rəngli şam göndərib: “Sürücü şamı mənə verəndə Sona tərəfindən göndərildiyini bildirdi. Sona ilə əlaqə saxladım, nə etməli olduğumu soruşdum. O, gecə saat 00.00-da şamı yandırmağı, axıra kimi söndürməməyi tapşırdı.
Şamı video-görüntüyə aldım və Sonaya göndərdim. Sona bir neçə dua dedi ki, həmin duaları şam yana-yana oxuyum. Elə də etdim. Beləcə bir neçə prosesi mənə izah elədi. Buna baxmayaraq Ramillə münasibətim düzəlmədi. Sona isə zənglərimə, mesajlarıma cavab vermədi. Başa düşdüm ki, Sona falçılıq adı ilə məni aldadıb”.
“Fala baxdırmaq istədiyimi yazdım”
Zərərçəkmiş şəxs qismində ifadə verən Aydanın sözlərinə görə, 2021-ci ilin aprelində “İnstagram” sosial şəbəkəsində “Tebii_energy_ritual” profil hesabı ilə rastlaşıb və həmin səhifə onun diqqətini çəkib: “Səhifədə Sona adlı qadın kişinin başqa qadınların yanına getməməsi, öz həyat yoldaşına bağlanması üçün müxtəlif daşdan, əşyadan istifadə edərək cadu eləməyi bacardığını bildirdi.
Həyat yoldaşımın başqa qadınların yanına getməməsi, mənə daha çox bağlı olması üçün Sonaya müraciət etdim. Öncə “İnstagram” sosial şəbəkəsində əlaqə saxladım, fala baxdırmaq istədiyimi yazdım. Sona mənə vatsapda ani mesajlaşma proqramı vasitəsi ilə əlaqə yaratmağımı xahiş etdi.
Ona vatsapda yoldaşımla aramda olanları danışdım. Sona baxmaq üçün 20 manat ödəniş lazım olduğunu bildirdi. Sonra yoldaşımla aramda olan münasibətləri möhkəmləndirmək üçün 850 manat müqabilində müəyyən prosedurları həyata keçirəcəyini bildirdi. Dediyi məbləği ona göndərdim”.
“Duaları yanan şama oxudum…”
Zərərçəkmiş şəxs qeyd edib ki, Sona 3-4 gün sonra taksi sürücüsü ilə ona 3 ədəd rəngli, iplə dolanmış, üzəri yazılı şam göndərib: “Sona ilə əlaqə saxladım, nə etməli olduğumu soruşdum, gecə saat 23.00-da hər 3 şamı yandırmalı olduğumu dedi.
Axşam əlaqə saxlayaraq, şamları yandırmaq istəsəm də, bu baş tutmadl. Ertəsi gün Sonanın göstərişi ilə ağ sap, sirkə məhlulu və falqa kağız aldım. Sona vatsapda 4 dua atdı. Dedi ki, sapı şama bağlayım, duaları şam yanılı olan zaman oxuyum, həmin şam sona kimi yanaraq falqa kağızın üzərinə tökülsün. Sonra hiss elədim ki, Sona məni aldadır”.
Aydan bildirib ki, Sona qara magiya ilə fala baxıb, “İnstagram” sosial şəbəkəsində canlı yayıma çıxıb: “Onunla görüntülü də danışmışam, anam da yanımda olub. Deyirdi ki, pulu karta at, çeki at, falına baxım. Onun falıma baxıb, yoldaşımın gəzdiyini, mənə xəyanət etdiyini dedi. İlk dəfə 1000 manat vermək lazım olduğunu, sonra hamilə olduğum üçün endirim etdiyini bildirdi.
Ona əməl etmədiyim təqdirdə, işlərimin daha da pisləşəcəyini dedi. Mən də qorxdum. Pulumu geri istəyəndə məni təhqir etdi, söyüş söyməyə başladı”.
“Ərimlə barışdıracağını bildirdi”
Zərərçəkmiş Nəzrinin sözlərinə görə, 2021-ci ilin sentyabrın əvvəllərində qarşısına “İnstagram” sosial şəbəkəsində təsadüfən “tebii_energy_ritual” səhifəsi çıxıb:
“Həmin səhifədə olan paylaşımlarda fala baxmaq və dua ilə ağırlıq götürmək, eləcə də digər xidmətlər təklif olundu. Mən də üzərimdə olan mənfi auranı götürmək üçün həmin profilə müraciət etdim. Həmin vaxt ərimdən ayrıldığım üçün əsəb və stress içində idim.
Səhifənin təqdim etdiyi vatsap sosial şəbəkəsi vasitəsi ilə yazışmağa başladım. Özünü Sona kimi təqdim edən şəxs danışıq zamanı mənə şam verəcəyini,şamı yandırdıqdan sonra üzərimdən ağırlıq qalxacağını, ərimlə barışacağımı bildirdi. Bunun müqabilində ilkin olaraq 1900 manat istədi. Sonradan guya mənə endirim edərək 1700 manata razılaşdıq.
Sona özümün və ərimin şəkillərini istədi. Şəkillər əsasında şama dua oxuyacaq, şamı öz energetikası ilə dolduracaqdı. Özümdə o qədər pul olmadığından rəfiqələrimdən borc aldım və sentyabrın 14-də Sonanın kart hesabına 1700 manat köçürdüm.
Sona şamı özü mənə çatdıracağını bildirsə də, səhəri gün özü gəlmədi, şamı başqa taksi maşını ilə göndərdi. Yaşadığım evin yaxınlığında taksi maşını ilə görüşdüm, şamı ondan götürdüm”.
“Fırıldaqçılar” səhifəsinə şikayət etdim”
Nəzrin qeyd edib ki, şamı götürdükdən sonra evə gedib və Sona ilə əlaqə saxlayıb: “Mənə müxtəlif məzmunlu və başqa dillərdə olan mətnlər göndərdi ki, şamı yandıraraq bu duaları oxuyum. Sonanın dediyi kimi şamı yandırdım, duaları oxudum. Hər gün Sona ilə əlaqə saxladım, hər dəfə ərimlə münasibətlərimin düzələcəyini vəd verdi.
Təxminən 20 gün sonra Sona tərəfindən aldanıldığımı başa düşdüm və ondan pulumu tələb etdim. Lakin o, pulu verməkdən imtina etdi, məni daha da pis cadu və əməllər edəcəyi ilə hədələməyə başladı.
Səbail rayon Polis İdarəsinin 39-cü polis bölməsinə şikayət etdim. Bundan sonra Sona ərimlə olan şəkillərimi öz “İnstagram” səhifəsində paylaşaraq ünvanıma xoşagəlməz ifadələr yazdı. Sonaya şikayətimi geri götürəcəyimi dedim, o da şəkilləri səhifəsindən yığışdırdı. Lakin pulumu hələ də qaytarmadığı üçün onun səhifəsindən “İnstaqram” sosial şəbəkəsində olan “Fırıldaqçılar” səhifəsinə şikayət etdim, “tebii_energy_ritual” səhifəsinin dələduzluqla məşğul olduğunu bildirdim.
Sona təkrar ərimlə olan şəkillərimi öz “İnstagram” səhifəsində paylaşaraq ünvanıma xoşagəlməz ifadələr yazdı”.
“Şər qüvvələri uzaqlaşdıracağını dedi”
Zərərçəkmiş Nərminin sözlərinə görə, 2021-ci ilin əvvəllərində işləri qaydasında getməyib, ailə problemləri olub: “Təsadüfən “İnstagram” sosial şəbəkəsində “Təbii_energi_ritual” profil hesabına baxdıqda, orada özünü ekstrasens-baxıcı kimi təqdim edən Sona adlı şəxs məndə maraq oyatdı. Sonanın profildə qeyd olunmuş telefon nömrəsinə zəng etdim mənə şamlarla fala baxdığını dedi.
Sonadan falıma baxmağı xahiş etdim, bunun üçün ilkin olaraq 20 manat ödəniş etməli olduğumu bildirdi. Onun bank hesab nömrəsinə Sumqayıt şəhərində 20 manat göndərdim. Sona məndən şəklimi vatsap vasitəsi ilə göndərməyimi tapşırdı.
O, mənə ailə, şəxsi və iş həyatımda böyük problemlərlə üzləşəcəyimi, oğlumun öləcəyini, cadu olunduğunu, üstümdə ağırlıq olduğunu yazdı. 500 manat verməsəm, bütün bunların baş verəcəyini, mənə heç bir köməklik edə bilməyəcəyini dedi. Sonadan necə köməklik edə biləcəyini soruşdum. Mənə şamlar alaraq rituallar keçirəcəyini, özündə olan xüsusi enerji ilə şər qüvvələri məndən uzaqlaşdıracağını dedi. Qorxduğumdan aldadıldığımı hiss etmədim. Yalnız həmin pulu tapmağı fikirləşdim.
500 manatı tapdıqdan sonra həmin ərəfədə Sona ilə “20 Yanvar” metrostansiyasının yaxınlığında görüşdük. Həmin pulu ona verdim”.
“Peşman edəcəyini dedi”
Zərərçəkmişin sözlərinə görə, Sona ondan 500 manatı aldığı günün ertəsi bu pula ona köməklik edəcəyini, lakin oğlunu ölümdən qurtara bilməyəcəyini deyib: “Oğlumun ölümünə 1 ay vaxt qaldığını və tez vaxtda məni şər qüvvələrdən qorumalı olduğunu bildirdi. Bunun üçün nə etməli olduğumu soruşdum, 700 manat istədi. Qorxduğum üçün 700 manatı tapdım və fevral ayının ortalarında birinci dəfəki yerdə pulu Sonaya verdim.
Sonanın yanında təxminən 20 yaşlı qız uşağı da vardı. Pulu alandan sonra 1 həftə ondan xəbər çıxmadı. Sonradan aldadıldığımı başa düşdüm və Sonaya verdiyim 1220 manatımı geri tələb etdim. Sona isə mənə hədə-qorxular gəlməyə başladı. Pulu ondan istəyəcəyim təqdirdə magiya ilə məni, ailəmi peşman edəcəyini dedi”.
Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb.
Sona 2 il 8 ay 4 gün müddət azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunub.
Təqsirləndirilən şəxsin üzərinə Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulub.