07 aprel 2024
44

Sülh üçün yalnız bu iki məsələdə razılaşmırıq - Mirzoyan

Sülh üçün yalnız bu iki məsələdə razılaşmırıq
Sülh müqaviləsinin imzalanması ilə bağlı danışıqlar zamanı biz artıq bir sıra qarşılıqlı razılaşmalara nail olmuşuq, lakin təəssüflər olsun ki, iki əsas məsələ var ki, onlar haqqında tərəflərin fikirləri hələ də bir-birindən uzaqdır.

Axar.az xəbər verir ki, bu sözləri Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan yerli televiziyaya müsahibəsində sülh müqaviləsi barədə danışarkən deyib.

“Bizim Cənubi Qafqazda uzunmüddətli sülhün bərqərar olması üçün həqiqətən tarixi imkanımız var. Ermənistan sülh gündəminə sadiqdir və danışıqlarda bütün məsələlərə konstruktiv yanaşır. Sülh müqaviləsinin imzalanması ilə bağlı danışıqlar zamanı biz artıq bir sıra qarşılıqlı razılaşmalara nail olmuşuq, lakin təəssüflər olsun ki, iki əsas məsələ var ki, onlar haqqında tərəflərin fikirləri hələ də bir-birindən uzaqdır.

Birincisi, ərazi bütövlüyünün qarşılıqlı tanınması və sonrakı delimitasiya prosesinə aiddir. Ən azı 3-4 dəfə görüş oldu ki, orada tərəflər Almatı Bəyannaməsi əsasında bir-birinin ərazi bütövlüyünün tanınmasını təsdiqlədilər və delimitasiya prosesinin bu əsasda baş tutmasını razılaşdırdıq. Dövlət katibi Blinkenlə telefon danışığı zamanı Azərbaycanın da bu bəyannaməyə sadiqliyi təsdiqləndi və mənə də qəribədir ki, biz sülh müqaviləsində bu bəyannaməyə istinad etməyə çalışanda Azərbaycanın istəksizliyini görürük. Ümid edirəm ki, yaxın gələcəkdə biz bu məsələdə daha dərin anlaşma əldə edə biləcəyik. İkinci əsas məqam infrastrukturun açılmasıdır”.

Demarkasiya və delimitasiya ilə bağlı işlərə gəlincə, Mirzoyan bildirib ki, bu, ayrıca prosesdir, işçi görüşlər keçirilib və hazırda onların müzakirəsi üçün bir neçə variant var, ola bilsin ki, yaxın vaxtlarda irəliləyiş əldə olunsun.

Qeyd edək ki, Ermənistan Almatı Bəyannaməsini öz maraqlarına uyğun istismar etməyə çalışır. Məsələ burasındadır ki, Almatı Bəyannaməsinə istinad edən tərəf Azərbaycan kəndlərinin işğalını dərhal dayandırmalı və 8 kəndin geri verilməsində tərəddüd etməməlidir. Ermənistan isə prosesi “xalqla məsləhətləşmək” adı ilə yubadır.

Digər tərəfdən, Almatı Bəyannaməsinin təsdiqlənməsi ilə paralel olaraq sərhədlərin hansı xəritələrlə delimitasiya və demarkasiya ediləcəyi də həll olunmalıdır. Ermənistan Azərbaycandan ələ keçirdiyi torpaqları özündə saxlamaq üçün Almatı Bəyannaməsi – 1991-ci il sərhədlərini önə çıxarır.

O ki qaldı nəqliyyatın blokdan çıxarılmasına, Ermənistan öhdəliyindən imtina edərək, Azərbaycanın qərb rayonları ilə Naxçıvanı birləşdirəcək və Azərbaycan vətəndaşları və yüklərinin maneəsiz keçidini təmin etməməkdə israr edir.