10 yanvar 2024
228
“Qarabağ Səyyar İnşaat” MMC-nin direktoru ŞOK FAKTLARI AÇIQLADI..
Məhbus, Tərtər rayonunda anadan olmuş, “Qarabağ” Səyyar İnşaat” MMC-nin təsisçisi və direktoru Səlimov Telman Ağalar oğlu 7 saylı cəza çəkmə müəssisəsindən “Təzadlar”a bir neçə dəfədir zəng edərək başına gətirilmiş olaylardan danışır... Biz ondan telefonla geniş müsahibə götürdük. Sonra xahiş etdik ki, bu barədə əl xətti ilə ərizə yazaraq redaksiyaya göndərsin. Eləcə də söylədiklərini sübut edən rəsmi sənədləri və məhkəmə hökmünü də bizə göndərsin.
T.Səlimovun səlahiyyətli nümayəndəsi həm onun əl xətti ilə redaksiyanın adına yazdığı ərizəsini, həm də müvafiq sənədlər qovluğunu (hamısı əslidir) təqdim etdi. “Təzadlar”ın Araşdırma Qrupu sənədləri öyrənərək T.Səlimovun ərizəsi ilə eyni olan müsahibəsini kiçik ixtisarla təqdim edir.
Xatırladırıq ərizə Prezident İlham Əliyevə, ədliyyə naziri Fikrət Məmmədova, Baş Prokuror Kamran Əliyevə və “Təzadlar” qəzeti redaksiyasına ünvanlıdır.
Beləliklə, ərizədə yazılır:
"Çox Hörmətli cənab Prezident!
Hörmətli cənablar!
Hörmətli redaksiya!
Mən hazırda 7 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən, torpaqlarımızın erməni işğalından qorunmasında fəallıq göstərən iş adamı, Tərtər rayonunun Borsulu kəndinin sakini Səlimov Telman Ağalaroğluna qarşı olan qanunsuzluq, ədalətsizlik və qərəzliliklərlə bağlı Sizə müraciət edirəm.
Mən uzun illər ermənilərin iqtisadi-siyasi və hərbi təcavüzü altında yaşayan Tərtər rayonunun Borsulu kəndindəki sahibkarlıq fəaliyyətini dayandıraraq, 2006-cı ilin əvvəllərində tələbə yoldaşım, əslən Kəlbəcərdən olan Hüseynov Şakir Hüseyn oğlunun təkrar dəvəti və təkidi ilə Bakı şəhərinə gələrək hüquqi şəxs olan “Qarabağ Səyyar İnşaat” MMC-nin direktoru kimi onunla müqavilə bağladım. Sonra Sumqayıt şəhərində iki ünvanda hündürmərtəbəli, çoxmənzilli yaşayış binalarının tikinti işlərinin yerinə yetirilməsini öz üzərimə götürdüm. Lakin Fövqəladə Hallar Nazirliyinin vəzifəli şəxslərinin qanuni tapşırıqlarına və tövsiyyələrinə Şakir Hüseynov tərəfindən əməl edilmədiyi üçün bizə qarşı süni problemlər yaradıldı. Belə ki, FHN bizi məhkəməyə verərək tikintini dayandırmağı tələb etdi. Məhkəmələr Fövqəladə Hallar Nazirliyinin iddiası əsasında Sumqayıt şəhərində tərəfimizdən inşa edilmiş çoxmərtəbəli, 3 girişli 14 mərtəbəli binaların qüsurlarının aradan qaldırılması, mümkün olmayan hissələrdə isə sökülməsi barədə qanunsuz və əsassız hesab edilən qətnamə çıxartdı. Eyni zamanda, 2007-ci ildə Baş Prokurorluq Şakir Hüseynova, mənə və digər üç nəfərə qarşı cinayət məcəlləsinin 178-ci, 306-cı, 308-ci və 213-cü maddələri ilə cinayət işi açaraq, barəmizdə həbs qətimkan tədbiri seçildi. Bu səbəbdən də 2007-ci ilin avqust ayından etibarən tikinti işləri dayandırıldı... Və Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 25 iyun 2009-cu il tarixli hökmünə əsasən Şakir Hüseynov, mən- hüquqi şəxsin direktoru Telman Səlimov və digər üç nəfər müxtəlif müddətlərə azadlıqdan məhrumetmə cəzalarına məhkum edildik. Sonra həmin cəzalar Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 5 il sınaq müddətilə şərti hesab edildi, üzərimizə payçılara yenidən mənzillər tikib vermə öhdəliyi qoyuldu. Məsələn, həmin hökmlə mənim və Şakir Hüseynovun üzərinə maddi məsul şəxs kimi zərərçəkmiş şəxs qismində tanınan 119 nəfər Bakı və Sumqayıt şəhərlərində müqavilə şərtlərinə uyğun olaraq müxtəlif ölçülərə malik mənzil və qeyri-mənzil sahəsi tikib təhvil vermək vəzifəsi qoyuldu. Eləcə də həmin hökmlə Şakir Hüseynovla mənim üzərimə dövlətə vergi borcu olaraq 2 milyon 6541 manat vergi borcunu ödəmək öhdəçiliyi də qoyuldu. Bakı Apellyasiya Məhkəməsinin 20 noyabr 2009-cu il tarixli qərarına əsasən isə, birinci instansiya məhkəməsinin 25 iyun 2009-cu il tarixli hökmü Şakir Hüseynov barəsində dəyişdirildi. Ona 11 il müddətinə azadlıqdan məhrum etmə qəti cəzası təyin edildi. Həmçinin Ş.Hüseynovun üzərindən zərərçəkmiş şəxslərə mənzil tikmək vəzifəsi öhdəliyi götürüldü. Bununla da müvafiq məhkəmələr tərəfindən çıxarılmış hökm və qərar nəticəsində Şakir Hüseynovun üzərindən mənzillərin tikib vermək vəzifəsi götürüldü və həmin vəzifə hüquqi şəxsin rəhbəri və maddi məsul şəxs olaraq mənim üzərimdə saxlanıldı. Məhkəmə tərəfindən çıxarılmış hökmün icrası, habelə Fövqəladə Hallar Nazirliyi tərəfindən 2006-2007-ci illərdə Bakı və Sumqayıt şəhərlərində bizə məxsus olan tikintilərdə aparılan yoxlamalar nəticəsi zamanı aşkar olunmuş nöqsanlar, yük daşıyan konstruksiyalardakı zəifliklər, binalarda zəlzələyə qarşı səthik diaqformalarının yerinə qoyulması məqsədilə şəxsən mənim tərəfimdən müvafiq qaydada tərtib olunmuş layihələr ekspertizadan keçirilərək, həmin layihələr əsasında binalarda gücləndirmə, bərpa və tikinti-quraşdırma işləri aparıldı.
Yerinə yetirilmiş tikinti-quraşdırma işlərinin keyfiyyətini yoxlatdırmaq məqsədilə mütəmadi olaraq Bakı və Sumqayıt şəhər İcra Hakimiyyətlərinə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, Fövqəladə Hallar Nazirliyinə, Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliklərinə və digər tikintiyə nəzarət dövlət orqanlarına müraciətlər göndərərək yerinə yetirilmiş müayinə və ekpertiza işlərinin dəyərini, xidmət haqlarını ödədim (Bütün rəsmi sənədlər təqdim olunur). Tikinti sahələrində tikinti-quraşdırma işlərindəki bir sıra problemlərlə yanaşı, Şakir Hüseynovun balaca qardaşı Vidadi Hüsynovun, oğlu Tural Hüseynovun, eləcə də bacısı oğlanları Elnur və Əlnur Bayramovlardan və digər qohumlarından ibarət dəstə tərəfindən mənə bir çox problemlər yaradılaraq sahibliyimdə, istifadəmdə və mülkiyyətimdə olan tikinti sahələrini qanunsuz olaraq ələ keçirməyə çalışırdılar.
Cənab Prezident!
Hörmətli cənablar!
Onlar dəfələrlə şantaj xarakterli şayiələr yayaraq, tikinti sahələrində yerləşən ofislərdən sənədləri, tikinti materiallarını, şəxsi əşyaları, çertyojları oğurlayaraq, işimizi pozmağa çalışırdılar. Onların havadarlarının və vəkillərinin bu sayaq hərəkətləri sayəsində Sumqayıt şəhər İcra Hakimiyyəti və Bələdiyyəsinin, bundan əlavə olaraq Sumqayıt şəhər İcra Hakimiyyəti və Bələdiyyəsinin iddiası əsasında Sumqayıt şəhər Məhkəməsi 30 iyun 2011-ci il tarixdə çıxardığı qətnamə əsasında şəhərin Köhnə Avtovağzal rayonu, 36-cı məhəllə ünvanında tərəfimizdən bünövrəsi 2007-ci ilin yanvar ayında qoyulmuş və 3 mərtəbəsi monolit olaraq quraşdırılmış, 17 mərtəbəli binanın sökülməsini təmin edərək rəhbəri olduğum hüquqi şəxsə milyonlarla manat məbləğində zərər vuruldu.
Həbsxanada cəza çəkən Şakir Hüseynov 21 iyun 2016-cı il tarixdə cəzasını çəkdiyi 2 saylı cəzaçəkmə müəssisəsində ürəktutma xəstəliyindən cəzasının 9 ilinin tamamında qəflətən vəfat etdi. Bunun ardınca 24 oktyabr 2009-cu il tarixdə 300 min manat müqabilində iş adamı Xanbəy Zamanovun öldürülərək, maşınında yandırılması cinayəti baş verdi. İş üzrə Vidadi Hüseynov, Tural Hüseynov, Elnur Bayramov və digərləri istintaqda dindirildi, ifadələri alındı (qərarın surətini təqdim edirəm). Bundan sonra bu şəxslər mənə və rəhbəri olduğum hüquqi şəxsə qarşı qanunsuz əməlləri törətməyə başladılar. Belə ki, Sumqayıt şəhər Prokurorluğunda 05 iyul 2016-ci il tarixdə, yəni Şakir Hüseynovun vəfatından bir ay keçməmiş Azərbaycan Cinayət Məcəlləsinin 178, 302 və 313-cü maddələrilə təqsirləndirilərək mənə qarşı absurd cinayət işi açıldı. Sumqayıt şəhər Məhkəməsinin 06 iyul 2017-ci il tarixli hökmünə əsasən Vidadi Hüseynov və Tural Hüseynovların və həmin işdə zərərçəkmiş şəxs qismində tanınan zərərçəkmiş bir şəxsin hüquqi əsassız ifadələrinə əsasən məhkəmə barəmdə yeni ittiham hökmü çıxardı və mənə təyin olunmuş cəzaya 3 il şərti sınaq müddətli cəza tətbiq edildi. Onlar məhkəmənin bu hökmü ilə razılaşmayaraq sahibliyimdə, istifadəmdə və mülkiyyətimdə olan tikinti sahələrini hədə-qorxu gəlməklə ələ keçirmək yolu ilə 30-31 iyul 2018-ci il tarixdə, gecə saat 23:00 radələrində üzərimə hücum çəkərək üzümə xəsarətlər yetirməyə çalışaraq yaşadığım otağı və ofisi dağıtdılar. Mən dərhal Vidadi Hüseynovun, Tural Hüseynovun, Əlnur Bayramovun qanunsuz hərəkətləri barədə Sumqayıt şəhər Prokurorluğuna müraciət etdim və bu hadisənin araşdırılmasını xahiş etdim. Sumqayıt şəhər Prokurorluğunun rəhbərliyi, başda sabiq prokuror Sərdar İmanov olmaqla, öz vəzifə borclarına laqeydcəsinə yanaşaraq, etinasızlıqla və prokurorluq işçilərinin andını unudaraq, Azərbaycan Respublikası Prokurorluğu işçilərinin etik davranış kodeksinin məqsədlərini, tərəflərini, davranış qaydalarını, məsuliyyətlərini kobud şəkildə pozdu. Bu hadisədən 2 ay sonra həmin dəstə üzvləri Baş Prokurorluq Yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsinə yol tapdılar, mənə qarşı 5 epizod üzrə Cinayət Məcəlləsinin 178-ci maddəsilə cinayət işinin açılmasına nail oldular. Mən onların göstərişi, sifarişi əsasında 20 oktyabr 2018-ci il tarixdə həbs edildim. Sonradan mənə məlum oldu ki, onlar Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsinin müstəntiqi Asim Yusifovla, həmin idarənin İstintaq İdarəsinin rəisi Nemət Əvəzovla razılaşaraq, həbs edildiyimdən əvvəl mənə məxsus “Qarabağ- Səyyar İnşaat” MMC-nin möhür və ştampını qanunsuz olaraq götürtdürmüşlər və cinayət işinin materiallarına əlavə ediblər.
6 may 2022-ci il tarixə kimi həmin idarə mənə qarşı olan müddətdə 7 hökmün toplanması ilə 14 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməyimə nail oldu. Rəhbəri olduğum hüquqi şəxsin istifadəsində və sahibliyində olan tikinti obyektlərini, əmlaklarını, bank mühasibatı sənədlərini qanunsuz yolla ələ keçirərək mənim- hüquqi şəxsin rəhbəri kimi, vəzifəli şəxs kimi, şəxsən özümü, üzvlərimizin, payçılarımızın maddi- prosessual hüquqlarına ağır zərbə vurmuşlar. Tikinti işlərində bizə yaxından kömək duran payçılarımız var, hansı kı, onlar da bu günləri həmin hüquqların bərpa olması ilə bağlı çox yerə müraciətlər ediblər. Onlardan- İldırım Əsgərov Qasım oğlu, Heydərov Vidadi, Əsgərov Elxan və digərlərini misal çəkmək olar. Onların da hüquqları pozulmuşdur. Mənimlə bağlı 7 cinayət işinin hamısında həm ibtidai araşdırma orqanı olan Baş Prokurorluq və Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsi, həm də Bakı və Gəncə Ağır Cinayətlər Məhkəmələri, Apellyasiya İnstansiya Məhkəmələri, Kasassiya İnstansiya Məhkəməsi və əlavə Kasassiya instansiya məhkəmələri tərəfindən baxılan CM-nin 178-ci maddəsinin, yəni dələduzluqla bağlı olan işlərin bütün faktiki hallarının araşdırılmasına lazımi diqqət yetirilməmiş, cinayət hesab olunmayan əməlimə görə cinayət donu geyindirilərək, əməlimdə cinayət olmadığı halda mənim əməlimə düzgün, hüquqi qiymət verilməmişdir. Bununla da zərərçəkmiş şəxslərin və şahidlərin yalan, təhrif edilmiş ifadələrinə əsaslanaraq kobudcasına yol verilmiş qanun pozuntusu nəticəsində mülki mühakimə icraatı qaydasında həll eilməli olan iqtisadi mübahisələr dələduzluq kimi qiymətləndirilərək barəmdə qisas almaq məqsədilə qərəzliliklə müşayiət edilən 14 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməyim barədə qanunsuz və əsassız ittiham hökmləri çıxarmışlar.
Çox acınacaqlı hal ondan ibarətdir ki, aşağı instansiya məhkəmələri tərəfindən buraxılan kobud qanun pozuntuları kasassiya və əlavə kasassiya instansiya məhkəmələrinin fəaliyyətində də təkrarlanaraq Azərbaycan Respublikasında dövlətimizin əsaslarından biri olan məhkəmələrdən ibarət- məhkəmə hakimiyyətinə olan inamın və etibarın, ədalətin, həqiqətin aydınlaşdırılmasına olan ümidimi heçə endirmişlər.
Belə ki, məhkəmə proseslərində iştirak edən hakimlər və ya ibtidai istintaq orqanlarının vəzifəli şəxsləri və ya baxdıqları hər bir işdə ədalətsizlik edərək qanunları rəhbər tutmaq əvəzinə, həmin işlərin acı nəticələrinin çıxarılmasına maraqlı olaraq ədaləti, həqiqəti mühakimə etmək əvəzinə, ədaləti və həqiqəti mübadilə etmişlər. Azərbaycan Respublikası Konstitusiya qanununun 4 və 6-cı maddəsində mülki və siyasi hüquqlar haqqında BMT-nin Baş Assambleyası tərəfindən qəbul edilmiş beynəlxalq Paktın 11-ci maddəsində və İnsan Hüquqlarının və Azadlıqlarının Müdafiəsi haqqında Avropa Konversiyasının 4 saylı protokolunun 1-ci maddəsinə əsasən, heç kəs hər hansı bir müqavilə öhdəliyini ödəmək iqtidarında olmadığına görə azadlıqdan məhrum edilə bilməz. Həmin qərarlarda qeyd edilir ki, əmlakın qaytarılmaması və ya müqavilə üzrə öhdəçiliyin yerinə yetirilməməsi obyektiv hallarla, yəni müflisləşmə və ya uğursuz kommersiya fəaliyyəti nəticəsində olmuşdursa, sifarişçi və icraçının qarşılıqlı münasibətləri mülki qanunvercilik əsasında tənzimlənməlidirlər.
Barəmdə çıxarılmış ittiham hökmlərinin 7-si də qanunsuz və əsassız olaraq ibtidai-istintaq araşdırmalarını aparan Baş Prokuror Yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən icra edilmişdir. Həmin səbəbdən cinayət prosesini aparan orqanlar əməlimdə cinayət tərkibinin olmamasına əhəmiyyət verməyərək Vidadi və Tural Hüseynovlara, Elnur və Əlnur Bayramovlara havadarlıq edərək həmin əməlləri araşdırmadan mənim direktor olduğum hüquqi şəxsin sahibliyində, istifadəsində və mülkiyyətində olan tikinti obyektlərinin qanunsuz yolla ələ keçirilməsinə şərait yaratdılar. Mənimlə bağlı olan mülki- kommersiya, inzibati və cinayət mühakimə icraatlarında hal-hazırda həmin məhkəmələrə müraciətlərim vardır. Hansı ki, icraatlarında olan işlərin hamısı tam, hərtərəfli və obyektiv araşdırılmadan Konstitusiyanın, Cinayət Prosessual Məcəllənin, digər qanunvericilik aktlarının və ölkəmizin tərəfdar çıxdığı insan hüquqları və azadlıqlarının müdafiəsilə bağlı yüzdən çox beynəlxalq müqavilələrin tələbləri kobud şəkildə pozulmuşdur.
Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli dələduzluqla bağlı cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında 7 nömrəli qərarının 1-ci bəndində deyilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq - yəni etibardan sui-istifadə, aldatma yolu ilə özgə əmlakını ələ keçirmək və ya əmlak hüquqlarını əldə etmək hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqlarını əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Bu Ali Məhkəmə Plenimunun 2015-ci il tarixli qərarıdır. Buradan məlum olur ki, mənim qanunsuz və əsassız olaraq məhkum olunduğum ittiham hökmlərinin hamısında təqsirləndirildiyim halların hamısı zərərçəkmiş şəxslərlə aramızda bağlanmış müqavilələrin əsasında çıxarılmışdır ki, həmin hökmlərdə isə mən dələduz əməlləri törətməkdə təqsirləndirilmişəm. 7 cinayət işinin ibtidai araşdırılmasını aparan 50-60 nəfərə qədər prokurorluq, yəni bu 7 hökmlə bağlı ümumilikdə 50-60 nəfər prokurorluq əməkdaşı, onlarla hakim mənimlə zərərçəkmişlərin arasında bağlanmış müqavilələrin hamısında məqsədimin məhz Şakir Hüseynovla aramızda bağlanmış 01 fevral 2006-cı il tarixli tikinti-podrat və payçılıq, şəriklik müqavilələrinin (Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 25 iyun 2009-cu il tarixli hökmüylə üzərimə qoyulmuş vəzifənin) yerinə yetirilməsi məni inşa edilərək məhkəmə hökmündə göstərilən şəxslərə verilməsini təmin etmək olduğunu aydınlaşdırmamışdır. Bu baxımdan mənim öhdəçilik müqaviləsinin şərtlərinə və ya məhkəmə hökmünə əsasən etdiyim hərəkətlərin tamah niyyətilə etmək kimi qiymətləndirilməsi qanunsuz və əsassızdır.
Ali Məhkəmə Plenimunun qeyd etdiyim qərarının 40-cı bəndində göstərilir ki, məhkəmələrə tövsiyyə edilsin ki, dələduzluqla bağlı cinayət işlərinə baxarkən işin bütün hallarını tam, hərtərəfli, obyektiv araşdırsınlar və belə araşdırma nəticəsində təqsirləndirilən şəxs qismində cəlb edilmiş şəxslə zərərçəkmiş şəxs arasında mübahisənin mülki münasibətlərdən irəli gələn mübahisə kimi mülki mühakimə icraatı qaydasında həll edilməli olunmasını bu səbəbdən şəxsin əsassız olaraq cinayət məsuliyyətinə cəlb edilməsini, habelə dövlət orqanlarının vəzifəli şəxslərinin fəaliyyətində çatışmamazlıqların və ya səhvlərin dələduzluq cinayətinin törədilməsinə səbəb olduğunu və şərait yaratdığını müəyyən etdikdə dövlət orqanlarının, o cümlədən cinayət təqibini həyata keçirən orqanların vəzifəli şəxsləri haqqında xüsusi qərarların çıxarılmasına və bu qərarların tabeçilik qaydasında müvafiq dövlət və ya mərkəzi İcra Hakimiyyəti orqanlarının rəhbərlərinə və Baş Prokurora göndərilməsini təmin etsinlər.
Cənab Prezident! Bu Qərarda qeyd edilənlər şəxsən mənim özümə aiddir ki, yəni, mən göstərilənlərə məruz qalmışam. Bu Qərar mənimlə bağlı çıxarılmış hökmlərin qanunsuz və əsassız olduğunu göstərir. Mən Ali Məhkəmənin Cinayət Kollegiyasına kasassiya qaydasında şikayətlər verərək məhkəmələr tərəfindən çıxarılmış hökm və qərarların qanunsuz və qərəzliklə müşayiət olunduğunu, Konstitusiyanın, cinayət prosessual qanunvericiliyin, digər məcəllələrin, beynəlxalq hüquq və norma prinsiplərinin tələblərinin kobud şəkildə pozulmasıyla çıxarıldığını bildirərək həmin işlərdə cinayət qanununun və cinayət prosessual qanunvericiliyin tələbləri pozulduğu üçün məhkəmə aktlarının ləğv edilərək işlərə yenidən baxılmasını xahiş etmişəm. Çox təəssüflər ki, kasassiya instansiyası Ali Məhkəmənin həmin qərarının bəndlərinə zidd olaraq aşağı instansiya məhkəmələri tərəfindən buraxılmış kobud qanun pozuntularını təkrarlayaraq həmin aktları dəyişdirmədən qüvvədə saxlamaqdadır. Ali Məhkəmənin Cinayət Kollegiyasının hakimləri Tahir Kazımovun, Hafiz Nəsibovun, İlqar Qılıncovun, İlkin Rəcəbovun, Fərhad Kərimovun, Şahin Yusubovun və son vaxtlar ölkəmizdə hakimlərin işə qəbulu komissiyasının sədri seçilmiş Vidadi Cəfərovun sədrliyi ilə keçirilən məhkəmə proseslərində “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri, 22 iyun 2007-ci il tarixdə təsdiqlənmiş “Hakimlərin Etik davranış kodeksi”nin tələbləri kobud şəkildə pozularaq, məhkəmələrdə ədalətin bərpasına, səmərəliliyinə, obyektivliyinə sarsıdıcı zərbələr vurulmuşdur.
Cənab Prezident! Yuxarıda qeyd edilənləri nəzərə alaraq, Sizdən xahiş edirəm, mənim barəmdə çıxarılmış əsassız istintaq və məhkəmə qərarlarına, hökmlərə yenidən baxılaraq ədalətli qərarlar qəbul edilməsinə göstəriş verəsiniz. Çünki bütün qərarlar və hökmlər ədalətə və obyektiv araşdırmalara söykənmir”.
"Təzadlar"ın Araşdırma Qrupu