08 noyabr 2024
35

Aslan Quliyev daha bir vətəndaşın evini yerlə-yeksan etdi -“Məhkəmə qərarını saya salmır”

Aslan Quliyev daha bir vətəndaşın evini yerlə-yeksan etdi
Qalmaqallı “Pilot 16” MMC Nəsimi rayonunda daha bir vətəndaşın evini başına uçuraraq, yerlə-yeksan edib. Bu barədə Editor.az-a evi dağıdılan Novruzov qardaşları küçəsi 55 ünvanında yaşayan Yusif Quliyev məlumat verib. Onun sözlərinə görə, bu gün həyat yoldaşı Məhbubə Quliyevanın adına qeydiyyatda olan ev şirkət tərəfindən yerlə-yeksan edilib:

“Evimin və torpağımın bütün qanuni sənədləri, çıxarışı mövcuddur. Bu artıq şirkət tərəfindən mənim mülkiyyətimə olam üçüncü hücumdur. İlk dəfə 2023-cü il martın 18-də “Pilot 16” MMC tərəfindən ağır texnika ilə dağıdılaraq məhv edildi. Bu faktla bağlı Nəsimi rayon Polis İdarəsində cinayət işi başlanılıb.

Daha sonra işin icraatı Nəsimi rayon prokurorluğuna verilib. Prokurorluqda şirkətin vəzifəli şəxsləri barədə vəzifə səlaahiyyətlərini aşma maddəsi ilə istintaq aparılıb və hazırda iş məhkəmədədir. Buna baxmayaraq, məhkəmə gedə-gedə 31 avqust 2024-cüü il tarixində “Pilot 16″ MMC yenidən evimi dağıtmağa cəhd edib. Evin hasarı ilə darvazası məhv edilib. Bu faktla bağlı da prokurorluq araşdırma aparır”.

Vətəndaş qeyd edir ki, Nəsimi rayon Məhkəməsi “Pilot 16” MMC-yə onların evində və ona aparan yolda tikinti-söküntü işləri aparmağı qadağan edən qərar çıxarıb: “Lakin buna baxmayaraq, bu gün mən işdə olarkən “Pilot 16″ MMC-nin nümayəndəsi İlqar müəllim öz qolçomaqlıları ilə mənim evimi tamamilə söküb, məhv etdilər. Bu işin başında şirkətin direktoru Aslan Quliyev və İlqar müəllim durur. Bunlar məhkəmənin qərarını saya salmır. Şirkətin direktoru Aslan Quliyev və İlqar müəllim dəfələrlə mənə deyiblər ki, boşuna çalışma. Onlar deyir ki, Nəsimi rayonunda hər yerdə bizi görəcəksən, polis də, prokurorluq da bizim sözümüzü deyir. Hazırda bu vəziyyətlə bağlı polis və prokurorluğa müraciət etmişəm”.

Editor.az vətəndaş Yusif Quliyevin iddiaları ilə bağlı “Pilot 16” MMC-nin direktoru Aslan Quliyev və hüquqşünası Nicat Əliyevlə dəfələrlə əlaqə saxlamağa çalışsa da, bu şəxslər telefona cavab verməyiblər.