04 noyabr 2024
18

Nərimanovda «Gold Residense» ÖZBAŞINALIĞI..

 

04 oktyabr 2024-cü ildə “Reytinq” onlayn qəzetində Bakı sakininə külli məbləğdə zərər vurulması ilə bağlı məqalə dərc etmişdik. Həmin məqalədə Nərimanov rayonu, Aşıq Molla Cümə küçəsi, 26 ünvanında Elxan Qarayevə məxsus qarajın darvazasının və içərisindəki əmlakının oğurlanması, dağıdılması və yararsız hala salınmasından bəhs olunur.

Reyting.az-ın yeni əldə etdiyi məlumata görə, Bakı sakini Elxan Qarayevə məxsus əmlakın qəsdən dağıdılıb talan edilməsində əsas şübhələr vəzifəli şəxslərin üzərinə yönəlir. İddia olunur ki, vətəndaşa məxsus daş qarajın darvazasının, digər dəmir hissələrinin, həmçinin qarajda saxlanılan əmlakın bir hissəsinin oğurlanaraq naməlum istiqamətə aparılmasına, qarajın damının uçurulmasına, nəticədə qarajda saxlanılan digər əmlakın tam yararsız vəziyyətə salınmasına göstərişi Nərimanov rayonunda fəaliyyət göstərən hüquqi şəxs «Gold Residense» MMC-nin direktoru Anar İsazadə və digər vəzifəli şəxslər veriblər. Onlar qanuni əsas olmadan öz vəzifə səlahiyyətlərini aşıb, vəzifələrindən sui-istifadə edərək Aşıq Molla Cümə küçəsi, 26 ünvanında, hələ Sovet dövründə inşa edilmiş və E. Qarayevə məxsus əmlakı dağıtdırıblar.

Elxan Qarayevin əmlakına zərər vurulması ilə bağlı aidiyyəti dövlət qurumlarına etdiyi əsaslı şikayətlərə baxılmır, MMC tərəfindən qaraj bu günədək bərpa edilməyib, ona qəsdən vurulmuş maddi zərər ödənilməyib. Şikayətçi dəfələrlə cəhd etsə də, «Gold Residense» MMC-nin rəsmi sənədlərində direktoru kimi göstərilmiş Anar İsazadə ilə görüşə bilməyib. Hər dəfə ona MMC-nin direktoru kimi fərqli şəxsləri təqdim edirlər: Elnur Hüseynov və Asif İsazadə. Şikayətçi isə iddia edir ki, qarajın söküntüsünə və talan edilməsinə rəhbərlik edən elə bu şəxslərdir.

Reyting.az-ın əməkdaşı isə «Gold Residense» MMC barəsində aşağıda göstərilən rəsmi məlumatları öyrənə bilib:

«Gold Residense» MMC-nin qeydiyyat ünvanı Sumqayıt şəhəri, Novxanı Bağ massivi, ev, 4715Q, direktoru İsazadə Anar Sabir oğlu.(VÖEN: 2905808451)

MMC-nin hazırda yerləşdiyi faktiki ofisi: Bakı şəhəri, Nərimanov rayonu, Fətəli Xan Xoyski prospekti, «Krone» otelinin 1-ci mərtəbəsi.

Bu MMC 2020-ci ilin aprel ayında qeydiyyata alınıb. Rəsmi olaraq direktorları Elnur Hüseynov, Cəmil Qasımov olub və hazırda Anar İsazadə rəhbərlik edir.

Cəmil Qasımova 2023-cü ildə prokurorluq orqanları tərəfindən AR Cinayət Məcəlləsinin 186.2.1 (zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla əmlakı qəsdən məhv etmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham elan edilib və cinayət işi baxılması üçün aidiyyəti üzrə Nərimanov Rayon Məhkəməsinə göndərilib.

Elnur Hüseynov isə bu ilin fevral ayında qeydiyyata alınmış «Gold Premium Residence GPR» MMC-nin direktorudur. Bu MMC-nin də hüquqi ünvanı Sumqayıt şəhəri, Novxanı Bağ massivi, ev 4715Q-dir. Hansı işlə məşğul olduğu hələ bəlli deyil. Amma elə bu faktın özü də aidiyyəti hüquq-mühafizə orqanları tərəfindən müvafiq araşdırma aparılması üçün bir siqnaldır. Adətən eyni insanlar tərəfindən oxşar adlarla şirkətlər vergidən yayınmaq və digər qanunsuz işləri həyata keçirmək məqsədi ilə yaradılır.

Müxtəlif rəsmi sənədlərdə «Gold Residense» MMC-nin direktoru kimi müxtəlif şəxslər göstərilir. Bir şirkətin eyni vaxtda bir neçə direktoru necə ola bilər?

Hüquqi şəxs kimi fəaliyyət göstərən «Gold Residense» MMC-nin və onun vəzifəli şəxslərinin öz vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, vəzifə səlahiyyətlərini aşaraq E. Qarayevə külli miqdarda zərər vurmaqla əmlakını qəsdən məhv etmələri, qarajına qanunsuz daxil olaraq oğurluq etmələri və digər cinayət əməllərinə hüquqi qiymət verilməsi, onların cinayət məsuliyyətinə cəlb olunmaları üçün polis və prokurorluq orqanlarına müraciət edilməsinə baxmayaraq bu günədək hər hansı bir tədbir görülməyib, təqsirkar vəzifəli şəxslər barəsində cinayət işi başlanmayıb. Güman edirik ki, «Gold Residense» MMC-nin havadarları buna mane olurlar.

Prokurorluq orqanları tərəfindən qanuni araşdırma aparıldığı halda «Gold Residense» MMC-nin rəhbər vəzifəli işçilərini yol verdikləri bu qanunsuzluqlara görə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.1 (zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla əmlakı qəsdən məhv etmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 177.2.3 (yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla oğurluq törədildikdə) və digər maddələri ilə məsuliyyət gözləyir.

Bakı Şəhər İcra Hakimiyyəti ilə Nərimanov Rayon İcra Hakimiyyəti isə şikayətlərə ümumiyyətlə baxmır və cavab vermir. Hansı ki, «Gold Residense» MMC-nin vəzifəli şəxsləri ərazidə yol verdikləri qanunsuzluqları Bakı Şəhər İcra Hakimiyyətinin 26 yanvar 2024-cü il tarixli sərəncamı ilə əsaslandırırlar. Bu sərəncam qanunsuzdur və ləğv olunmalıdır. Həm də, ləğv olunmalıdır ona görə ki, orada göstərilən bəndlərin tələblərini MMC lazımi səviyyədə icra etmir, tələbləri pozur. Sərəncama əsasən 1,178 ha ərazini icarəyə götürən MMC hazırda 2 ha-dan çox ərazini qanunsuz olaraq hasarlayib. Həmin hasarın arxasında isə istənilən qanunsuzluqlara yol verirlər, özlərini ağa, ərazidəki mülk sahiblərini isə qul sayırlar. Ərazidəki mənzil, obyekt və qaraj sahiblərini zəlil ediblər. Onlara müxtəlif qanunsuz təzyiqlər göstərərək, hədə-qorxu gələrək mülklərini qəpik-quruşa əldə etməyə çalışırlar. Sosial şəbəkələrdə və mətbuatda bu barədə, həmçinin həmin MMC-nin və onun vəzifəli şəxslərinin Nərimanov rayonunda yol verdikləri qanunsuzluqlar barədə kifayət qədər məlumatlar, şikayətlər var, amma onlara baxan yoxdur. Sanki bu MMC toxunulmazdır.

Bakı Şəhər İcra Hakimiyyətinin 26 yanvar 2024-cü il tarixli sərəncamından gördüyünüz kimi (aşağıdakı fotoya baxın:), «Gold Residense» MMC-yə E. Qarayevə aid qarajların ərazisinin icarəyə verilməsi və orada söküntü-tikinti işlərinin aparılması nəzərdə tutulmayıb. MMC özbaşına olaraq E. Qarayevin qarajının bir hissəsini söküb, dağıtmış və əmlakını talan etmişdir.

«Gold Residense» MMC-nin ofislərindən biri E. Qarayevin qarajları ilə üzbəüz «Krone» otelinin 1-ci mərtəbəsində yerləşir. MMC qarajların ərazisinə göz dikib, onları qanunsuz söküb, yerində özünə parkovka, yəni avtomaşınları üçün dayanacaq tikmək niyyətindədir.

Azərbaycan Respublikasının Baş prokuroruna, həmçinin Daxili işlər nazirinə edilmiş şikayətlərin isə heç bir nəticəsi yoxdur. «Gold Residense» MMC-nin vəzifəli şəxsləri barəsində olan şikayətlərə heç bir hüquq-mühafizə və dövlət orqanları baxmır. Hansı ki, bu şəxslərin qanunsuz əməllərində AR CM-nin bir çox maddələrinin tərkibi var. Buna görə də məsələ barədə şikayət ərizələri yazmaqla və mətbuat vasitəsi ilə Azərbaycan Respublikasının Prezidentini məlumatlandırmaq lazımdır. Hesab edirik ki, ölkə rəhbərliyinin müdaxiləsindən sonra «Gold Residense» MMC-nin qanunsuz fəaliyyətinə son qoyular, cinayət törədən vəzifəli şəxsləri isə öz layiqli cəzalarını alarlar.

Nərimanovda «Gold Residense» ÖZBAŞINALIĞI...
Nərimanovda «Gold Residense» ÖZBAŞINALIĞI...

Reyting.az