12 iyul 2024
100

Sabiq generalın milyonluq əmlakı satışa çıxarıldı: Oğlu aldı

         Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Baş İstintaq İdarəsinin sabiq rəisi Mövlam Şixəliyevin müsadirə edilmiş əmlakları satışa çıxarılıb. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, müsadirə edilmiş əmlaklardan biri ilə bağlı hərracı Mövlam Şixəliyevin oğlu Elgün Şixəliyev udub.Binəqədi rayonunun Novxanı qəsəbəsində yerləşən bağ evi hərrac təşkilatı tərəfindən 1 milyon 174 min manata E.Şixəliyevə satılıb. Artıq E.Şixəliyev həmin əmlakın üzərinə qoyulmuş həbs qərarının ləğv edilməsi ilə bağlı Binəqədi Rayon Məhkəməsinə müraciət edib. Hakim müraciəti əsaslı hesab edib. Qərara əsasən, əmlak üzərindən həbs götürülüb.
Sözügedən əmlakın Elgün Şixəliyev üçün xüsusi əhəmiyyətini öyrənmək məqsədilə vəkili Ceyhun Yusifova müraciət edilib. Vəkil bu barədə danışmaqdan imtina edib.
Qeyd edək ki, Mövlam Şixəliyev 12 il müddətinə azadlıqdan məhrum edilib. Onun özünün və ailə üzvlərinin adına rəsmiləşdirilmiş 8 milyona yaxın qiymətləndirilən əmlakı müsadirə edilib. Prezidentin sərəncamı ilə Mövlam Şixəliyev “general-mayor” rütbəsindən və dövlət təltiflərindən də məhrum edilib.