10 yanvar 2024
152

“Sea Breeze” işində absurd son

Dava salan Elnur Məmmədov kənarda qaldı, dövlət ittihamçısı məktəbliyə belə cəza istədi

Sabunçu Rayon Məhkəməsində hakim Mirheydər Zeynalovun sədrliyi "Sea Breeze”dəki kütləvi dava ilə bağlı məhkəmə araşdırmaları davam edir. İş üzrə Elmir İsmayılov, Məhəmməd Həsənzadə, Peyman Vəlizadə və məktəbli Murad Əhmədli təqsirləndirilən şəxslərdir. Zərərçəkən kimi isə Elnur Məmmədov və Cavad Muradov tanınıblar. "Sea Breeze”dəki olayla bağlı Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq İdarəsində məhkəmə araşdırmasında olan bu işdən əlavə daha iki cinayət işi olub. Elmir İsmayılov və digərlərinin cinayət işi üzrə zərərçəkən olan Cavad Muradov digər iş üzrə təqsirləndirilən şəxsdir. Buna görə o da həbsdədir, məhkəməyə də istintaq təcridxanasından gətirilir. Onunla birgə zərərçəkən skamyasını bölüşən Elnur Məmmədov isə azadlıqdadır. Təqsirləndirilən şəxslərdən Peyman Vəlizadə, Elmir İsmayılov və Məhəmməd Həsənzadə də həbsdədirlər, Murad Əhmədli isə azyaşlı olduğundan barəsində həbslə əlaqəli olmayan qəti-imkan tədbiri seçilib. Yanvarın 9-da keçirilən prosesə Elnur Məmmədov və onun nümayəndəsi Cavidan Osmanlı qatılmayıblar. Ötən proseslərdən birinə qatılan Elnur Məmmədov bildirib ki, təqsirləndirilən şəxslərdən hər hansı bir şikayəti, tələbi yoxdur, onlar barışıblar. Prosesdə çıxış edən dövlət ittihamçısı Amin Şəkərəliyev ittiham üzrə təqsirləndirilən şəxslərin hər birinə 2 ilə cəza təyin olunmasını istəyib. Dövlət ittihamçısı məktəbli Murad Əhmədlinin məhkəmə zalında həbs olunmasını, onun barəsində 1 il 9 ay həbs cəzası tələb edib.

Bundan sonra həbsdə olan zərərçəkən Cavad Muradov çıxış etdi. O, təqsirləndirilən şəxslərin hər biri ilə çox yaxşı münasbətlərinin olduğunu, barışdıqlarını, dost olduqlarını hakimin diqqətinə çatdırdı:
-Təqsirləndirilən şəxslərin hər birinin azadlığa buraxılmalarını xahiş edirəm. Onların əməlində hər hansı bir xuliqanlıq əməli yoxdur və olmayıb. Onlar da, biz də 7 aydır qanunsuz olaraq həbsdə saxlanılırıq. Qarşıdan prezident seçkiləri gəlir. Biz cəmiyyət üçün xeyrli vətəndaşlarıq, buraxın, çıxıb gedək evimizə, seçkidə iştirak edək. Biz cənab prezidenti dəstəkləyirik, ona səs verməyə hazırıq. Xahişimiz budur ki, bizi həbsdən azad edin.

Bundan sonra hakim çıxışlara hazırlaşmaq üçün vəkillərə yanvarın 18-nə qədər vaxt verdi.

Qısa fasilədən sonra eyni məhkəmə zalında hakim Mirheydər Zeynalovun sədrliyi ilə Cavad Muradov və Şamxal Məmmədovun cinayət işi üzrə məhkəmə araşdırmaları davam etdirildi.

Bu iş üzrə Elmir İsmayılov, Məhəmməd Həsənzadə, Peyman Vəlizadə və Elgün İsmayılov zərərçəkənlərdir.

Elmir İsmayılovun vəkili Abbas Kərimbəyli dövlət ittihamçısı Amin Kərimbəylinin yanında əyləşərək hakimdən söz istədi. Dedi ki, 5 dəqiqə əvvəl eyni hakimin, eyni dövlət ittihamçısının iştirakı ilə prosesdə o, müdafiə tərəfi olub. Abbas Kərimbəyli dedi ki, indi isə o, ittiham tərəfidir. Vəkil vəsatətlə dövlət ittihamçısına etiraz edərək dəyişdirilməsini istədi. Vəsatət müzakirə olunarkən vəkil Ülvi Məmmədov dedi ki, dövlət ittihamçısı 2-3 dəqiqə əvvəl ittiham etdiyi, cəza tələb etdiyi şəxslərə indi müdafiə edir. Bu isə absurddur. Vəkil vəsatətin təmin edilməsini xahiş etdi.

Dövlət ittihamçısı isə vəsatətin baxılmamış saxlanmasını istədi. Hakim qısa müşavirədən sonra vəsatəti baxılmamış saxladı.
Bundan sonra zərərçəkənlərdən Elmir İsmayılov sərbəst ifadə verdi. Dedi ki, "Sea Breeze”də davanı salan da, onun maşınını əzən də Elnur Məmmədov olub. Elnur Məmmədov onun maşınını əzəndə Cavad Muradovla Şamxal Məmmədov onun yanında olmayıblar. Elnur Məmmədov dava salanda onun yanında hazırda beynəlxalq axtarışda olan 6-7 nəfər şəxs olublar.

Dövlət ittihamçısının suallarını cavablandıran Elmir İsmayılov bildirib ki, ona xəsarətləri Elnur Məmmədov yetirib.

Hadisənin baş verməsinə gəlincə isə Elmir İsmayılov bildirib ki, həmin gün "Sea Breeze”ə orada təşkil olunan konsertə qatılmaq üçün gəlib. Ora gələndə masalardan birində əvvəldən tanıdığım dostları Cavad Muradovu və Vüqar Tağıyevi görüb. Onlara görüşmək üçün yaxınlaşanda masada əyləşən Elnur Məmmədov ona nalayiq söyüşlər işlədib. Həmin zaman ayağa qalxan Vüqar Tağıyev onu qucaqlayıb və Elnur Məmmədovun onun qohumu olduğunu, söyüşlərin ona getdiyi deyib. Elmir İsmayılov bildirib ki, Elnur Məmmədovun içkili olduğunu anladığına görə heç bir problem olmadığını deməklə öz masasına gedib. Restoranın daxilində isə aralarında heç bir dava olmayıb. Sonradan isə o, restoranı tərk edərkən Elnur Məmmədov 6-7 nəfərlə onun qabağını kəsib, onu vurub xəsarət yetiriblər. O, maşına minib ərazidən uzaqlaşmaq istəsə də, Elnur Məmmədov maşının qabağını kəsib və söyüş söyməklə ondan maşından düşməsini tələb edib. Maşından düşəndən sonra onu vurublar, maşınını Elnur Məmmədov şəxsən əzib.

Növbəti gün isə Elnur Məmmədov onunla görüşüb, baş verənlərə görə üzrxahlıq edib, maşının xərəclərini çəkəcəyini, düzəltdirəcəyini öz üzərinə götürüb. Və elə həmin gün də gedib onlardan şikayət yazıb.
Elmir İsmayılov vəkillərin və hakimin suallarını cavablandırdı. Bir daha bildirdi ki, ona xəsarət yetirən Elnur Məmmədov olub. Cavad Muradov və Şamxal Məmmədov ona hər hansı bir xəsarət yetirməyiblər.
Bundan sonra sərbəst ifadə verən zərərçəkən Məhəmməd Həsənzadə deyib ki, ittiham aktı əvvəldən son nöqtəsinə qədər həqiqət deyil. Orada Şamxal Məmmədovu görməyib, Cavad Muradovu ilk dəfə istintaq təcridxanasında görüb. Orada müstəntiq ona ifadələrə qol çəkməyi tələb edib. O, vəkilinin olduğunu deməklə ifadələrə qol çəkmək istəməsə də, son nəticədə qol çəkməli olub.

Dövlət ittihamçısının suallarını cavablandıran Məhəmməd Həsənzadə deyib ki, ona xəsarətləri Elnur Məmmədov və ətrafında olan 6-7 nəfər şəxs yetirib. Onların arasında nə Cavad Muradov, nə də ki, Şamxal Məmmədov olmayıb.

Vəkil Vüsal Orucovun suallarını cavablandıran Məhəmməd Həsənzadə deyib ki, ittihamda yazılanlar yalandır:

-Orada yazırlar ki, guya mən Cavad Muradovu döymüşəm, az sonra isə Cavad Muradov guya məni döyüb. Bu, mənasız ittihamdır axı. Nəcə olur mən onu döyürəm, o da sonra qayıdır məni döyür.
Zərərçəkən Peyman Vəlizadə də sərbəst ifadəsində ittihamın yalanlar üzərində qurulduğunu dedi:

-Burada çıxışa başlamazdan əvvəl hər kəs yalan danışmayacağına and içir, yalan danışarsa, məsuliyyətə cəlb olunacağını deyilir. Elnur Məmmədov burada danışdığı 100 sözdən azı 90-nı yalandır. Amma onu məsuliyyətə cəlb etmədiniz axı? Gəlib burada hər şeyi olduğu kimi danışmaq əvəzinə, günahkar olduğunu demək əvəzinə deyir ki, guya mən oxran olmuşam. Bizi də, dostu Cavadı da özünün əvəzindən "rasxoda” verir. İttiham aktı başdan-ayağa səhvdir, mən Cavad Muradov haqda polisə hər hansı bir şikayət etməmişəm, bu gün də ondan hər hansı bir şikayətim yoxdur. Şamxal Məmmədovu da burada görüb tanımışam. Biz günahsızıq, günahı olan Elnur Məmmədovdur, daydayı var deyə kənarda qalıb, bizi qanunsuz və əsasız olaraq həbs ediblər. Bu gün əsassız yerə həbsdəyəm. Xahiş edirəm bizi azad edin. Bundan sonra proses 23 yanvar 14:30-a kimi təxirə salınıb.

Xatırladaq ki, oliqarx Leysan Məmmədov bu ilin aprelinə qədər Binəqədi rayon İcra Hakimiyyəti başçısının müavini postunu tutub. Onun digər oğlu Teymur Leysan oğlu Novruzlu hazırda Baş Prokurorluqda vəzifə tutur. Qardaşı Elnur Məmmədovun azadlıqda qalmasında Teymur Novruzlunun rolu olmasına dair iddialar da var.