15 dekabr 2023
472

Fidan ABŞ-dan sonra niyə dərhal Bakıya gəldi? - Sensasion detal

 Türkiyə xarici işlər naziri Hakan Fidanın 9 dekabrda ABŞ-da Dövlət katibi Entoni Blinkenlə görüşdən dərhal sonra – 14 dekabrda Bakıya səfər etməsi olduqca mühüm əhəmiyyət daşıyır.
Hakan Fidanın Blinkenlə Qəzzanı müzakirə etdiyi barədə məlumat qabardılmışdı. Ancaq Fidanın Bakı səfərində azərbaycanlı həmkarı ilə keçirdiyi mətbuat konfransı və bu konfransda verilən bəyanat ABŞ və Türkiyənin Cənubi Qafqazla bağlı ciddi bir mövqe yaxınlaşması əldə etdiyini düşünməyə əsas verdi.
Ceyhun Bayramov ötən gün Fidanla birgə mətbuat konfransında Azərbaycan-Ermənistan danışıqlarında Türkiyənin de-fakto iştirak etdiyini rəsmən elan etdi: “Zatən Azərbaycan masada varsa, Türkiyə də orada var. Türkiyənin danışıqlar masasında olması Ermənistanın özü üçün də faydalıdır”.
Fidanla Bayramov Bakıdan bu bəyanatı verdikdən bir neçə saat sonra isə ABŞ-dan “əks-səda” gəldi. ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller keçirdiyi brifinqdə bildirdi ki, Vaşinqton Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılmasında Türkiyənin məhsuldar rolunu alqışlayır.
Miller Cənubi Qafqazın 9 dekabrda Fidan-Blinken görüşündə xüsusi müzakirə predmeti olduğunu da vurğuladı: “Bu mövzu (Cənubi Qafqaz regionu və Azərbaycan-Ermənistan münasibətləri – red.) ABŞ Dövlət katibi Entoni Blinkenlə Türkiyənin xarici işlər naziri Hakan Fidan arasında aparılan müzakirələrin bir hissəsidir. Bu, onların mütəmadi olaraq müzakirə etdiyi məsələdir. Türkiyə xarici işlər nazirinin sülhlə bağlı sözləri ilə razıyıq. ABŞ buna nail olmaq üçün iki tərəf arasında birbaşa danışıqları dəstəkləyir”.
Düşünmək olar ki, Türkiyə regiondan kənar qüvvələrin Cənubi Qafqaza müdaxiləsini bloklamaqla məşğuldur və Qərbin bu məsələdə “Rusiya qorxusu”nu da aradan qaldırır: Qərb Cənubi Qafqazı Türkiyəyə güzəştə getməklə, Rusiyanın neytrallaşdırılacağına zəmanət alıb və yaxud bu istiqamətdə çalışır. Buna görə də ABŞ artıq Türkiyənin, o cümlədən Azərbaycanın mövqeyini bölüşür – tərəflərin ikitərəfli (vasitəçisiz) danışıqlarını dəstəkləyir.
Bu məqamda daha bir maraqlı fakt Ermənistanın xüsusi tapşırıqlar üzrə səfiri Edmon Marukyanın 2024-cü ilin yanvarında Ceyhun Bayramovla Ararat Mirzoyanın ABŞ-da görüşünün olacağı barədə informasiyasıdır. Marukyanın bu məlumatının bir gün sonra Azərbaycan və Ermənistan XİN tərəfindən təkzib edilməsi xüsusi nüansdır. Marukyan sıradan adam deyil, xüsusi tapşırıqlar üzrə səfirdir və əsası olmayan informasiyanı yaymağın da məsuliyyətini yaxşı bilir. Onun bu informasiyanı yaymasının dərhal ardından Rusiyanın aktivləşməsi və nazirlərin Moskvada görüşünü təşkil etməyə hazır olması barədə açıqlaması özünü çox gözlətmədi. Görünür ki, Vaşinqton görüşü ilə bağlı ilkin razılıq da bundan sonra hər iki tərəfdən geri götürülüb, yəni ABŞ və Rusiya platformalarından imtina edilir.
Buna baxmayaraq, AB hazırda daha aktiv görünür və israrla Brüssel formatını təklif edir. Belə çıxır ki, Türkiyə iki gücü Bakı-İrəvan danışıqlarından çıxarmaq üzrədir, qalır AB.
Böyük ehtimalla, Brüssel formatı da neytrallaşacaq - əgər ABŞ artıq Cənubi Qafqazda birbaşa Türkiyə ilə işləmək qərarı verirsə, Fransanın dominantlıq etdiyi AB təsir imkanlarını genişləndirə bilməyəcək.