28 avqust 2023
233

"AAAF Park"da qanunsuz tikinti işləri aparılır, sakinlər narazıdır - FOTOLAR


  Abşeron rayonunun Xırdalan şəhərində "AAAF Park"ın 19 saylı binasında yaşayan sakinlər həyətlərində aparılan qanunsuz tikilidən şikayətlənirlər.
Yenimeydan.info-nun məlumatına görə, "Report"un yerli bürosuna müraciət edən sakinlər iddia edirlər ki, sahəsi 500 kvadratmetrə yaxın olan, təyinatı bilinməyən obyekt kommunikasiya xətlərinin üzərində tikilir.

Sözügedən ünvanda çəkdiyimiz şəkillərdən də aydın olur ki, obyektin təməli elektrik xəttinin üzərindədir. Qaz xətti ilə obyekt arasındakı məsafə isə heç 50 santimetr də deyil.

Sakin Bəhruz Əhmədov qeyd edib ki, 19 saylı binanın həyətində tikilən obyektin ərazisində qaz, işıq, kanalizasiya xətləri var: "Biz dəfələrlə şikayət eləmişik. Şikayətimizə baxan olmayıb. Tikintinin sahibi Camal Talışlı adlı şəxsdir. Ona da bir neçə dəfə müraciət etmişik, deyib ki, kimə istəyirsiniz şikayət edin. Sakinlər orda maşınlarını saxlayırdılar. İndi obyekt tikilir. Bəs, sonrası necə olacaq?".

Digər bir sakin Fazil Məmmədov isə məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyinə, polisə dəfələrlə zəng etdiklərini bildirib. Qeyd edib ki, kanalizasiya xətti həmin obyektin altından keçir. "Sabah kanalizasiya tutulsa, necə olacaq?", - deyə sakin sual edir.

Umud Əhmədov da şikayətlərinə baxılmadığını bildirib. O qeyd edib ki, sabah nəsə olsa, heç kim cavab verməyəcək.

“AAAF İNŞAAT” MMC-nin hüquqşünası Emin Səlimov açıqlamasında bildirib ki, həmin ərazidə tikinti işlərini "AAAF İNŞAAT" aparmır: "Sadəcə olaraq, "AAAF İNŞAAT" 2 müharibə veteranına həmin ərazidə yer ayırıb. Onlar sərbəst formada öz işlərini həyata keçirirlər. Orada tikinti aparılır deyə bir xüsusat yoxdur. Oradan elektrik və ya qaz xətti keçmir”.

Abşeron Rayon İcra Hakimiyyətindən məsələyə münasibət bildirməyiblər.

"AAAF Park"da qanunsuz tikinti işləri aparılır, sakinlər narazıdır


"AAAF Park"da qanunsuz tikinti işləri aparılır, sakinlər narazıdır

"AAAF Park"da qanunsuz tikinti işləri aparılır, sakinlər narazıdır

"AAAF Park"da qanunsuz tikinti işləri aparılır, sakinlər narazıdır