01 avqust 2023
333

Rayonlarda başlayan həbslər Bakıya gəlir: kimlər tutulacaq?

 


       Dünən bir neçə rayonda antikorrupsiya əməliyyatları keçirilib. Xeyli sayda saxlanılan olub. Onlar əsasən              yerli icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləridir. Aralarında bələdiyyə sədrləri, idarə müdirləri də var.
Cəlilabad və Tərtərdə aparılan əməliyyatlar ictimaiyyətə 1 gün aralıqla çatdırıldı. Globalinfo.az Tərtərdə keçirilən əməliyyat haqda rəsmi qurumları qabaqlayaraq 31 avqustda axşam saatlarında məlumat yaydı. Tərtər barədə yaydığımız xəbərdə bildirilirdi ki, rayonun icra hakimiyyəti başçısı Müstəqim Məmmədov əməliyyat zamanı işdə olmayıb. Onun hazırda xarici ölkələrdən birində istirahət etdiyi deyilir.
 
 
Müstəqim Məmmədov
Maraqlıdır ki, bu dəfə həbs edilənlər ikinci, üçüncü dərəcəli məmurlar oldular. Vəzifələri də, məsuliyyətləri xeyli azdır. Rayonun birinci şəxsi məsuliyyətdən kənarda saxlanılır, amma müavin, memar, bələdiyyə sədri, elektrik şəbəkənin müdiri tutulur. Əgər korrupsiya, yeyinti, rüşvət kimi qanunsuz hallara yol verilibsə, bunlardan başçısının xəbərinin olmaması mümkün deyil. Hələ Müstəqim Məmmədov kimi bir başçısının bu prosesdən kənarda qalması, məlumatsız olması heç ağlabatan görünmür. Müavin rüşvət alsın, başçı bunu bilməsin. Memar qanunsuzluq etsin, rayon rəhbəri fil qulağında yatsın. Bələdiyyə sədri torpaq satsın, ondan icra hakimiyyəti başçısına “pay” düşməsin.
 

Rafiq Cəlilov
Eyni sözləri Cəlilabadın icra başçısı Rafiq Cəlilov haqda da demək olar. Uzun illər yüksək vəzifələrdə çalışmış Rafiq Cəlilovu aldatmaq, ondan xəbərsiz daşı daş üstə qoymaq, sizcə, mümkündürmü? Onun sonuncu vəzifəsi Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin sədrinin müavini olub. Bu komitə Kərəm Həsənovdan da əvvəl korrupsiyanın, rüşvətin hökm sürdüyü struktur kimi ad çıxarıb. Belə bir qurumdan çıxmış Rafiq Cəlilovu Cəlilabadda kimlərsə aldatsın? Ağlabatan görünmür.
2019-2020-ci illərdə bir neçə icra başçısı kabinetlərində həbs edilərək, türməyə yola salındı. Onlardan biri – Ağstafanın sabiq başçısı Nizaməddin Quliyev 2021-ci ilin sentyabr ayında cəza çəkdiyi həbsxanada öldü.
Yevlaxın sabiq icra başçısı Qoca Səmədov ötən həftə azadlığa buraxıldı. Amma “içəridə” hələ bir neçə sabiq başçı qalır. Onlar korrupsiya, rüşvət, dövlət əmlakını talamaq, vəzifə səlahiyyətindən sui-istifadə maddələri ilə ağır cəzalar alıblar.
Sonradan başçılarla bağlı taktika dəyişdirildi. Onların həbsinə bir müddətdir ki, ara verilib. Çünki bu cür davranış idarəetmədə problemlər yaradırdı. Qorxu və vahimə içində kabinetdə həbsini gözləyən icra hakimiyyəti başçısının əli heç bir işə yatmırdı.
44 günlük müharibədən sonra rayon icra hakimiyyəti başçılarına mərkəzdən əsas tapşırıq şəhid ailələrinə və qazilərə qayğı, diqqət göstərmək haqda oldu. Ona görə də artıq iki ildən bir qədər çoxdur ki, başçılara müəyyən güzəştlər olunur. Həssas sosial qruplara rayon səviyyəsində qayğı-diqqət göstərilməsə, problemlərinin həlli üçün Bakıya axışarlar. Bu da xaos yaradar, sabitliyi pozar. Zatən bu cür qrupların etirazından istifadə etmək üçün bəlli qüvvələr pusquda dayanıb. Azərbaycanda qarışıqlıq yaratmaq, sosial narazılığı artırmaq, vətəndaşı dövlətlə üzə-üzə qoymaq planları çoxdan var. İrana, Qərbin bəzi dairələrinə bağlı qüvvələr illərdir buna çalışır. Amma Azərbaycan dövləti bu bəhanələri heç kimə vermir. Ona görə xüsusilə də şəhid ailələri və qazılərlə bağlı əsas yük rayon icra hakimiyyəti başçılarının üzərinə qoyulub. Bir növ, bu iki sosial qrup rayon rəhbərlərinin qanlarının arasına girdi.
Görünür son əməliyyat həm də onlara xəbərdarlıqdır. Çevrələrini təmziləyirlər, özlərinə dəymirlər.
Əməliyyatları Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının keçirdiyi də məsələyə bir başqa rəng qatır. Dövlət Təhlükəsizlik Xidmətinin əməliyyatları ortaya tamam fərqli məntiq və qənaət qoyur. İctimaiyyətdə bu, bir qədər siyasi məsələ kimi qavranır. Əsas hədəf də icra başçıları olur. Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi adətən baş memar, bələdiyyə sədri, şöbə müdirinin müavinlərini tutur.
Globalinfo.az-ın əldə etdiyi məlumata görə, bu cür həbslərin miqyası genişlənə bilər. Rayonlarda başlayan həbs dalğasının Bakı gələcəyi barədə bəzi xəbərlər eşitmişik. Əvvəllər də yazdığımız kimi, səs-küylü həbslərin olacağı istisna deyil. Hətta çox məşhur isimlərin də yer alacağı xüsusi əməliyyatlara start veriləcəyi gözlənir.
 
Vüsal Kərimli
Yeri gəlmişkən, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi ötən həftə Bakı Nəqliyyat Agentliyində də oxşar əməliyyat keçirmişdi. Agentliyin Yol hərəkətinin təşkili şöbəsinin müdir müavini Vüqar Hüseynov və qurumun məsləhətçisi Hikmət Vəlizadə saxlanılmışdılar. BNA sədri Vüsal Kərimli mediaya açıqlamasında xaricdə məzuniyyətdə olduğunu demişdi.
Maraqlıdır ki, Tətrətdəki əməliyyatlar da RİH başçısı Müstəqim Məmmədovun məzuniyyətdə olduğu vaxt keçirilib.
Təəssüf ki, həbs və işdən çıxarılmalara baxmayaraq, dövlət strukturlarında korrupsiyanın, rüşvətin, dövlət əmlakının talan edilməsinin qarşısını almaq tam mümkün olmur. Bunun üçün başqa vasitələrdən istifadə edilməsi haqda vaxtaşırı təkliflər səsləndirilir. O təkliflərdən biri də icra hakimiyyəti strukturunun ləğvidir. Belə bir söhbət gəzir ki, yaxın zamanlarda bu istiqamətdə dövlətin addımlar atacaq