21 iyul 2023
289
Qarabağda mövcudluq Rusiyanın Güney Qafqazda mövcudluğu anlamına gəlir... - BUNA GÖRƏ DƏ...
Azərbaycan ərazisinə müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlılarının fəaliyyətinin tamamilə yenidən tənzimlənməsi üçün yeni müqaviləyə ehtiyac olduğu haqda çoxdan danışılır. Çünki Dnestryanı və Cənubi Osetiyadakı sülhməramlı qüvvələrin (hərbi kontingentlər və hərbi müşahidəçilərin) hüquqları və vəzifələri haqda əsasnamə təsdiqlənib.
2020-ci il 10 noyabr tarixində Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanmış üçtərəfli bəyanat əsasında Qarabağda və Laçın dəhlizində Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilib. Bəyanatda yalnız sülhməramlı hərbi qulluqçuların və onların sərəncamındakı hərbi texnikanın sayı, eləcə də missiyanın müddəti göstərilib. Sülhməramlıların fəaliyyətini, səlahiyyət çərçivəsini müəyyən edən və tənzimləyən müddəalar bu sənəddə yoxdur. Yəni hazırda sülhməramlıların hüquqi statusu, mandatı ilə bağlı qeyri-müəyyənlik var. Bəzi ekspertlərə görə, əslində beynəlxalq təcrübədə sülhməramlı qüvvələr BMT tərəfindən təşkil olunur. Rusiya sülhməramlılarının statusu haqqında qanunun olmaması isə onların qanunsuz fəaliyyətinə yol açır. Bildirilir ki, sülhməramlıların qanunsuz fəaliyyətləri barədə müzakirə aparılmalı, onların bütün vəzifələrinin dəqiq göstərildiyi yeni müqavilə imzalanmalıdır.
Göründüyü kimi, Rusiyanın bundan əvvəl həyata keçirdiyi bütün sülhməramlı əməliyyatlar zamanı sülhməramlı qüvvələrin fəaliyyəti hüquqi təmələ söykənib. Qarabağdakı sülhyaratma əməliyyatı isə 10 noyabr 2020-ci il bəyanatı ilə başlasa da, hələlik sülhməramlı qüvvələrin səlahiyyət çərçivəsini müəyyən edən sənəd razılaşdırılmayıb. Bəyanatın üç maddəsində sülhməramlılardan bəhs olunur: 3-cü maddədə Dağlıq Qarabağdakı təmas xətti və Laçın dəhlizi boyu 1960 sayda sülhməramlı kontingentin yerləşdirilməsindən, onların sərəncamındakı hərbi, avtomobil və xüsusi texnikanın sayından; 4-cü maddədə sülhməramlıların erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilməsindən və onların ərazidə qalma müddətindən; 6-cı maddədə isə Dağlıq Qarabağla Ermənistan arasında əlaqəni təmin edən Laçın dəhlizi üzrə yeni hərəkət marşrutunun inşasından sonra həmin marşrutun mühafizəsi üçün Rusiya sülhməramlı kontingentinin gələcək yerdəyişməsindən bəhs olunur. Bəyanatda əlavə heç bir detal yoxdur. Bütün bunlar, Azərbaycan-Rusiya münasibətlərində anlaşmazlıqları artırıb. Bəzi ekspertlər isə o fikirdədir ki, sülhməramlılara hər hansı statusun verilməsi Azərbaycanın maraqları baxımından doğru deyil.
Bəs sülhməramlıların statusu ilə bağlı Moskva nə istəyir, Bakı nə?
Yenimeydan.info-nun məlumatına görə, politoloq Anar Əliyev “Yeni Müsavat”a bildirdi ki, 2020-ci il 10 noyabr bəyanatı imzalandıqdan sonra Azərbaycanın Qarabağ bölgəsinə Rusiya sülhməramlı qüvvələri dərhal daxil oldu: "Çox təəssüf ki, bu bəyanatda sülhməramlı qüvvələrin fəaliyyəti və onların bölgəyə daxil olmasını şərtləndirən mühüm istiqamətlər sonradan Rusiya sülhməramlı qüvvələri tərəfindən təmin edilmədi. Əsas problemlərdən biri isə Azərbaycan tərəfinin uzun müddət təkid etməsinə baxmayaraq sülhməramlı qüvvələrin fəaliyyəti ilə bağlı 10 noyabr bəyanatının alt razılaşmalarının imzalanmaması oldu. Çünki Rusiya sülhməramlı qüvvələrinin Azərbaycan ərazisinə daxil olması, fəaliyyət çərçivələri, səlahiyyət hədləri və digər məsələlər demək olar ki, hər hansı bir razılaşmada öz əksini tapmayıb. Düzdür, sülhməramlı qüvvələrin fəaliyyəti beynəlxalq konvensiyalarla və BMT nizamnaməsi ilə tənzimlənir. Sülhməramlı fəaliyyət başlıca olaraq iki istiqaməti özündə əks elətdirir. Sülhyaratma və yaradılmış sülhün qorunması. 10 noyabr bəyanatı ilə bölgədə əldə olunmuş atəşkəsin, kövrək sülhün qorunub möhkəmləndirilməsi istiqamətində Rusiya sülhməramlı qüvvələrinin beynəlxalq öhdəliklərdən irəli gələn vəzifələri mövcuddur. Təəssüf ki, ötən 3 ilə yaxın dövr ərzində biz Rusiya sülhməramlı qüvvələrinin sülhməramlı missiyasına zidd olan kifayət qədər davranışlar müşahidə etmişik. Bütün bunlar isə sülhməramlı qüvvələrin məsuliyyətdən yayınmaq üçün hər hansı bir öhdəlik daşımamaları fonunda baş verir. Hələ ötən ilin avqust ayında Azərbaycan Prezidenti İlham Əliyevin köməkçisi Hikmət Hacıyev də açıq şəkildə bəyan etdi ki, biz Rusiya tərəfinə dəfələrlə sülhməramlı qüvvələrin missiyaları, fəaliyyət çərçivələri, məsuliyyət daşıdığı zonaların sərhədləri ilə bağlı alt razılığın imzalanması məsələlərini gündəmə gətirmək istədiyimizi bildirmişik, lakin Rusiya tərəfi bu proseslərin yekunlaşmasında maraqlı deyil. Ötən müddət də göstərdi ki, Rusiya tərəfi mümkün qədər öz sülhməramlı qüvvələrinin çərçivəyə alınması, onların səlahiyyət hədlərinin müəyyənləşdirilməsini özündə əks elətdirəcək razılaşmadan yayınmağa çalışır.
Rusiyanın nə istədiyi elə dünən-iyulun 20-də Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova tərəfindən dilə gətirilmiş oldu. Zaxarova bildirdi ki, Ankara Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 9 noyabr (10 noyabr) 2020-ci il tarixli bəyanatının tərəfi deyil, Rusiya sülhməramlı kontingenti məhz bu sənəd əsasında münaqişə zonasına yerləşdirilib və bu sənəd həm kontingentin regionda qalma müddətini, həm də onun daha beş il müddətinə mümkün uzadılmasının parametrlərini aydın şəkildə əks etdirir. Bununla Zaxarova Rusiyanın sülhməramlı qüvvələrin daha beş il müddətinə Azərbaycan ərazisində qalmasını istədiklərini faktiki olaraq bəyan etmiş oldu".
Politoloq vurğuladı ki, Rusiya sülhməramlı qüvvələrinin fəaliyyəti ilə bağlı ən qısa müddətdə qarşılıqlı razılaşma imzalanmalıdır və Rusiya sülhməramlı qüvvələrinin özbaşına, qanunazidd, eyni zamanda sülhməramlı missiyanın mahiyyətinə zidd davranışlarını məhdudlaşdıracaq bir razılaşma sənədi əldə olunmalıdır: “Bu Rusiya sülhməramlı qüvvələrinin fəaliyyət müddətinin bitmə tarixinin bir daha dəqiq və konkret ifadə etməklə yanaşı, həm də onların özbaşına, qanunazidd fəaliyyətlərinin nizamlanması və çərçivəyə salınması, yaxud ən belə hadisələr baş verərkən imzalanmış razılaşma əsasında onların fəaliyyət çərçivələrini, səlahiyyət hədlərini aşdığı ilə bağlı dəqiq ittiham, irad bildirmək imkanları formalaşdırmış olar. Sülhməramlı qüvvələrin fəaliyyəti ilə bağlı alt razılaşmanın imzalanması Azərbaycanın maraqlarına ziddiyyət təşkil eləmir. Bu, Azərbaycana əlavə manevr imkanları qazandırmış olacaq. Rusiya sülhməramlı qüvvələrinin bölgədən getməsi üçün zaman az qalıb. Bunun üçün xüsusi bir güc və ya enerji sərf edərək alt razılaşmanın imzalanması nə qədər zəruridirsə, imzalanmaması da faciə kimi qiymətləndirilməməlidir. 10 noyabr üçtərəfli bəyanatında razılaşdırılmış müddət başa çatmadan da Azərbaycan beynəlxalq hüquqla, xüsusilə də beynəlxalq hüququn siyasi münaqişələrlə bağlı prinsiplərinin tələblərinə uyğun olaraq bölgədən Rusiya sülhməramlı qüvvələrinin vaxtından əvvəl çıxarılması məsələsini qaldıra bilər. Çünki sülhməramlı qüvvələr adlanan qüvvələr faktiki olaraq sülhməramlı missiyanı yerinə yetirmirlər, 10 noyabr üçtərəfli bəyanatının 4-cü bəndini icra etmirlər. Biz bunları zaman-zaman Rusiya tərəfinin diqqətinə çatdırmalıyıq və çatdırırıq. Azərbaycan şərtləri belə qoymalıdır ki, Rusiya sülhməramlı qüvvələri bundan sonra da öz missiyalarına uyğun olmayan hərəkətlərə yol versə, qanunsuz fəaliyyətlərini davam etdirəcəklərsə, Azərbaycan Rusiya sülhməramlı qüvvələrinin vaxtından əvvəl çıxarılmasını tələb etmək hüququnu özündə saxlayır və hər an bu hüququn reallaşmasını tələb edə bilər”.
Oxşar Xəbərlər:
Prezidentin xüsusi nümayəndəsinin vəzifələri nə olacaq? - PA-da yenilik
Brüssel görüşü: daha 7 məsələ gündəliyə daxil edilib - NƏ BAŞ VERİR?
Rusiya MN Laçın şəhərini yenidən “nəzarətə” götürdü və... - Ruslar NƏ DEMƏK İSTƏYİR?
Prezident əfv sərəncamı imzaladı – SİYAHI
“Elektroenergetika haqqında” yeni qanun QƏBUL EDİLDİ