20 iyul 2023
420
Prezidentin xüsusi nümayəndəsinin vəzifələri nə olacaq? - PA-da yenilik
Fazil Mustafa: “Təcrübəli, sınaqlardan çıxmış bir şəxsin...”
Prezident Administrasiyasının strukturunda dəyişiklik olunub. Belə ki, Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi vəzifəsi təsis edilib. Bu dəyişiklik Prezident Administrasiyasının saytında da öz əksini tapır.Qeyd edək ki, Prezident İlham Əliyevin Sərəncamı ilə iyulun 18-də Elçin Əmirbəyov həmin vəzifəyə təyin edilib.
Buna qədər E.Əmirbəyov Azərbaycan Respublikası Birinci vitse-prezidentinin köməkçisi vəzifəsini tuturdu.
Elçin Əmirbəyov uğurlu və reputasiyası təmiz məmurdur, beynəlxalq siyasəti kifayət qədər mükəmməl bilir. Vətən müharibəsi dövründə beynəlxalq arenada mühüm dövlət görəvlərini yerinə yetirib.
Onun dosyesini təqdim edirik:
Elçin Oktyabr oğlu Əmirbəyov 1972-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub. 1988-ci ildə Bakı şəhərinin 164 nömrəli orta təhsil məktəbini qızıl medalla bitirib.
1992-ci ildə Azərbaycan Dillər Universitetinin ingilis-fransız tərcüməçilik fakültəsini fərqlənmə diplomu ilə bitirib.
İlk əmək fəaliyyətinə 1991-ci ildə Azərbaycan Xarici İşlər Nazirliyində referent-tərcüməçi kimi başlayıb. 1992-1993-cü illərdə Xarici İşlər Nazirliyinin Beynəlxalq Təşkilatlar İdarəsinin attaşesi və daha sonra üçüncü katibi vəzifələrində çalışıb. 1993-cü ildə o, Fransada Paris Beynəlxalq Dövlət İdarəçiliyi İnstitutunda diplomatik təhsil alıb.
Daha sonra 1994-cü ildə Almaniyanın Oberammerqau şəhərində NATO Məktəbində (NATO School) və İtaliyanın Roma şəhərində NATO-nun Müdafiə Kollecində (NATO Defense College) xüsusi təlimlər keçib.
1995-1997-ci illərdə Nyu-Yorkda Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyində ikinci katib olaraq fəaliyyət göstərib.
İlk uzunmüddətli xarici ezamiyyətdən Xarici İşlər Nazirliyinə geri döndükdən sonra o, ardıcıl olaraq 1998-ci ildə Beynəlxalq təşkilatlar İdarəsində birinci katib vəzifəsində, 1999-cu ildə həmin idarənin regional və beynəlxalq təhlükəsizlik şöbəsinin müdiri vəzifələrində çalışıb.
2000-ci ildə ABŞ-da Harvard Universitetinin Kennedy adına İdarəçilik Məktəbində beynəlxalq və milli təhlükəsizlik üzrə xüsusi kursu bitirib. 2001-2003-cü illərdə Brüsseldə (Belçika Krallığı) Azərbaycan Respublikasının NATO-dakı nümayəndəliyinin siyasi məsələlər üzrə müşaviri vəzifəsində çalışıb.
2003-2004-cü illərdə Nyu-Yorkda (ABŞ) Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyində müşavir olaraq çalışıb.
2004-cü ildən 2010-cu ilədək Cenevrədə BMT və digər beynəlxalq təşkilatlarda Azərbaycanın daimi nümayəndəsi kimi fəaliyyət göstərib, 2005-2010-cu illərdə həmçinin Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasındakı fövqəladə və səlahiyyətli səfiri vəzifələrini icra edib.
Cenevrədə çalışdığı zaman o, 2008-2009-cu illərdə BMT-nin İnsan Hüquqları Şurasının Vitse-prezidenti və eyni zamanda məruzəçi qismində fəaliyyət göstərib. Həmçinin 2007-ci ildə BMT-nin Cenevrədəki Ofisində İslam Əməkdaşlıq Təşkilatının (IKT) üzv dövlətlərinin səfirlər qrupuna bir il ərzində sədrlik edib. Bundan əlavə, 2008-ci ildə səfir Elçin Əmirbəyov BMT-nin Cenevrədəki Ofisində Şərqi Avropa regional qrupuna daxil olan üzv-dövlətlərin səfirlər qrupuna sədrlik edib.
Bununla yanaşı, 2005-2017-ci illərdə Azərbaycanın Müqəddəs Taxt-Tacda ilk səfiri qismində çalışıb. Vatikanda çalışdığı zaman 2008-ci ildə Roma Papası Onaltıncı Benedikt (Pope Benedict XVİ) tərəfindən Müqəddəs Gregori ordeni ilə təltif edilib.
Həmçinin 2006-2010-cu illərdə Azərbaycan Respublikasının Lixtenşteyn Knyazlığında fövqəladə və səlahiyyətli səfiri vəzifəsini icra edib.
E.Əmirbəyov 6 yanvar 2010-cu ildən 23 iyun 2017-ci ilədək Azərbaycan Respublikasının Fransa Respublikasında və eyni zamanda Monako Knyazlığında fövqəladə və səlahiyyətli səfiri kimi fəaliyyət göstərib.
Elçin Əmirbəyov fövqəladə və səlahiyyətli səfir diplomatik dərəcəsinə malikdir. 24 iyun 2017-ci il tarixindən etibarən Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi vəzifələrini icra edirdi.
İngilis, fransız və rus dillərini bilir.
Dövlət qulluğunda birinci dərəcəli dövlət müşaviri ixtisas dərəcəsi var (2023).
Evlidir, iki övladı var.
E.Əmirbəyovun təyinatından sonra əsas bir sual yaranıb. Onun Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi kimi vəzifələri nələr olacaq?
Elman Nəsirov
YAP-çı deputat Elman Nəsirov mövzu ilə bağlı danışarkən dedi: “Ölkə Prezidenti, cənab İlham Əliyevin müvafiq sərəncamı ilə Elçin Əmirbəyovun bu təyinatından sonra ən çox diqqət cəlb edən sual bununla bağlıdır ki, o, hansı səlahiyyətləri icra edəcək, hansı vəzifələri yerinə yetirəcək. Adından göründüyü kimi, söhbət məhz ölkə başçısının xüsusi tapşırıqlar üzrə nümayəndəsi olmaqdan gedir, yəni Elçin Əmirbəyov cənab Prezidentin xüsusi tapşırıqlarını icra edəcək. Mənə elə gəlir ki, bu məsələni daha çox xarici siyasət aspektindən qiymətləndirmək doğru olardı. Çünki Elçin Əmirbəyov məhz beynəlxalq sahədə ixtisaslaşmış mütəxəssisdir. Dünyanın ən məşhur Harvard Universitetinin məzunudur. Xarici dilləri də mükəmməl bilir. Fransada səfirimiz olub. Ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın köməkçisi kimi çalışıb. Bütün vəzifələrdə özünü istedadlı kadr kimi göstərib. Cəmiyyətdəki imici də müsbətdir. Bütün bunlar hesab edirəm ki, imkan verəcək ki, o, Prezidentin xüsusi nümayəndəsi kimi bu vəzifəni uğurla icra etsin. Mənə elə gəlir ki, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesində də onun xüsusi tapşırıqları icra etməsi daha məntiqli görünür. Burada digər sahələr də istisna deyil. Sadəcə, mənə elə gəlir ki, daha çox xarici siyasət məsələləri ilə əlaqədar xüsusi tapşırıqlar icra edəcəyi daha inandırıcı görünür. Onun peşəkarlığı, keyfiyyəti, istedadı imkan verir ki, cənab Prezidentin müəyyən etdiyi xüsusi tapşırıqları ləyaqətlə yerinə yetirsin”.
Fazil Mustafa
Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa ölkə rəhbərinin bir sıra vacib məsələlərin müzakirəsi üçün belə bir qərara ehtiyac duyduğunu düşünür: “Bu məsələ ilə bağlı açıqlama vermək üçün xüsusi tapşırıqlar üzrə təmsilçinin əsasnaməsi ilə tanış olmaq lazımdır. Açığı, mən də bu əsasnamə ilə tanış deyiləm. Ona görə də ona hansı səlahiyyətlərin verildiyi barədə bilgim yoxdur. Amma hesab edirəm ki, yəqin Prezident bunu daha çox Qarabağ və digər mühüm, dövlət əhəmiyyətli məsələlər üzərində belə bir personanın onun adından danışıqlar aparmasını vacib hesab etdiyinə görə bu qərarı qəbul edib. Bu da bütün ölkələrdə olub və bu dövlətlərdə bütövlükdə prezidenti təmsil edən əlahiddə vəziyyətlərdə onun tapşırıqlarını həyata keçirən şəxslərin fəaliyyət göstərməsi normal qəbul olunan haldır. Ona görə də yəqin bu istiqamətdə çalışmalar olacaq. Amma hər halda, belə bir əsasnamə olarsa, orada başqa müddəalar da göstərilə bilər. Onu biləndən sonra fikir söyləmək olar. Amma görünən budur ki, daha əlahiddə dövlət əhəmiyyətli məsələlərin müzakirəsi üçün həm də təcrübəli, sınaqlardan çıxmış bir şəxsin, xüsusilə Qarabağ məsələsində kifayət qədər səmərəli işlər görmüş bir şəxsin təyin olunması, hər halda, ondan xəbər verir ki, daha ciddi, yaxınlarda dövlət əhəmiyyətli məsələlər müzakirə olunacaq. Və burada da təmsilçilik forması bu cür məqsədəuyğun sayılıb”.