15 iyul 2023
212

 Brüssel görüşündən öncə Bakıya vacib zəng: İlin sonuna kimi vaxt istənildi - Kritik gəlişmə

Brüssel görüşündən öncə Bakıya vacib zəng: İlin sonuna kimi vaxt istənildi
Bu gün Brüsseldə Azərbaycan Prezidenti ilə Ermənistanın baş naziri arasında növbəti görüş baş tutacaq. Ümumilikdə isə bu cür görüşlər irəliyə atılmış addımdır. Bununla da dünya ictimaiyyəti daha çox Azərbaycanın yanında yer almağa başlayır. Üçtərəfli bəyanatın imzalanmasından sonra Azərbaycana olan yanaşmalar fərqli idi. Hətta bir sıra ölkələr Qarabağın dağlıq hissəsində olan ermənilərin maraqlarından çıxış edirdi.

Yenimeydan.info bildirir ki, bunu Teleqraf.com-a politoloq Zaur Məmmədov deyib.

Onun fikrincə, danışıqlar Azərbaycanın mövqeyini gücləndirdi:

“Nikol Paşinyan Qarabağı Azərbaycan ərazisi kimi tanıdığını bəyan etdi. Həmçinin onun anklavlarla, sərhəd məsələləri ilə bağlı açıqlamaları üstün mövqelərə çatmağımıza səbəb oldu. Bunun nəticəsidir ki, Qərbi Zəngəzurun aqibəti müzakirə predmeti olub. Zəngəzur dəhlizi delimitasiya və demarkasiya məsələləri Azərbaycan-Ermənistan arasında danışıqların əsas mövzularından və istiqamətlərindən biridir”.

Politoloq hesab edir ki, Brüsseldən öncə Vaşinqton və Belçikada baş tutan görüşlərdə də Azərbaycan çox böyük üstünlüklər əldə edib:

“Hər kəs başa düşməlidir ki, Azərbaycan qalib tərəfdir. Ona görə də, sülhü ilk növbədə Bakı yox, İrəvan istəməlidir. Sülhdə zəif, tənəzzülə uğrayan Ermənistan maraqlı olmalıdır. Bu olmasa, Azərbaycan bu və ya başqa yollarla özünə aid olanı əldə edəcək”.

Zaur Məmmədov bu gün liderlər arasında baş tutacaq Brüssel görüşünün sifahi bəyanatlarla yekunlaşacağı ehtimalını dəyərləndirib:

“Burada hər hansı bir sənədin imzalanması gözlənilmir. Çünki erməni tərəfi hələ də danışıqlar prosesini pozmaqla məşğuldur. Ermənistanın sərhədlərlə, sərhədçilərin geri çəkilməsi ilə bağlı israrı var. Eyni zamanda Qarabağda yaşayan ermənilərin təhlükəsizliyi və hüquqlarının Azərbaycanla beynəlxalq vasitəçilər arasında danışıqların aparılması təklifi rəsmi Bakı tərəfindən qəbul edilmir. Brüssel görüşündən öncə Azərbaycan Prezidentinə edilən zənglər, müxtəlif rəsmi şəxslərin ölkəmizə səfərləri Cənubi Qafqazda ciddi rəqabətin getdiyini göstərir. Eyni zamanda ilin sonuna kimi bəzi ölkələr səbrlə danışıqları gözləməyi xahiş edir. Bu isə Azərbaycanın antiterror əməliyyatlarını gələcəyə saxlaması ilə bağlıdır. Amma Ermənistan ortaya müsbət yanaşma qoymasa vəziyyət dəyişəcək. Azərbaycan müxtəlif təşkilatlarla baş tutan görüşlərdə Ermənistana ultimatum verib ki, bu il sülh olmasa, ölkəmiz öz bildiyi kimi hərəkət edəcək”.