15 iyul 2023
223

Rəşid Behbudovdan yadigar qalan bahalı brilyantlar oğurlanıb – Təfərrüat

Space TV-nin keçmiş direktoru, dahi musiqiçi Rəşid Behbudovun kürəkəni Kamil Şahverdinin evindən oğurluq olub.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Kamil Şahverdinin Səbail rayon Neftçilər prospektində yerləşən evində xadimə işləmiş 1981-ci il təvəllüdlü İrina Vatolinaya oğurluq əməlinə görə cinayət işi açılıb. O, Cinayət Məcəlləsinin 177.3.2-ci (oğurluq-külli miqdarda zərər vurmaqla) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib.
Məlum olub ki, İ.Vatolina evdən ümumilikdə 53 min 814 AZN-lik oğurluq edib. O, evdən işlədiyi müddətdə gizli olaraq hissə-hissə olmaqla çoxsaylı qızıl-zinət əşyalarını, bahalı bəzək əşyalarını, medalyonları və s. oğurlayıb.

Oğurlanan əşyalar arasında dəyəri 5000 manat dəyərində olan brilyant qaşlarla bəzədilmiş qızıl üzük və sırğa dəsti, 3000 manat dəyərində firuzə qaşlarla bəzədilmiş 1 qızıl üzük və sırğa dəsti, 3000 manat dəyərində, ortasında amitis qaş, ətrafı brilyant qaşlarla bəzədilmiş 1 qızıl üzük və sırğa dəsti, 3000 manat dəyərində olan, 2 karat brilyant qaşlarla bəzədilmiş qızıl üzük, 4000 manat dəyərində 3 karat brilyantla bəzədilmiş qızıl sırğa və üzük dəsti, ümumi dəyəri 5000 manat olan, brilyant qaşlarla bəzədilmiş 4 ədəd üzük, ümumi dəyəri 4000 manat olan 3 ədəd müxtəlif ölçülərdə qızıl qolbaq, ümumi dəyəri 3000 manat olan 3 ədəd qızıl saat, 7000 manat dəyərində olan, ağ qaşlarla bəzədilmiş, üzük, sırğa, bilərzik və boyunbağıdan ibarət 1 ağ qızıl platin dəst və s. də olub.
K.Şahverdi ifadəsində oğurlanan əşyaların əksəriyyətinin SSRİ Xalq artisti Rəşid Behbudovdan qızı, yəni onun həyat yoldaşı Rəşidə Behbudovaya yadigar qaldığını və bu əşyaların onlar üçün böyük mənəvi dəyərə malik olduğunu deyib.
O, həmçinin qeyd edib ki, İrina onlara məxsus evdə daha əvvəl xadimə işləyib və pandemiya vaxtı işdən çıxıb. Lakin sonradan Rəşidə xanıma dəfələrlə zəng edərək yenidən işə qayıtmaq istədiyini deyib və onu işə götürüblər. O, İrinanın evdə olarkən tez-tez iti gəzdirmək üçün çıxıb getdiyini, daha sonra ondan şübhələndiklərini və evdə saxladıqları çoxsaylı qızıl-zinət əşyalarının oğurlanmasını üzə çıxardıqlarını bildirib.
Fotoda Kamil Şahverdi

İrina Vatolina barəsində başlanılmış cinayət işinin materialları Bakı Ağır Cinayətlər Məhkəməsinə daxil olub. Məhkəmədə təqsirləndirilən şəxs oğurluq əməlini inkar edib. O, evdən yalnız bijuteriya əşyalarını və istifadəyə yararsız bir neçə elektronika əşyasını götürdüyünü və daha sonra qaytardığını deyib. Kamil Şahverdi isə Rəşid Behbudovdan qalan və onlar üçün böyük əhəmiyyəti olan əşyaların qaytarılması təqdirdə İrinadan şikayətlərini geri çəkə biləcəklərini deyib.
İyulun 11-də məhkəmə prosesi başa çatıb. İrina Vatolina Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə təqsirli bilinərək 5 il müddətinə azadlıqdan məhrum edilib. İstintaq müddətində polisin nəzarəti altında olan 42 yaşlı qadın məhkəmə zalındaca həbs edilib.
Qeyd edək ki, Kamil Şahverdi uzun illər Space TV-nin icraçı direktoru, 2021-2022-ci illərdə isə kanalın rəhbəri olub. Həmçinin o, Rəşid Behbudov Fondunun direktorudur. Rəşidə Behbudova isə xeyli vaxtdır yataq xəstəsidir və ev şəraitində müalicə olunur.