13 iyul 2023
215
“İran Zəngəzur Dəhlizinin açılmasına imkan verməyəcək” - Əli Əkbər Vilayəti AÇIQLADI
İranın sabiq xarici işlər naziri, hazırda bu ölkənin dini liderinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti maraqlı bir məqamlə ilə çıxış edib. YeniMeydan.info JAMAZ.İNFO-ya istinadla xəbər verir ki, “Tasnim” Agentliyində dərc olunan məqalədə Vilayəti NATO-nun planları və Qafqazın gələcəyi ilə bağlı müəyyən fikirlərlə çıxış edib.
Keçmiş nazir məqaləsinin əvvəlində iddia edir ki, Rusiya Ukraynada çox böyük itkilər vermək bahasına da olsa, qalib gələcək. Lakin o, bu əminliyin haradan gəldiyi barədə heç bir qeyd etməyib.
Daha sonra Vilayəti Qafqaz bölgəsi barədə ətraflı danışmağa çalışıb. O yazır ki, Türkiyənin Rusiyaya qarşı münasibətində ciddi dəyişiklik var. “Hazırda Ukrayna müharibəsinin qızğın çağında özünü Rusiyaya yaxın kimi təqdim edən Türkiyənin siyasətində daha bir dəyişiklik tərzinin şahidi oluruq. Türkiyənin İsveçin NATO-ya üzvlüyünü təsdiqləməyə razı olduğu artıq bəllidir. Eyni zamanda, Azov döyüşçülərinin bir qismini Ukraynaya verdi. Bu mövqe dəyişikliyi baş verdiyi dönəmdə isə başqa bir hadisə diqqəti çəkməyə başlayıb. Bu da Türkiyə ilə Azərbaycanı birləşdirəcək Zəngəzur Dəhlizi məsələsi aktiv şəkildə gündəmə oturub”.
İranın sabiq xarici işlər naziri bildirir ki, İran dəhlizin açılmasına qarşıdır. “Bu da onunla bağlıdır ki, məsələ təkcə Naxçıvanla yekunlaşmır. Amma bir məsələ də var ki, əgər bu açılma Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında əlaqənin asanlaşması olacaqsa, eyni zamanda, Ermənistanın geniş ərazisinin qonşular tərəfindən işğalına ehtiyac qaylmayacaq”.
Vilayəti iddia edib ki, son zamanlar Azərbaycan və Türkiyə arasında münasibətlərdə soyuqluq yaranıb. Hətta bunun gərgin həddə olduğunu da məqaləsində qeyd edib. “Yavaş-yavaş reallıqlar bəlli oldu. Naxçıvanı Azərbaycan Respublikasına bağlayan bu geniş əlaqələrin arxasında məqsəd, birincisi, Ermənistanı iki yerə bölmək, ikincisi, İran və Ermənistanı bir-birindən ayırmaq, iki ölkə arasında Əhəmənilər və Parfiya imperiyaları dövrünə aid olan əlaqəni kəsməkdir. Üçüncüsü, İranın xariclə əlaqəsini məhdudlaşdıracaq və bundan sonra biz 15 ölkə ilə deyil, 14 ölkə ilə qonşu olacağıq. Nəticədə, İranın Şimali Qafqaz, Rusiya və Avropa qitəsi ilə sərbəst əlaqəsi pozulacaq. Regional sərhədlərdə istənilən dəyişiklik uzunmüddətli gərginliyə səbəb olacaq”.
Müəllif məqaləsində başqa iddialar da irəli sürüb. Məsələn, Vilayəti yazıb ki, İstanbul və Pekin arasında əlaqənin yaradılması məsələsi Türkiyənin NATO ilə əlaqələrinin əhatə dairəsini nəzərə alaraq, pantürkizm adlı xəyali dünyanın formalaşmasını ifadə etməkdən daha çox, İranı əhatə edəcək bir zolağın yaranmasına gətirib çıxaracaq. “Şimaldan Rusiya, cənubdan isə NATO-nun təsirini bölgəyə yayır. Naxçıvan yolunun açılması ticarəti və əməkdaşlığı inkişaf etdirmək əvəzinə, NATO və onun bu münaqişədə rol oynayan bəzi üzvlərinin ölkənin şimalında bütün obyektlərin və girişlərin daha ciddi və fəal olmasına zəmin yaratmasına səbəb ola bilər”.
Vilayəti daha sonra təəssüflə vurğulayır ki, Ukraynadakı ciddi və mürəkkəb toqquşma problemi Qafqaz regionunda müəyyən səhlənkarlığa səbəb olub. “İlkin olaraq altı ölkənin qatıldığı 3+3 formatı fəaliyyətsiz qaldı, indi də bir işə yaramır. İndi isə Cənubi Qafqaz regionu Avropa İttifaqının, Fransanın, ABŞ-ın və sionist rejimin müdaxiləsi və qeyri-qanuni və korrupsioner mövcudluğu üçün bir məkandır. Bu tendensiya davam edərsə, bu çox həssas bölgə praktiki olaraq bölgə dövlətlərinin təhlükəsizliyi üçün təhdidlərə çevriləcək”.
Sabiq nazir məqaləsində Rusiyanın da “qeydinə qalıb”. O bildirib ki, Rusiya diqqətli olmalıdır. “Bilsinlər ki, Qafqazda hər hansı kiçik səhlənkarlıq Rusiya və İranın maraqlarına zərbə vuracaq. Müxtəlif ölkələr və pis niyyətli tərəflər arasında işğal və rəqabət məkanına çevirəcək. Əgər onlar etinasızlıq etsələr, Ukraynada əhəmiyyətli bir iş görə bilməyən amerikalılar və onların agentləri çox həssas Cənubi Qafqaz regionunda gərginlik yaradan amilləri artıracaq və bütün regionun təhlükəsizliyini pozacaqlar”.
Vilayəti hesab edir ki, Qərbin enerji təchizatı ilə bağlı problemi var. “Qərblilər bu bölgənin və onun ətrafındakı rayonların imkanlarını, resurslarını nəzərdən qaçırmayacaqlar. Onların tamah gözləri bölgədə var və bu bölgəyə müdaxilə etmək üçün səylərini əsirgəməyəcəklər. Aydındır ki, onlar Xəzərin və Qafqazın enerji resurslarına çıxış axtarırlar və biz hamımız onu qorumalıyıq. Bundan əlavə, İran və Rusiyanın düşmənlərinin, o cümlədən ABŞ, Avropa və sionist rejimin bu həssas bölgədə təsiri və məcmu iştirakı digər region xalqlarının da gələcək maraqlarını təhlükə altına salacaq”.
Keçmiş nazir sonda qeyd edib ki, regionda baş vermiş problemlərin və mürəkkəb məsələlərin hər hansı bir etinasızlıq və həddən artıq sadələşdirilməsi onların Cənubi Qafqaz regionu ilə məhdudlaşmamasına, həm də təsirlərinin Şimali Qafqaza və ən əsası Xəzər dənizinə yayılmasına səbəb olacaq. “Önun ətrafındakı ölkələr üçün bu, xüsusən də İran və Rusiyanın qırmızı xətti olmalıdır. Xəzər dənizi yalnız onunla həmsərhəd olan ölkələrə məxsusdur və heç kəsə heç bir vasitə ilə bu çox vacib dənizdə möhkəmlənməyə icazə verilməyəcək”.
Oxşar Xəbərlər: