17 may 2023
211

Rusiya meydanda tək qalır: Ən yaxın müttəfiqləri də Moskvadan uzaqlaşır

Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Valday Beynəlxalq Diskussiya Klubunun III Mərkəzi Asiya Konfransında bildirib ki, bəzi Mərkəzi Asiya ölkələri Rusiyaya qarşı sanksiyalara qoşula bilər. O qeyd edib ki, bu dövlətlər riski öz üzərlərinə götürməyə hazır deyillər:

“Bəzi Mərkəzi Asiya ölkələri riskə getməyə hazır olmadıqlarını və Qərbin Rusiyaya qarşı sanksiyalarına qoşula biləcəklərini açıq şəkildə bildirirlər. Birtərəfli iqtisadi məhdudiyyətlərin qəbuledilməzliyi və qeyri-legitimliyi ilə bağlı mövqelərin üst-üstə düşməsinə baxmayaraq, bir sıra Mərkəzi Asiya ölkələri müvafiq riskləri öz üzərlərinə götürmək istəmir və Qərbin məhdudlaşdırıcı tədbirlərinə əməl etməyə hazır olduqlarını açıq şəkildə bildirirlər”.

Qaluzin sözlərinə görə, Rusiya heç kimə “qarşılıqlı öhdəliklərə, o cümlədən KTMT, Aİİ və MDB üzrə öhdəliklərə zidd olmadıqda” hansı xarici və daxili siyasi kursla getməli olduğunu diktə etmir:

“Biz əminik ki, Mərkəzi Asiya paytaxtları bunu yaxşı görür və başa düşür: Rusiya ilə əlaqələrin süni şəkildə pozulması bədnam ikinci dərəcəli sanksiyaların xərclərindən daha ciddi zərərlə nəticələnə bilər”.

Qeyd edək ki, ABŞ və Qərb Rusiyaya qarşı yeni sanksiyalar paketini hazırlayır. Daha doğrusu bu sanksiyalar Rusiyadan daha çox, ona düşdüyü çətinliklərdən çıxmağa kömək edən ölkələrə yönəlik sanksiyalar olacaq. Bu sanksiyalar paketinə G7 ölkələrinin Yaponiyda keçiriləcək görüşündə baxılacaq.

Bir sıra ölkələr Moskvaya Qərbin sanksiyalarından yan keçməkdə yardım edir. Bu ölkələr sırasında Gürcüstan, Ermənistan, Qazaxıstan, Orta Asiya ölkələri, Çin və Hindistanın adı çəkilir. Belə ki, Rusiyanın sanksiyalara məruz qalan bir sıra şirkətləri öz fəaliyyətlərini adıçəkilən ölkələrdən istifadə etməklə qeyri-qanuni yollarla öz fəaliyyətlərini davam etdirirlər. Nəticədə bir sıra hallarda Rusiyaya yenə də üçüncü ölkələr vasitəsilə qadağan olunan mallar gəlir. Yaranmış vəziyyət Qərbi Rusiyaya qapı açan həmin ölkələrlə bağlı da ölçü götürməyə vadar edir.
Görünən odur ki, Qərb bu məsələdə qətidir. Onun nəticəsidir ki, Ermənistan baş naziri Nikol Paşinyan da ölkəsinə yönəlik sanksiyaların ağır nəticələr verəcəyindən narahatlığını ifadə edib.

Bu fonda Rusiya XİN sədrinin müavini Qaluzinin açıqlaması onu deməyə əsas verir ki, Kreml istəməsə də belə, Mərkəzi Asiya ölkələrinin narahatlığını və onların sanksiyalara qoşulmaq məcburiyyətində qaldıqlarını almamaq zorundadır. Belədə, Qaluzinin bu açıqlaması Moskvanın istəməsə də, Mərkəzi Asiya ölkələrinə həmin məsələdə istədikləri kimi hərəkət etməyə yaşıl işıq yandırdığını deməyə əsas verir. Bu da onu göstərir ki, Rusiya indiki vəziyyətində hətta ən yaxın müttəfiqlərinə belə təsir etmək, onları öz istədiyi istiqamətə yönəltmək gücündə deyil. Ona görə də Ermənistan və Mərkəzi Asiyadakı vassallarının bu sayaq demarşlarına göz yummağa məhkumdur.

Mərkəzi Asiya ölkələri isə həmin açıqlama ilə prosesin bu cür davam etməsində günahkar olmadıqlarını göstərməklə özlərini Rusiya qarşısında təmizə çıxarmaq istəyiblər. Deməli, yaxın zamanlarda Rusiyanın ən yaxın müttəfiqlərinin də ona qarşı sanksiyalara qoşulacağının şahidi olacağıq.

Hər halda, Qaluzinin bu açıqlaması onu göstərir ki, mövcud vəziyyətdə Kreml ən yaxın müttəfiqlərinə belə təzyiq etmək imkanında deyil. Belədə görünən odur ki, tədricən də olsa, müttəfiqləri belə Kremldən uzaqlaşmağa çalışırlar. Bu da Rusiyanın artıq acınacaqlı duruma düşdüyünün bariz nümunəsidir. Belə davam edəcəyi təqdirdə, növbəti mərhələdə Rusiya digər müttəfiqlərindən də məhrum ola bilər.