13 may 2023
95

300 bal toplayan 9-cu sinif şagirdi: “Repetitor yanına getməmişəm”

   Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə aprelin 16-da keçirilən buraxılış imtahanlarının nəticələri elan olunub. Dövlət İmtahan Mərkəzindən (DİM) AzEdu.az-a bildirilib ki, imtahan iştirakçıları arasında 1 nəfər maksimal olan 300 bal toplamaqla ən yüksək nəticəni göstərib. Bu, Akademik Zərifə Əliyeva adına liseyin şagirdi Tural Azər oğlu Əfəndiyevdir.
Yenimeydan.info   xəbər verir ki, AzEdu.az saytı Turalla əlaqə saxlayaraq, onun təəssüratlarını öyrənib.
– Tural, buraxılış imtahanından respublika üzrə ən yüksək nəticəni sən toplamısan. Hansı hissləri keçirirsən?

– Bu nəticəni gözləmirdim, çox xoşbəxtəm. Hardasa, 280 bala yaxın nəticə əldə edəcəyimi düşünürdüm.

– Hansı fənn üzrə yazdıqlarından əmin deyildin?

– Məncə, imtahan elə də çətin deyildi. Riyaziyyatdan 100 bal gözləyirdim, ancaq ana dilindən açıq suallardan tam əmin deyildim.

– Buraxılış imtahanında əldə etdiyin nəticə təkcə öz əməyinin bəhrəsidir, yoxsa repetitorla hazırlaşmışdın?

– Xeyr, heç bir repitetorla hazırlaşmamışam.

– Hansısa ixtisas qrupu seçmisən?

– Bəli, IV qrup üzrə hazırlaşıram, tibb ixtisası üzrə təhsil almaq istəyirəm.

– Azərbaycanda təhsil almaq istəyirsən, yoxsa xarici ölkədə?

– Hələ ki buna qərar verməmişəm

– Uğurunun sirri nədir? Yaşıdlarına hansı tövsiyəni vermək istərdin?

– Dərsləri vaxtında oxumaq lazımdır. VI sinif dərsini VI sinifdə, VII sinif dərsini də VII sinifdə. Beləliklə, hər şeyə vaxt çatdırmaq olar. İmtahana bir ay qalmış da bütün mövzuları gücləndirilmiş rejimdə təkrar etmək mütləqdir.