11 may 2023
207

SƏRHƏDDƏ TOQQUŞMALAR DAVAM EDİR: “RUSİYANIN SİFARİŞİDİR…” – PARTİYA LİDERİ

      Təxribat halları baş verirsə, bu, bilavasitə Rusiyadan gələn sifarişdir. Məqsəd Brussel görüşü öncəsi, həmçinin onun ardınca 1 iyun tarixində Kşinyovda olacaq görüşün əhəmiyyətini azaltmaq, tərəflər arasında münasibətləri gərginləşdirmək, özünün vasitəçilik missiyasını qabardaraq növbəti prosesdə vasitəçiliyin Rusiya tərəfindən həyata keçirilməsinə nail olmaqdır.Bu sözləri Tribunainfo.az-a Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Arzuxan Əlizadə Brüsseldə keçiriləcək Əliyev-Paşinyan görüşünə sayılı günlər qaldığıl ərəfədə Zod istiqamətində atışmaların başlama səbəbləri barədə danışarkən deyib.

A.Əlizadə bildirib ki, mayın 14-də görüşün keçirilməsi artıq razılaşdırılıb. Ancaq məlumdur ki, Rusiya bundan narahatdır və vasitəçilik missiyasının Qərbin və Amerikanın keçirməsində maraqlı deyil:
“Rusiya daha çox özünün vasitəçiliyinə üstünlük verir. O mənada təxribatların olacağı əvvəlcədən proqnozlaşdırılırdı. Çünki hər dəfə Amerika və ya Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə keçirilən görüşlərdən ya əvvəl, ya da dərhal sonra təxribatların olması faktları mövcud olub. Məqsəd Rusiyanın əhəmiyyətini bir qədər də böyütmək, Rusiyanın vasitəçiliyi olmadan problem həll etməyin mümkünsüzlüyünü qabartmaq və bununla da vasitəçilik missiyasını özünün həyata keçirməsinə nail olmaqdır.
Rusiya kifayət qədər ciddi təsirə malikdir Ermənistanda. Nikol Paşinyan bundan əvvəlki dönəmdə də deyib, sərhəddə sonuncu atışmadan sonra da konkret olaraq bildirdi ki, Ermənistan ordusunda 5-ci kolon nümayəndələri mövcuddur, bir çox hallarda Ermənistan hərbi qüvvələrinin rəhbərliyində olan şəxslər Nikol Paşinyanın əmrlərinə tabe olmurlar və hətta fərqli qərarlar verirlər və bu cür təxribatlara gedildiyini etiraf etmişdi. Sirr də deyil ki, 5-ci kolon Rusiyaya xidmət edən qüvvələrdir.
Bu cür təxribat halları baş verirsə, hesab edirəm ki, bu bilavasitə Rusiyadan gələn sifarişdir və Brussel görüşü öncəsi, həmçinin onun ardınca 1 iyun tarixində Kşinyovda olacaq görüşün əhəmiyyətini azaltmaq, tərəflər arasında münasibətləri gərginləşdirmək, özünün vasitəçilik missiyasını qabardaraq növbəti prosesdə vasitəçiliyin Rusiya tərəfindən həyata keçirilməsinə nail olmaqdır”.