20 fevral 2023
354

GDU-da "saxta dosent diplomunuⅦ təsdiqlətmək üçün hansı üsula əl atılır?

 




Azərbaycan Respublikasının Prezidenti cənab İLHAM ƏLİYEVƏ,surəti-Azərbaycan Respublikası Prezidenti yanında Ali  Attestasiya Komissiyasının sədri cənab  FAMİL  MUSTAFAYEVƏ Gəncə Dövlət Universitetinin "Coğrafiya" kafedrasının bir qrup müəllimi tərəfindən müraciət ünvanlanıb.Bir nüxsəsi də Mediatv.az-ın elektron poçtuna daxil olan müraciətdə deyilir:
 Hörmətli  CƏNAB PREZİDENT,
 Hörmətli Famil müəllim,
Təhsil müəssisələrində hazırlanan tədris vəsaitlərində plagiat halları ilə mübarizənin  gücləndirilməsi  haqqında  Azərbaycan  Respublikası Təhsil Nazirinin   05.07.2016-ci  il tarixli 464 saylı əmri mövcuddur. Əmri o vaxtkı Təhsil  Naziri  Mikayıl Cabbarov imzalamışdır. Həmin əmrin 5-ci bəndində deyilir:
"Təhsil  müəssisələrinin rəhbərlərinə qrif almaq üçün təqdim olunan tədris  vəsaitlərinin  formal  müzakirəsinin  qarşısının  alınması, müasir  yoxlama metodlrının tətbiqi  və plagiat faktı təsdiqləndiyi bütün tədris vəsaitlərinin təhsil müəssisələrində tədris prosessindən, kitabxanalardan və satışdan çıxarılması, onların müəlliflərinin isə əmək müqaviləsinə xitam verilməsi tapşırılsın".
Sizə bildirmək istəyirik ki, Gəncə Dövlət Universitetinin "Coğrafiya" kafedrasının baş müəllimi, coğrafiya  üzrə fəlsəfə doktoru Nəsibə Niyaz qızı Hacıyevanın  müəllifi olduğu  "Coğrafiyanın ekoloji əsasları" adlı dərs vəsaitinə Təhsil Nazirliyi tərəfindən verilmiş  nəşr  hüququ (22.01.2013-cü il  tarixli  94  saylı  əmr)  Təhsil  Nazirliyinin  23.06.2015-ci  il tarixli 698 saylı əmri ilə plagiat faktının aşkarlanması ilə əlaqədar ləğv edilmişdir. Bununla  bağlı  məsələyə  Azərbaycan Respublikası  Prezidenti  yanında  Ali  Attestasiya  Kollegiyasının  09.02.2016-cı il tarixli  (protokol № 04-K)  iclasında baxılmış  və  AAK  Kollegiyasının  05.11.2013-cü  il  tarixli  (protokol № 27-K)  iclasında ona verilmiş "Coğrafiya" kafedrası üzrə dosent  elmi  adı və attestatından məhrum edilməsi haqqında qərar qəbul edilmişdir.
Təhsil Nazirliyinin  yuxarıda qeyd edilən  05.07.2016-cı il tarixli 464 saylı əmrinin  5-ci  bəndinə  əsasən plagiata görə müəlliflə bağlanmış əmək müqaviləsinə  xitam verilməli olduğu halda Gəncə Dövlət Universitetinin rəhbərliyi  rüşvət  müqabilində  qərarın bu bəndinin icrasını təmin etməmişdir.
       Bundan başqa Nəsibə Hacıyeva  ləğv olunmuş dosent diplomunu təhvil verməmiş, həmin diplomun surəti ilə Qazaxda Bakı Dövlət Universitetinin filialında dərs demiş,dosent kimi maaş almışdır.
Hal-hazırda  isə  Gəncə Dövlət Universitetinin  tədris məsələləri  üzrə prorektoru, dosent  Şahin Xurşudov və universitetin rektoru Yusif Yusibov  baş müəllim Nəsibə Hacıyevadan 10000 manat rüşvət alaraq, ona  müvafiq  ixtisas  üzrə dosent elmi adı almaq üçün Elmi Şura  tərəfindən  AAK  qarşısında  vəsatət  qaldırılmasına  çalışır.
Hörmətli  cənab Prezident, saxtakarlığa, plagiatlığa  yol verən adamlar cəmiyyətdə düzgün mövqe tutmur. Belə adamlar elmə ləkədir, bunlar   həm  özünü, həm  də işlədiyi  kollektivi hörmətdən salır. Onun-bunun kitablarını köçürüb öz adına nəşr etdirən belə bir adama yenidən dosent elmi adının verilməsini  bu elmi  ada təhqir hesab edirik.
Hörmətli  cənab Prezident, hörmətli Famil müəllim,  10000 manat rüşvət müqabilində Gəncə Dövlət Universitetinin rəhbərliyi tərəfindən  AAK  qarşısında  vəsatət  qaldırılaraq,  belə  bir  saxta "alimə"  dosent elmi  adının  verilməsinin  qarşısının  alınmasını kafedra əməkdaşları adından Sizdən  xahiş edirik.