13 dekabr 2025
10
Xalq şairinin qızı ölkədən qaçan qardaşından danışdı
Xəbər verdiyimiz kimi, Azərbaycanın mərhum xalq şairi Söhrab Tahirin oğlu, Dövlət Gömrük Komitəsinin əməkdaşı Tahir Tahirinin İrana qaçdığı iddia olunur.
Yenimeydan.info xəbər verir ki, xalq şairi Söhrab Tahirin qızı, Tahir Tahirinin bacısı Nəsibə Tahir Globalinfo.az-a açıqlamasında qardaşının Azərbaycandan İrana qaçmasından xəbərsiz olduğunu bildirib.
“Təəssüf ki, bu barədə heç bir söz deyə bilməyəcəm. Çünki bizim çoxdandır ki, onlarla əlaqəmiz yoxdur”, – N.Tahir deyib.
Qeyd edək ki, Tahir Tahiri Dövlət Gömrük Komitəsinin (DGK) əməkdaşı olub. Bu ilin dekabrında DGK-də aparılan əməliyyatlar çərçivəsində Tahir Tahirinin məsuliyyətdən yayınmaq məqsədilə İrana qaçdığı iddia olunub, lakin bu məlumat rəsmi qurumların bəyanatı ilə təsdiqlənməyib.
Məlumat üçün bildirək ki, mərhum xalq şairi Söhrab Tahir 27 may 1926-cı ildə İranın Astara şəhərində, Gilan ostanında dünyaya gəlib. “Səadət” və “Şahpur” məktəblərində 9-cu sinfədək təhsil almış şair, ailə vəziyyətinin ağırlığı üzündən atası ilə “İran-İngilis neft şirkəti”ndə işləməyə məcbur olub. Daha sonra atası siyasi fəaliyyətinə görə həbs olunub, Kirmanşaha sürgün edilib.
Sovet Ordusunun İrana daxil olmasından sonra xalq hərəkatında fəal iştirak edən S.Tahir 1945-1946-cı illərdə ADF MK-də təşkilat şöbəsində təlimatçı işləyib.
1946-cı ildə Azərbaycan Milli Hökuməti tərəfindən Bakıya hərbi təhsil almağa göndərilib.
1947-1950-ci illərdə Bakı Diş və Feldşerlik məktəbində təhsil alıb.
1952-1957-ci illərdə isə ADU-nun Filologiya fakültəsində oxuyub.
1959-1961-ci illərdə Moskvada Maksim Qorki adına Ali Ədəbiyyat kurslarında müdavim olub.
“Tahir” və “Azərazər” təxəllüslərindən istifadə edən şair 1962-1966-cı illərdə ADF-in Bakı komitəsində birinci katib, “Azərbaycan” qəzeti və jurnalı redaksiyalarında bədii şöbələrdə müdir, “Səhər” ədəbi-tarixi jurnalında baş redaktor müavini, 1984-cü ildən isə “Azərbaycan” jurnalında redaktor olub. İlk nəsr kitabı 1981-ci ildə işıq üzü görüb.
2002-ci ildən prezident təqaüdçüsü olub. 2006-cı ildə Azərbaycan Prezidentinin sərəncamı ilə “Şöhrət” ordeni ilə təltif edilib.
Xalq şairi Söhrab Tahir uzun illər şəkər xəstəliyindən əziyyət çəkib. Son illərdə xəstəliyi şiddətlənib və nəticədə ayaqlarında qanqrena yaranıb. 30 mart 2016-cı ildə sağ ayağı, 4 aprel 2016-cı ildə isə sol ayağı amputasiya olunub. Bundan sonra görkəmli şair 4 may 2016-cı ildə vəfat edib.
II Fəxri xiyabanda dəfn olunub.
Söhrab Tahir Azərbaycan ədəbiyyatının görkəmli simalarından biri olub. Onun yaradıcılığı azadlıq, vətənpərvərlik və milli hərəkat mövzularını əks etdirir. Həm ədəbi, həm siyasi və ictimai fəaliyyəti ilə Azərbaycan mədəniyyətinə böyük töhfə verib.
Oxşar Xəbərlər:

Ölkədən qaçan gömrük əməkdaşı Xalq şairinin oğlu imiş - FOTO
Adnan Əhmədzadə ilə bağlı YENİ SENSASİON FAKTLAR-Rusiya trans-cinayətkar və “çirkli pulların yuyulması” şəbəkəsinə bağlantıları...

Media nümayəndələri təltif edildi -SİYAHI

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb

Prezident əfv sərəncamı imzaladı – SİYAHI