15 oktyabr 2025
54
Ramiz Mehdiyevin qızı atasının durumundan danışdı - "Siz nə haqla məni narahat edirsiniz?"
Prezident Administrasiyasının keçmiş rəhbəri, akademik Ramiz Mehdiyev cinayət məsuliyyətinə cəlb olunub və barəsində 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçilib.
Ötən axşamdan bəri müxtəlif şəxslər məsələ ilə bağlı açıqlama və şərhlər verirlər. Lakin Ramiz Mehdiyev, ailə üzvləri və yaxınları qərara münasibət bildirmirlər, akademikin ittihamları qəbul edib-etmədiyi də məlum deyil.
“Yeni Sabah” məsələ ilə bağlı R.Mehdiyevin qızı, Bakı Dövlət Universitetinin Sosial və pedaqoji psixologiya kafedrasının müdiri, psixologiya elmləri doktoru, professor Kamilə Əliyeva ilə əlaqə saxlayıb.
Saytın ona ünvanladığı suallar atasının hazırkı vəziyyəti, harada olması və ittihamları qəbul edib-etməməsi barədə olub.
K.Əliyeva sualları dinlədikdən sonra deyib:
“Əvvəlcə deyin görüm, mənim nömrəmi sizə kim verib? Siz nə haqla məni narahat edirsiniz?
Mən bu haqda heç nə danışmaq istəmirəm və bir kəlmə də deməyəcəyəm”.
Akademikin qızı bunları dedikdən sonra söhbəti yekunlaşdırıb və telefonu bağlayıb.
Qeyd edək ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsi Mehdiyev Ramiz Ənvər oğlu barədə cinayət işi üzrə qərar qəbul edib. Qərara əsasən məhkəmə xüsusilə ağır cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilən R.Mehdiyev barədə verilən vəsatəti təmin edərək, 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçib.
R.Mehdiyev Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham edilir.
Oxşar Xəbərlər:
Adnan Əhmədzadə ilə bağlı YENİ SENSASİON FAKTLAR-Rusiya trans-cinayətkar və “çirkli pulların yuyulması” şəbəkəsinə bağlantıları...

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb

Salyanda 43 yaşlı kişi məktəbli qızı qaçırdı: “Anası oğlunun evə daim qız gətirdiyini dedi” – TƏFƏRRÜAT

Tağı Əhmədovla sonuncu sensasion MÜSAHİBƏ – VİDEO

Prezident əfv sərəncamı imzaladı – SİYAHI