07 yanvar 2025
11

Bakının sərt xəbərdarlıqlarından gərəkən nəticəni çıxarmaq zamanıdır - Başqa yolu yoxdur...

Bakının sərt xəbərdarlıqlarından gərəkən nəticəni çıxarmaq zamanıdır
Ermənistan Azərbaycan və Türkiyə ilə sülh müqavilələrinin imzalanmasını bir il də ləngitdi. Bakı və Ankaranın İrəvana, onun timsalında erməni xalqına uzatdığı barışıq əli 2024-cü ildə də havadan asılı qaldı. Doğrudur, ötən il tərəflər arasında sülh sənədinin mətni üzrə danışıqlar, layihənin diplomatik məktublaşma yolu ilə intensiv müzakirəsi davam etdi və artıq konkret nəticələr də var.

Məsələn, ilsonu məlum oldu ki, sülh müqaviləsinin preambula hissəsi və 17 bənddən 15-i artıq razılaşdırılıb. Həmçinin keçən il ilk dəfə sərhədin dinc demarkasiyası baş tutdu, 4 kəndimiz qaytarıldı, sərhədlərin demarkasiyası üzrə ortaq əsasnamə təsdiqləndi. Ancaq əfsus ki, böyük sülh anlaşmasının reallaşmasına 1 nömrəli əngəl - qonşu ölkə konstitusiyasında ölkəmizə qarşı ərazi iddiası ilə bağlı müddəa aradan qalxmadı. Rəsmi Bakı 2025-də də ən əvvəl bunu, üstəgəl, ATƏT-in Minsk Qrupunun ləğvini İrəvan qarşısında tələb-şərt kimi irəli sürəcək. Aydındır ki, əsas şərt yerinə yetirilmədən nə sülh sənədi imzalanacaq, nə də iki ölkə arasında diplomatik əlaqələrin qurulması mümkün olacaq.

Heç bir normal dövlət onun ərazisinə konstitusion torpaq iddiası olan qonşu dövlətdə səfirlik açmaz. Bu, aksiomdur və onu kapitulyant tərəf nə qədər tez anlasa, bir o qədər təcriddən tez qurtulub inkişafa və sabitlik yoluna üz tutar, təcriddən qurtular. Çünki qardaş Türkiyə də bizimlə eyni mövqedədir və bu mövqe təzə ildə də dəyişməz qalacaq. Təəssüf ki, Ermənistan keçən il də sürətlə silahlanmağa, hücum silahları almağa davam etdi. Nə barədə ki, Prezident İlham Əliyev xalqa Yeni il müraciətində İrəvanı bir daha xəbərdar edib: “Ermənistanın genişmiqyaslı silahlanma kampaniyası bölgə üçün növbəti təhdid mənbəyidir. Əgər bu il bizim üçün ən narahatedici məqamı qeyd etsək, təbii ki, bu, Ermənistanın silahlanmasıdır. Bunun heç bir məntiqi izahı yoxdur. Ermənistan öz işğalçılıq siyasətində tamamilə iflasla üz-üzə qalmışdır. 2020-ci və ondan sonra 2023-cü illərdəki hərbi məğlubiyyətləri onlara düz yol göstərməli idi. Biz də buna çalışırdıq və bu gün də öz səylərimizi davam etdiririk. Mən dəfələrlə həm rəsmi bəyanatlarımda, həm Ermənistan tərəfi ilə apardığımız danışıqlar əsnasında onlara xəbərdarlıq etmişəm ki, bu təhlükəli yoldan çəkinsinlər. Onları təhrik edən və bu gün yenə də Azərbaycan üzərinə hücum etməyə vadar edən xarici dairələr, xarici ölkələr onların arxasında durmayacaq, sadəcə olaraq, dura bilməyəcək. Bizimlə bu bölgədə hərbi müstəvidə heç bir qüvvə rəqabət apara bilməz. Ona görə bir daha deyirəm, hələ ki, gec deyil, bu təhlükəli yoldan geri qayıtsınlar”...

Bəs İrəvan nəhayət, bu il həm hərbi məğlubiyyətlərdən, həm də Bakının sərt xəbərdarlıqlarından gərəkən nəticəni çıxaracaqmı? 2025-də sülh danışıqlarının perspektivi necə görünür? Zəfərin 5-ci ildönümünədək nəhayət ki, sülh sənədinin imzalanması mümkün olacaqmı?

Professor Qabil Hüseynlinin “Yeni Müsavat”a bildirdiyinə görə, bu il çərçivə sazişinin imzalanması istisna edilmir. “Azərbaycanla Ermənistan arasında niyyət protokolunun imzalanması vacibdir. Tərəflər xeyli yaxınlaşıblar və 2025-ci ildə prosesi inkişaf etdirmək üçün hansısa bir çərçivə sənədi olmalıdır. Çünki geriyə yol yoxdur. Geriyə yol Ermənistanın məhvi və yenidən Rusiyanın əlaltısına çevrilməsi deməkdir. Bunu istəmirlərsə, Türkiyə və Azərbaycanla münasibətlər qurulmalıdır, gediş-gəliş, ticarət olmalıdır. Bu problemlərin həllində isə fundamental düyünlər var”, - Q.Hüseynli belə hesab edir.

Onun sözlərinə görə, blokadada olan marşrut xətləri işə düşdüyü halda, regiona dayanıqlı sülh və sabitlik gələcək: “Bu zaman hərbi gərginlik sıfıra enir. Ona görə ki, logistikaların təhlükəsizliyini təmin etmək öhdəliyi var. Heç bir tərəf istəməz ki, daşımaların olduğu bir coğrafiyada hərbi eskalasiya baş versin. O nöqteyi-nəzərdən, Ermənistan koridorun açılması ilə bağlı real işlər görməlidir. Bu il nəqliyyat kommunikasiyalarının açılması istiqamətində praktiki addımlar olarsa, sülh sazişinin imzalanması da sürətlənəcək. Artıq 10 noyabr sənədinin imzalanmasının 5-ci ilinə daxil oluruq və hələ də 9-cu bəndlə bağlı razılaşma icra olunmayıb. Ermənistan bu anlaşmanı da yerinə yetirsə, üçtərəfli sənəddə həllini gözləyən bənd demək olar ki, qalmayacaq. Bundan sonra tarixi sülh müqaviləsini imzalamaq çətin olmayacaq. Tərəflər arasında etimad mühiti getdikcə yaranır və kənar müdaxilələr olmasa, bu il bəzi nəticələr əldə edilməsi mümkündür. Sadəcə, 2025-ci ildə yekun sülh müqaviləsinin olacağı ehtimalı yüksək deyil. Azərbaycanın tələbi yerinə yetirilmədiyi üçün məsələ uzana bilər. Ermənistan isə hələ gələn il referenduma hazırlaşacaq. Onu da nəzərə almaq lazımdır ki, bu il Paşinyan hakimiyyəti üçün seçkilər cəhətdən kövrək dövrdür. Belə vaxtda iqtidarına olan təhlükələri dəf etməyə çalışacaq, nəinki sülh sazişinə qol çəkəcək. 2026-cı ildə isə referendumdan sonra böyük anlaşma mümkündür. Buna qədər isə tərəflər danışıqları sürətləndirməlidir”.