27 dekabr 2024
8
Məhərrəm Ömrümovun şirkətində bədbəxt hadisə: Usta yıxıldı, vəzifəli şəxs ittiham edildi
Kəlbəcərli iş adamı Məhərrəm Ömrümovun direktoru olduğu "Perlit" Məhdud Məhsuliyyətli Cəmiyyətində (MMC) bədbəxt hadisə baş verib.
Qaynarinfo-nun məlumatına görə, Məhərrəm Ömrümov rəhbərlik etdiyi şirkətə usta kimi işə götürdüyü Namiq adlı şəxs tikinti işləri apardığı 4 mərtəbəli binanın 4-cü mərtəbəsindən yıxılaraq, kəllə-beyin travması və belindən ciddi xəsarətlər alıb.Məlum olub ki, "Perlit" MMC Nərimanov rayonu, Məmməd Araz küçəsi 68 ünvanında Azərbaycan Beynəlxalq Maarif Məktəbinin korpusunun tikintisini həyata keçirib. Tikinti zamanı təhlükəsizlik qaydalarının pozulması zamanı sözügedən bədbəxt hadisə baş verib.
Hadisəyə görə, "Perlit" MMC-nin Sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi (SƏTƏM) üzrə Yusif adlı mütəxəssisinə Cinayət Məcəlləsinin 222.2-ci maddəsi cinayət işi açılıb və iş məhkəməyə göndərilib.
Məhkəmədə zərərçəkmiş şəxs "Perlit" MMC-də işə başladığı zaman hər hansı xüsusi geyim və ya təhlükəsizlik vasitəsi ilə təmin olunmadığını bildirib. Onu bununla bağlı hər hansı şəxs təlimatlandırmayıb. Ümumi təlimat jurnalı olmaqla tikinti ərazisində tabel qoyulub və oraya imza atıblar. MMC-də onun işi usta olaraq tikilinin aqlay işlərini görməkdən ibarət olub. Təxminən 4-5 metr hündürlükdə taxta konstruksiyanın üzərində iş aparıb. Taxta ayağının altında qırıldığından hadisə baş verib.