28 dekabr 2024
10
Gəncə şəhər stadionunun yenidən qurulmasına 21,4 mln. manat ayrıldı
Gəncə şəhər stadionunun yenidən qurulması üzrə işlərin davam etdirilməsinə sərf olunacaq vəsaitin həcmi açıqlanıb.
İqtisadiyyat.az xəbər verir ki, Gənclər və İdman Nazirliyi yenidənqurma işlərinin icrasını “İnşaatçı 3” şirkətinə həvalə edib.
Nazirliklə şirkət arasında bağlanılmış müqaviləyə əsasən, stadionun yenidən qurulması üzrə işlərin davam etdirilməsi 21.385.424,33 manata başa gələcək.
Qeyd edək ki, Gəncə şəhəri gələn il MDB Oyunlarına ev sahibliyi edəcək.
Xatırladaq ki, 1959-1963-cü illərdə inşa edilən Gəncə şəhər stadionu 1964-cü ildə istismara verilib. Son illərdə stadionun tamaşaçı tribunaları yararsız vəziyyətə düşdüyündən və texniki cəhətdən istismarı mümkün olmadığından fəaliyyəti qismən həyata keçirilib. Bu ilin aprelin 9-da Prezident İlham Əliyev Gəncə şəhər stadionunun təməlini qoyub.
Yenidənqurma işləri çərçivəsində stadionun ərazisi genişləndirilərək 10 hektara çatdırılacaq. UEFA-nın 4-cü kateqoriya standartlarına uyğun inşa ediləcək stadionun tamaşaçı tutumu layihə üzrə 15 min 464 yerlikdir. Stadionda VVIP, VIP, SKY-box, media nümayəndələri və fiziki imkanları məhdud tamaşaçılar üçün müvafiq sayda oturacaq sahələri, futbolçular üçün soyunub-geyinmə, konfrans, tibb, hakimlər, texniki heyət üçün otaqlar və sair zəruri sahələr nəzərdə tutulur. Eyni zamanda, layihəyə əsasən stadionun daxilində bilet satışı, eləcə də müxtəlif ictimai iaşə obyektləri, yerüstü avtodayanacaqlar, nəzarət-buraxılış məntəqələri yaradılacaq. Stadion UEFA tələblərinə uyğun işıqlandırma, səs, yayım, internet, təhlükəsizlik, giriş-çıxış sistemləri ilə təchiz olunacaq. Bir sözlə, stadionun istifadəyə verilməsi istər yerli, istərsə də beynəlxalq yarışların keçirilməsinə hərtərəfli şərait yaradacaq.
Oxşar Xəbərlər:
Dövlət büdcəsindən `qoparılan` milyonlarla dollara başa gələn idman kompleksləri... - gənclərin işinə yarayırmı?
“Gənclər evi” Sosial Xidmət Müəsissələri satınalma keçirir, yoxsa kimlərinsə sifarişini icra edir -İLGİNC FAKTLAR
Hesablama Palatasının BDU-da aşkarladığı nöqsanlar açıqlanıb
Rəfail Mehralıyevin yeznəsi milyonları BELƏ XIRID EDİR..
Prezident əfv sərəncamı imzaladı – SİYAHI