20 fevral 2024
95

“Bu mesaj ondan ibarətdir ki, Azərbaycan və Türkiyənin..." — AÇIQLAMA

 

"7 fevral tarixli növbədənkənar prezident seçkilərinin qalibi cənab İlham Əliyev Milli Məclisdə andiçmə mərasimindən sonra prezidentlik səlahiyyətlərinin icrasına başlayıb. Azərbaycan Prezidenti seçkilərdən sonra ilk rəsmi səfərini Türkiyəyə, qardaş ölkə rəhbəri Rəcəb Tayyib Ərdoğan da öz növbəsində ilk rəsmi səfərini Azərbaycana edir. Bu artıq ənənə halını alıb və bir qardaşlıq jestidir. Rəsmi səfər çərçivəsində ölkə başçıları həm təkbətək, həm də geniş formatda görüşlər keçiriblər. Mühüm sənədlərin imzalanması gözlənilir”.

Bunu Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, deputat Elman Nəsirov Demokrat.az-a açıqlamasında deyib. O qeyd edib ki, bu görüş bütün dünyaya növbəti mühüm mesajdır:

“Bu mesaj ondan ibarətdir ki, Azərbaycan və Türkiyənin dostluğu əbədidir, heç kim bu dostluğa xələl gətirə bilməz. Strateji müttəfiqlərik, fundamental məsələlərdə mövqelərimiz üst-üstə düşür, heç bir məsələdə fikir ayrılığı yoxdur. Azərbaycan həmişə Türkiyəyə qarşı uzanan əllərin qarşısını almağa hazır olub və bunu əməli ilə təsdiqləyib. Qardaş Türkiyə də hər zaman Azərbaycanın yanındadır. Bu müttəfiqlik tarixin çətin sınaqlarından çıxaraq özünü təsdiqləyib. II Qarabağ müharibəsində tarixi zəfərin əldə edilməsində Türkiyənin Azərbaycana göstədiyi mühüm siyasi və mənəvi dəstək unudulmazdır. 2022-ci ildə baş verən dəhşətli zəlzələ zamanı Türkiyəyə köməyə gələn, dəstəyini nümayiş etdirən ən birinci ölkə Azərbaycan oldu. Dəhşətli təbii fəlakətdən sonra çox sayda binanın bərpa və tikintisini Azərbaycan dövləti öz üzərinə götürdü. Bütün bunlar bizim dostluq və qardaşlığımızın təzahürüdür. Azərbaycan və Türkiyə hər sahədə bir-birilərinin yanında olduğunu sübut edirlər”.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə fevralın 18-də Türkiyəyə rəsmi səfər edib. Ankaranın Esenboğa hava limanında dövlət başçısını və birinci xanım Mehriban Əliyevanı Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu və digər rəsmi şəxslər qarşılayıblar.