03 sentyabr 2024
61

Rusiya SSRİ-ni bərpa edir? - NƏ BAŞ VERİR?

Rusiya SSRİ-ni bərpa edir?
“Sovet lideri Nikita Xruşşov faktiki olaraq RSFSR-in tərkibində olan Krımı Ukraynaya verib”.

Bunu Rusiya Prezidenti Vladimir Putin Monqolustanın “Onoodor” qəzetinə müsahibəsində deyib.

Onun sözlərinə görə, Ukraynadakı mövcud vəziyyətə bütün xarici, eləcə də daxili amillər kompleksi təsir edib və SSRİ rəhbərlərinin milli-ərazi məsələsi ilə bağlı qərarlarının nəticələri də mənfi rol oynayıb:

“1954-cü ildə Xruşşov faktiki olaraq Ukraynaya RSFSR-in tərkibində olan Krımı verib. SSRİ tərkibindəki respublikaların sərhədləri proletar zərurətindən irəli gələrək özbaşına bölünürdü. Beləliklə, əsasən rusların məskunlaşdığı sənaye Donbası Ukraynaya verilib”.

Vladimir Putin son mühasibəsində səsləndirdiyi fikirlər onu deməyə əsas verir ki, Rusiyanın yüksək rütbəli rəsmiləri istənilən zaman digər postsovet ölkələrinə qarşı ərazi iddiaları qaldıra bilərlər.

Məsələ ilə bağlı politoloq Xəqani Cəfərli “Cebheinfo.az”-a şərhində qeyd edib ki, Kreml Rusiya imperiyasını bərpa etmək niyyətindədir:

“Rusiya rəsmiləri tərəfindən dəfələrlə Ukrayna ilə yanaşı Qazaxıstan və digər postsovet ölkələrinə qarşı əsassız ərazi iddiaları irəli sürüblər.

Prezident Vladimir Putin başda olmaqla, Rusiyanın bir sıra rəsmiləri Qazaxıstan barədə də cəfəng fikirlər səsləndirmişdilər. Onlar deyirdilər ki, Qazaxıstan saxta dövlətdir, guya Qazaxıstan adlı dövlət olmayıb və Qazaxıstan Vladimir İliç Lenin tərəfindən yaradılıb. Hətta, eyni hallar bu və ya digər şəkildə bütün postsovet respublikalarına qarşı da sərgilənib.

Məhz Rusiya SSRİ-nin tərkibində olan bütün respublikaları özünün ərazisi hesab edir. Hətta Rusiyanın bəzi rəsmiləri öz bəyanatlarında bunu açıq şəkildə etiraf ediblər. Bu isə postsovet ölkələri tərəfindən etirazla qarşılanıb.

Əgər Rusiya Ukrayna ilə müharibədə qəlib gələrsə, Moksva bundan ilhamlanıb digər postsovet ölkələrinə qarşı da ərazi iddiaları irəli sürəcək və hədə-qorxu mexanizmlərdən istifadə edib onları özünün vassalına çevirəcək. Rusiyanın hazırkı hakimiyyətinin hədəfi Rusiya imperiyasını bərpa etməkdir”.