22 dekabr 2023
658

YAP-ın İlham Əliyevlə 5-ci seçkisi - 18 illik sədrlik nələri dəyişdi

YAP-ın İlham Əliyevlə 5-ci seçkisi
Azərbaycanda demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunda fəal iştirak edən Prezident İlham Əliyev, həm də görkəmli partiya xadimidir. O, ölkənin aparıcı siyasi partiyası olan Yeni Azərbaycan Partiyasının (YAP) lideridir. İlham Əliyev YAP-ın I qurultayında (1999) partiya sədrinin müavini, II qurultayında (2001) isə birinci müavini seçilib. Bu mühüm vəzifənin öhdəsindən layiqincə gələn İlham Əliyev əhalinin geniş kütlələrinin Yeni Azərbaycanın quruculuğuna səfərbər olunmasında olduqca səmərəli fəaliyyət göstərib.

2000-ci ilin parlament seçkilərində YAP-ın seçki kampaniyasına İlham Əliyev başçılıq edib. Məhz onun rəhbərliyi ilə YAP həmin seçkilərdə parlaq qələbə qazanıb və Milli Məclisdə böyük əksəriyyəti qazanıb.

Yeni Azərbaycan Partiyasının 2005-ci il 26 mart tarixində keçirilmiş III Qurultayında partiyanın yeni sədri - Prezident İlham Əliyev seçildi. Prezident İlham Əliyev öz islahatçı kursuna sadiq qalaraq 2021-ci ildə YAP-da mahiyyət etibarı ilə dəyişikliklərə səbəb olmuş islahatlar təşəbbüsü ilə çıxış etdi. 2021-ci ilin 5 mart tarixində partiyanın VII Qurultayında yeni nizamnamə təsdiq olundu və bununla da partiya sədrinin birinci müavini vəzifəsi təsis olundu, İdarə Heyəti, Təftiş Komissiyası, Veteranlar Şurası, Gənclər Birliyi və Mərkəzi Aparatı yaradıldı. Partiyanın yeni proqramı qəbul edildi, həmçinin kadr islahatlarına başlanıldı.

Qeyd edək ki, hakimiyyətin namizədinin ilk dəfə AHİK qurultaylarında elan olunması bir növ ənənəyə çevrilib. Həm 2003, həm 2008, həm də 2013-cü il prezident seçkilərində İlham Əliyevin prezidentliyə namizədliyi ilk olaraq AHİK-nin qurultaylarında irəli sürülmüşdü. 2018-ci ildən isə YAP İlham Əliyevin namizədliyini irəli sürüb. 2023-cü il dekabrın 17-də YAP İlham Əliyevin prezidentliyə namizədliyini irəli sürüb. Bu barədə qərar YAP İdarə Heyətinin genişləndirilmiş iclasında qəbul edilib. Qərar səsverməyə çıxarılaraq yekdilliklə qəbul edilib.

Dekabrın 21-də isə Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) növbədənkənar prezident seçkisində Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyevi dəstəkləmək barədə qərar verib.

YAP Təftiş Komissiyasının üzvü, Milli Məclisin deputatı Aydın Hüseynov “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsi xalq tərəfindən də böyük çoşqu ilə qarşılanıb. Çünki bu qərar təkcə YAP-ın deyil, həm də xalqın böyük əksəriyyətinin arzu və istəyinin tərənnümüdür. Bir çox təşkilatların da İlham Əliyevin namizədliyini dəstəkləmək qərarı və istəyi təbiidir: “Prezident İlham Əliyevin yekdilliklə prezidentliyə namizəd kimi təsdiqlənməsi Azərbaycan xalqının vahid iradəsini ifadə edirdi. İlham Əliyev xalqın namizədidir. Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Yeni Azərbaycan Partiyası yaranandan indiyə qədər iştirak etdiyi bütün seçkilərdə parlaq qələbə qazanıb. Cənab İlham Əliyev Ulu öndərin layiqli davamçısı kimi partiyanın uğurlar seriyasının davamlılığını möhtəşəm şəkildə davam etdirir. İndiyə qədər iştirak etdiyi prezident seçkisində İlham Əliyev həmişə parlaq qələbələr qazanıb. Heç bir rəqib namizəd İlham Əliyevin topladığı səsə yaxın səs toplaya bilməyib. Çünki İlham Əliyev rəsmi olaraq Yeni Azərbaycan Partiyası olmaqla yanaşı, demək olar bütün xalqımızın namizədi kimi qəbul edilib. Xalqın böyük əksəriyyəti İlham Əliyevə səs verib. Xalq öz seçimində yanılmayıb. İlham Əliyev fenomenal idarəçilik qabiliyyətini son 20 illik hakimiyyəti dönəmində göstərib. Vətəndaşlara qayğı, xalqın daim yanında olmaq, insanların problemlərini həll etmək və ən əsası hər bir azərbaycanlının prezidenti olmaq reallığı hər dövlət başçısına xas olmayan xüsusiyyətlərdəndir. Ulu Öndərimizin siyasi varisi İlham Əliyevin ilk dəfə prezident seçkilərində qalib gəldiyini heç kim unutmayıb. Onun 20 il bundan əvvəl söylədikləri hər kəsin yadındadır. İlham Əliyev sözünə əməl edən liderdir. Prezidentimiz indiyədək xalqına hansı vədi veribsə, onu yerinə yetirib. Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş Azərbaycan dövləti Prezident İlham Əliyevin rəhbərliyi altında tarixinin ən böyük yüksəlişini yaşayıb. Bu yüksəliş Azərbaycanın yeni strategiyasına əsaslanan sosial-iqtisadi inkişafına, insan kapitalının əsas diqqət mərkəzində olduğu siyasətə və ən əsası, ölkəmizin qalib dövlət statusu ilə regionun əsas güc mərkəzinə çevrilməsinə səbəb olub.

Heydər Əliyevin əsasını qoyduğu ən vacib sahələr ötən 20 ildə inkişaf etdirildi, “Əsrin müqaviləsi” tam olaraq həyata vəsiqə qazandı, Şimal-Cənub, Şərq-Qərb nəqliyyat kommunikasiyaları işə düşdü, Azərbaycana xarici sərmayələr hər gün artmağa başladı, ölkəmiz etibarlı tərəfdaş kimi tanındı. Neft kapitalının insan kapitalına çevrilməsini şərtləndirən amillər tətbiq edildi".

Deputat qeyd etdi ki, ötən 20 ildə əldə edilən uğurları sadalamaqla bərabər, xalqımız və dövlətçiliyimiz üçün ən böyük problemin - Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində tam olaraq bərpa edilməsini də xüsusi qeyd etmək lazımdır: “Son 20 ildə müxtəlif ölkə və şəhərlərdə Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunması üçün İlham Əliyev çoxsaylı görüşlər keçirib, müzakirələr aparılıb. İki dəfə Ermənistana və onun arxasında duran güclərə mesajlar verilib, müharibə variantı onların yadına salınıb. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini yerinə yetirmək istəməyən güclər ATƏT-in Minsk Qrupunda da dişsiz fəaliyyətləri ilə yadda qaldılar. Ermənistanın təxribatları isə Prezidentin əmri ilə Azərbaycan Silahlı Qüvvələrinin əks-hücuma keçməsinə səbəb oldu. Tarixə 44 günlük Vətən müharibəsi kimi düşən "Dəmir yumruq" əməliyyatı Qarabağımızı və ətraf rayonları erməni işğalçılarından azad etməsi üçün kifayət etdi. İlham Əliyev sərkərdəlik məharəti ilə ordumuzu, Prezident kimi xalqı bir araya gətirə və böyük qələbəni əldə edə bildi. Ali Baş Komandan İlham Əliyev xalqın arzusunu gerçəkliyə çevirməklə yanaşı, həm də ən əsas vəzifəsini-ata vəsiyyətini yerinə yetirdi. 200 illik Azərbaycan tarixində ilk dəfə olaraq dövlətimizin böyük ərazilərinin bir hissəsi azad edildi. Bu, misli görünməmiş bir uğurdur, xalqımız da bunu bilir və dəyərləndirir. İlham Əliyev dövlət başçısı seçildiyi gün xalqa Qarabağı işğaldan azad etmə sözü verdi və vədinə sadiq oldu. Bu gün ölkəmiz sosial, iqtisadi, hərbi, siyasi və bütün sferalarda inkişaf edir. Azərbaycan Kubokunun 1/8 final Xankəndidə keçirildi. Misilsiz tarixi günlər yaşayırıq. Prezidentimiz indiyədək xalqına hansı vədi veribsə, onu daim yerinə yetirib. İlham Əliyev sözdə və əməldə bir olan liderdir.

Azərbaycanın regionun və dünyanın aparıcı dövlətlərindən birinə çevrilməsində İlham Əliyevin misilsiz xidmətləri olub. O, Heydər Əliyevin layiqli davamçısı kimi xalqın sevgisini qazandı. İlham Əliyevin Azərbaycan tarixi və xalqı qarşısında ən böyük xidməti, söz yox ki, ərazi bütövlüyümüzü, hələ 42-43 yaşındaykən dediyi kimi, son qarışına qədər bərpa etməsidir. Bu tarixi nailiyyət onu Azərbaycan xalqının qəhrəmanına çevirib. Qalib lideri xalqımız 7 fevral prezident seçkisində bir daha qalib edəcək".