16 fevral 2024
495

İlham Əliyev açıq və net şəkildə ifadə etdi...

İlham Əliyev açıq və net şəkildə ifadə etdi...
Fevralın 7-də Prezident seçkilərində Azərbaycan xalqı növbəti dəfə öz Liderinə - İlham Əliyevə etimad göstərdi. Seçkilərin nəticələri torpaqlarımızı işğaldan azad edən Müzəffər Ali Baş Komandan, yenilməz sərkərdə İlham Əliyevə xalqımızın sonsuz inam və etimadının ifadəsi idi. 2003-cü ildə ilk dəfə Prezident seçiləndə cənab İlham Əliyev qarşıda duran məsələlərin həll ediləcəyini vəd etmişdi. Azərbaycan çox sürətli və dinamik inkişaf yolu keçdi, tarixi nailiyyətlər əldə etdi. 2018-ci ildə andiçmə mərasimində cənab Prezident torpaqlarımızın azad ediləcəyini və Azərbaycanda separatizmə son qoyulacağını demişdi. 2 ildən sonra Vətən müharibəsində tarixi qələbə əldə olundu, Azərbaycanın ərazi bütövlüyü bərpa edildi. Prezident seçkilərinin ilk dəfədir müstəqil Azərbaycanın bütün ərazilərində keçirilməsi tarixi hadisədir. Məhz bu səbəbdən də, budəfəki seçkilər cəmiyyətimizdə haqlı olaraq Zəfər seçkisi kimi dəyərləndirilir. Prezident İlham Əliyevin Xankəndidə səs verməsi də rəmzi məna daşıyır. 30 ildən çox idi ki, tarixi şəhərimiz olan Xankəndi erməni separatçılarının yuvasına çevrilmişdi. Məhz buradan xalqımıza qarşı məkrli planlar hazırlanırdı. Amma ötən ilin sentyabr ayında ordumuzun keçirdiyi antiterror tədbirləri nəticəsində Qarabağda erməni separatçıları diz çökdürüldü. Bütün bunların fonunda Xankəndi şəhərində də seçki prosesinin təşkili və səsvermənin keçirilməsi Zəfərimizin təntənəsi oldu. Fevralın 14-də andiçmə mərasimində çıxışı zamanı Prezident İlham Əliyevin dediyi kimi, Xankəndidə qutuya atdığı bülleten erməni separatçılarının tabutuna vurulan son mismar idi. Azərbaycan Prezidenti qeyd edib ki, Ermənistan sanki İkinci Qarabağ müharibəsinin nəticələrini unutmuşdu: "Müharibədən keçən dövr ərzində biz öz prinsipial mövqeyimizi bütün məsələlərdə göstərmişdik. Bildirilmişdi ki, Ermənistanın üzərinə götürdükləri bütün öhdəliklər yerinə yetirilməlidir". Ancaq vaxt keçdikcə yenidən bizə qarşı ərazi iddialarının irəli sürüldüyünü, onların yenidən çirkin əməllərindən əl çəkmək istəmədiklərini gördüyümüzü vurğulayan dövlət başçısı bildirib ki, Ermənistan sanki İkinci Qarabağ müharibəsinin nəticələrini unutmuşdu: "Bəlkə kimsə onlara müəyyən məsləhətlər də verirdi ki, bu öhdəliklər yerinə yetirilməsin”. Prezident çıxışı zamanı Ermənistanın havadarlarına da mesaj verib və bizə bu məsələdə vasitəçinin lazım olmadığını bəyan edib. Azərbaycan-Ermənistan normallaşması prosesinin beynəlxalq gündəlikdən düşməli olduğunu diqqətə çatdıran dövlət başçısı bildirib: “Yerindən duran bu məsələ ilə məşğul olmaq istəyir, gedin, öz işinizlə məşğul olun. Biz öz məsələmizi həll etmişik”.

Millət vəkili Azər Badamov "Sherg.az"a bildirib ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması beynəlxalq gündəlikdən çıxmalıdır. Deputatın sözlərinə görə, bu məsələ ilə bağlı fikirlər Prezident İlham Əliyevin andiçmə mərasimində söylədiyi nitqdə xüsusi yer alıb:
"Ölkə başçısı qeyd etdi ki, biz öz işimizi görüb başa çatdırmışıq. Burada Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılmasına çalışan beynəlxalq ictimaiyyətin nümayəndələrinə sual vermək istəyirəm. Azərbaycan torpaqları işğal altında olduğu və 1 milyon azərbaycanlı məcburi köçkün və qaçqın vəziyyətində yaşadığı 30 ildə siz harada idiniz? Niyə onda azərbaycanlıların pozulmuş hüquqlarına, ərazilərimizin işğal olunmasına görə Ermənistana təzyiq göstərilməsindən danışmırdınız? İndi Azərbaycan öz işini görüb başa çatdırandan sonra Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması məsələsi yadınıza düşüb. Təbii ki, onların niyyəti məlumdur. Azərbaycan dövləti öz ərazilərinin suverenliyini bərpa edib. Azərbaycan beynəlxalq hüquq çərçivəsində regionda sabitliyin yaranmasına xidmət edən addımlar atır. Bəs siz niyə burnunuzu aidiyyəti olmayan məsələlərə soxursunuz? Beynəlxalq birlik 200-ə yaxın dövlətdən ibarətdir. 20 ölkənin rəyi nəyisə dəyişmək gücündə deyil və dünya ictimaiyyəti Azərbaycanın yanındadır. Ona görə də Azərbaycana qarşı BMT-də qərəzli qərarlar qəbul etmək istəyəndə beynəlxalq ictimaiyyət imkan vermədi".

Parlament üzvü əlavə edib ki, Ermənistan hər şeydən əvvəl baş verən prosesləri dəyərləndirməli və nəticə çıxarmalıdır:
"Son təxribata aldığınız ağır cavab Azərbaycan Ordusunun gücünü bir daha göstərdi. Azərbaycan heç kimə suverenliyimizə təhlükə yaratmağa imkan verməyəcək. Sülh müqaviləsinin imzalanması beynəlxalq gündəliyə aid məsələ deyil. Bizim üçün bundan sonra Ermənistanla sülh müqaviləsinin imzalanıb-imzalanmaması o qədər vacib deyil. Çünki müəyyən etdiyimiz şərti sərhədlər göz bəbəyi kimi qorunur və bundan sonra nə Ermənistanın, nə də onu dəstəkləyən destruktiv qüvvələrin suverenliyimizə təhlükə yaratmasına imkan veriləcək. Bu gün Azərbaycan dövlətinin güclü Lideri var və dünya orduları sırasında yüksək yerlərdə dayanan qalib orduya sahibik".