10 yanvar 2025
6

Rüşvət alan məmurlardan birinin cəzası azaldıldı, digəri isə azadlığa buraxıldı


Rüşvət alan məmurlardan birinin cəzası azaldıldı,

Bakı Apellyasiya Məhkəməsində İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rüşvət almada təqsirləndirilən əməkdaşları - Aydaş Məmmədov və Mirhəmid Ağayevin barəsindəki hökmdən verilən apellyasiya protesti və apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Yenimeydan.info “Pravda.az”a istinadən xəbər verir ki, hakim Elman Əhmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, apellyasiya protesti qismən təmin edilib, A.Məmmədovun 8 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası 8 ilə endirilib. M.Ağayevə isə şərti cəza verilib.

O, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasından dərhal həbsdən azad olunub.

Qeyd edək ki, Baş Prokurorluğun yaydığı məlumatda onların 2019-2022-ci illər ərzində Abşeron rayonu ərazisində müvafiq torpaq sahələrinə aid sxemlərin təsdiqi, texniki pasport və çıxarışların verilməsi müqabilində müraciət etmiş ayrı-ayrı şəxslərdən rüşvət almaları bildirilib.

Onlarla yanaşı iki makler də saxlanılıb. Qanunsuz əməllərin üzə çıxmasından sonra Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin müdir müavini Etibar Qasımov və 10-a yaxın əməkdaş işdən çıxarılıb.

Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A.Məmmədov Cinayət Məcəlləsinin 311.3.2, 311.3.3 və 313-cü (rüşvət alma və vəzifə saxtakarlığı) maddələri ilə təqsirli bilinib. Ona 2 il 6 ay dövlət qurumlarında vəzifə tutmaq qadağan edilməklə 8 il 6 ay müddətə həbs cəzası verilib. M.Ağayev isə rüşvət almada iştirak etmə və vəzifə saxtakarlığında təqsirli bilinib. Ona 1 il 6 ay vəzifə tutmaq qadağan edilməklə 3 il 6 ay həbs cəzası verilib.