09 mart 2024
126

Azərbaycana qarşı İrəvan-Tehran hərbi bloku - NƏ ETMƏLİ?

Azərbaycana qarşı İrəvan-Tehran hərbi bloku
İranın müdafiə naziri Məhəmməd Rza Aştiani və onun erməni həmkarı Suren Papikyan Tehranda regional təhlükəsizliklə bağlı məsələləri müzakirə etmək üçün görüş keçirib.

Aştiani bütün qonşularla əlaqələrin gücləndirilməsinin İran İslam Respublikasının xarici siyasətinin prinsiplərindən biri olduğunu bildirib:

“İran Ermənistanla əlaqələrinə böyük əhəmiyyət verir”.

O əlavə edib ki, Ermənistan müstəqillik əldə etdikdən sonra iki ölkə arasında müxtəlif sahələrdə əlaqələr daim yüksəlişdə olub. İranlı nazir ölkəsinin regionda sülhün bərqərar olmasına dəstəyini ifadə edib:

“İran İslam Respublikasının qətiyyətli mövqeyi region ölkələrinin ərazi bütövlüyünü, onların bütün əraziləri üzərində suverenlik hüquqlarını dəstəkləmək və beynəlxalq səviyyədə tanınmış sərhədləri dəyişdirməməkdir”.

Müdafiə naziri İranın Qafqaz regionu ilə bağlı bu siyasətinə sadiq qalacağını və Azərbaycanla Ermənistan arasında birbaşa danışıqları dəstəkləyəcəyini deyib. O bildirib ki, regionun təhlükəsizliyi bölgə ölkələri tərəfindən dəstəklənməlidir və bu siyasətə zidd olan hər hansı yanaşma heç bir şəkildə qəbuledilməzdir. Suren Papikyan da öz növbəsində “Bizim üçün hər iki ölkənin regionda sabitliyə eyni münasibət bəsləməsi çox vacibdir”,-deyə bildirib. Papikyan həmçinin, Tehran və İrəvan arasında daha sıx ikitərəfli münasibətlərə çağırıb.

Qeyd edək ki, Ermənistanın müdafiə nazirinin Tehrana səfəri İranla hərbi əməkdaşlığa dair sazişin imzalanması məqsədi daşıyır. Görüşlə bağlı yayılan məlumatlarda daha çox protokol qayadalarına uyğun ifadələr yer alıb və müzakirələrin məzmunu barədə çox az məlumat verilib. Lakin Papikyan hələ İrana yola düşməzdən öncə yayılan məlumatlarda tərəflər arasında hərbi əməkdaşlığın genişləndirilməsi məsələsinin gündəlikdə yer aldığı bildirilirdi.

Söhbət ilk növbədə İrandan müxtəlif növ silahların alınmasından gedir. Bu isə İranın Ermənistanı Azərbaycana qarşı fəal silahlandıran ölkələr sırasına qoşulması deməkdir. Yəni Hindistan və Fransadan sonra İran Cənubi Qafqazda silahlanma prosesində yer alacaq. Rəsmi Tehran bu məsələdə kommersiyadan daha çox geosiyasi və strateji maraq güdür.

Çünki Ermənistanın 2024-cü il üçün müdafiə büdcəsi 555 milyard dram və ya 1,4 milyard dollar təşkil edir. Bu isə bir neçə ölkədən silah almaq üçün yetərli deyil. Ona görə də Ermənistan silah ixracı üçün böyük bazar hesab edilmir. İran Ermənistana hərbi dəstək verməklə həm Cənubi Qafqazda geosiyasi təsirini artırmaq üçün güc nümayiş etdirir, həm də bu razılaşmadan Azərbaycana qarşı təzyiq vasitəsi kimi yararlanmağa çalışır.

Müdafiə naziri Aştianinin açıqlaması da göstərir ki, İran Ermənistanın ərazi bütövlüyünün və suverenliyinin müdafiəsi, eləcə də indiki sərhədlərin dəyişdirilməsinin qarşısının alınmasına dəstək adı altında regionda hərbi qüvvələr yerləşdirmək niyyətindədir. Yəni rəsmi Tehran indiyə qədər bu məsələdə daha çox diplomatik müstəvidə bəyanatlar verirdisə, artıq müdafiə naziri səviyyəsində mövqe ortaya qoyur.

İran rejimi Azərbaycan və Ermənistan arasında sərhədlərin yenidən müəyyənləşməsində maraqlı deyil və hətta bu prosesin qarşısını almaq üçün İrəvana hərbi yardım göstərməyə hazır olduğuna dair mesaj verir. Çünki sərhədlərin Azərbaycanın maraqlarına uyğun delimitasiya və demarkasiya olunması Qərbi Zəngəzurun qaytarılması məsələsini gündəmə gətirə bilər.

Zəngəzur dəhlizinin açılmasını özünün “qırmızı xətti” hesab edən İran rejimi bölgəyə hərbi nüfuz etməklə kommunikasiyaların açılmasına mane olmaq istəyir. Eyni zamanda, İran buna Zəngəzura olan ərazi iddialarını reallaşdırmaq vasitəsi kimi baxır. Qərbyönümlü Nikol Paşinyan hakimiyyətinin NATO üzvü olan ölkələrlə təhlükəsizlik sahəsində əməkdaşlığı dərinləşdirməsi İranı narahat edir. Ona görə də İranın Zəngəzura ərazi iddiası irəli sürməsi, yaxud bölgədə hərbi baza yerləşdirmək təklifi şimal sərhədlərində Qərbə qarşı bufer zona yaratmaq planlarından xəbər verir.

İran bununla, Rusiya hərbi bazalarının Ermənistandan çıxacağı təqdirdə, regionda yarana biləcək boşluğu tutmağa iddialıdır. Bu məsələdə Qərb, İran və Rusiya arasında rəqabətin artması müşahidə olunur. Müdafiə naziri Aştianinin “Regionun təhlükəsizliyi bölgə ölkələri tərəfindən dəstəklənməlidir” ifadəsi də məhz İranın Qərbin Cənubi Qafqazda artan fəallığından narahatlığını əks etdirir. Hazırda Rusiya ilə müttəfiqlik münhasibətlərinə son qoymağa çalışan və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxmağa çalışan Ermənistan isə daha çox Qərblə İranın maraqlarını balanslaşdırmağa çalışır.

Paşinyan hakimiyyətinin məqsədi kənar dəstək hesabına Ermənistanın çoxşaxəli yeni təhlükəsizlik sistemini formalaşdırmaq, Rusiyanın təsir zonasından çıxmaqdır. Rəsmi İrəvan bu planı həyata keçirmək üçün daha çox Fransa-Ermənistan-İran modelinin reallaşmasına çalışır. Ancaq həm Fransa, həm də İran Ermənistanın təhlükəsizlik sisteminin təminatçısı rolunu öz üzərinə götürməyə hazır deyil.

İkitərəfli müqavilələrə uyğun olaraq, Ermənistanın təhlükəsizliyinin təminatçısı Rusiyadır. Bu, həmçinin Ermənistanın Hərbi Doktrinasında da öz əksini tapıb. Yəni Ermənistanın təhlükəsizlik sisteminin hüquqi bazası Paşinyanın Fransa və İranla birlikdə qurmaq istədiyi üçtərəfli alyansın reallaşmasına imkan vermir.

Üstəlik, İran ABŞ-nin və Avropanın sanksiyaları altında olduğu üçün yəqin ki, Ermənistanın Tehranla hərbi əməkdaşlıq cəhdləri tezliklə Qərbin sərt reaksiyasına səbəb olacaq. Əks təqdirdə, Ermənistan Qərbin sanksiyalarına məruz qala bilər.

Müşfiq Abdulla
"Cebhe.info"