26 yanvar 2024
93

Prezidentin bu çağırışı onları qorxutdu – Ekspert

         AŞ və AŞPA-da Azərbaycana qarşı başlayan qaralama kampaniyasının mərkəzində, başında Fransa, Almaniyanın bəzi siyasətçiləri, ABŞ və onun dirijor çubuğu ilə hərəkət edənlər dayanır.Bu sözləri Axar.az-a AŞPA-nın Azərbaycan nümayəndə heyətinin etimadnaməsini təsdiqləməməsi ilə bağlı qərarının səbəbləri haqqında danışan Qafqaz Tarixi Mərkəzinin direktoru, siyasi şərhçi Rizvan Hüseynov deyib.
Tarixçi bildirib ki, ölkəmizdə keçiriləcək prezident seçkilərini onlar “fürsət” bilirlər:
“Əsas məqsədlərdən biri Ermənistanla gedən danışıqları pozmaqdır. Yəni özlərini “vasitəçi” sananlar Bakı və İrəvanın birbaşa danışıqlar yolu ilə müsbət nəticə əldə etdiyini görürlər, ancaq proses maraqlarına zidd olduğu üçün bunu istəmirlər. Çindən başlayan və Zəngəzurdan keçib Avropanın cənubuna, Balkan yarımadasına qədər uzanacaq ticarət yolu layihəsini əngəlləmək üçün əllərindən gələni edirlər. Onların logistikaya baxışı fərqlidir və ABŞ-ın ortaya atdığı Hindistan-Yaxın Şərq-Avropa İqtisadi Dəhlizini ( İMEC) reallaşdırmaq niyyətindədirlər. Ermənistanın taleyi nə Fransanın, nə də ABŞ-ın vecinədir və lazım gəlsə, öz mənfəətləri üçün onu güdaza verməkdən çəkinməyəcəklər”.
Rizvan Hüseynovun sözlərinə görə, digər ən önəmli məsələ ölkəmizin yeni dövrə keçidi və yeni hədəflərlə bağlıdır:
“Dünya yeni bir mərhələyə qədəm qoyur, siyasi qütblər, güc mərkəzləri, ittifaqlar yaranır və ticarət yolları, dəhlizlər üzərində mübarizə qızışır. Azərbaycan da öz ərazi bütövlüyünü bərpa etdi, çox uzun bir dövr üçün qarşımızda duran ən vacib hədəfimizə çatdıq. Lakin eyforiyaya qapılmaq, arxayınlaşmaq və yerində saymaq olmaz. Cənab Prezident də 10 yanvarda yerli mətbuata müsahibəsində növbədənkənar seçkilərin keçirilmə səbəbləri haqqında danışarkən bu məsələni çox geniş şəkildə izah etdi və gələcək hədəflərimiz barədə ətraflı şəkildə danışdı. Əlbəttə, dövlət başçısının sözügedən çıxışı dünyada çox böyük əks-səda doğurdu və qarşıya qoyduğu yeni milli hədəflər dünyanı ancaq öz istədikləri formada dizayn etməyə vərdiş etmiş gücləri təşvişə saldı. Yəni İlham Əliyev bizə “dayan” deyənlərin sözünü dinləmədi və bütün çətinliklərə rəğmən yeni milli hədəflərimizə doğru irəliləmək yolunu seçdi. Ölkə başçısı eyni zamanda mediadan, bütün ziyalılardan, siyasətçilərdən cəmiyyəti hərtərəfli formada yeni dövrə hazırlamağı istədi. Bəli, dünyada beynəlxalq münasibətlər sistemi və təhlükəsizlik arxitekturası yenidən qurulur. Arxayınlaşmamalı, daha da güclənməli və irəliləməliyik. Başqa yol yoxdur. Ona görə də AŞPA-nın ikiüzlülüyünə sərt cavab və Azərbaycanın ehtiyac yaranarsa, ən kəskin addımlar atmaqdan belə çəkinməyəcəyi mesajı verildi. Çünki biz heç kimin boyunduruğu, proksisi və s. ola bilmərik. Azərbaycan müstəqil dövlət kimi yeni dünya nizamında öz layiqli yerini tutmalıdır. Bunun da tək yolu maneələri dəf edərək yalnız irəliyə getməkdir”.