22 dekabr 2023
493

“Sədərəy”in sahibinin ailəsi məhkəməyə məcburi gətiriləcək

sedereyin-sahibinin-ailesi-mehkemeye-mecburi-getirilecek


“Sədərək” ticarət mərkəzinin sahibi Yusif Qədimbəylinin oğlu Orxan Qədimbəylinin evindən xüsusilə külli miqdar dəyərində oğurluq etməkdə ittiham olunan Suzan Cabbarovanın cinayət işi üzrə məhkəmə araşdırması gedir.

Yenimeydan.info-nun məlumatına görə, baxılan iş üzrə müttəhim zərərçəkmiş şəxslərin evində xadimə işləyib.

İddia olunan cinayət hadisəsi də həmin vaxt gerçəkləşib. İttihama görə, təqsirləndirilən xanım bir neçə dəfəyə evdən 803 min manatlıq oğurluq edib. Bura pulla yanaşı, qızıl-zinət əşyaları və digər avadanlıqlar daxildir. Lakin S.Cabbarova özünü qismən təqsirli bilir. O, iddia edir ki, oğurladıqlarının hamısını geri qaytarıb.

Bundan əlavə zərərçəkmiş şəxslər qisas almaq məqsədi ilə dəymiş ziyanın məbləğini çox şişiriblər. Təqsirləndirilən şəxsin vəkili Günay İsmayılova dəfələrlə bu barədə vəsatət qaldırıb, Fəridə Qədimova və Orxan Qədimbəylinin məhkəməyə gəlməsini tələb ediblər. Müdafiə tərəfi vəsatətlərini onunla əsaslandırır ki, işlə bağlı qaranlıq qalan məsələlərə məhz zərərçəkmişlər şəxsən aydınlıq gətirməlidirlər.

Artıq 1 ildir məhkəmə istintaqı davam edir, bu günə kimi zərərçəkmiş şəxslər proseslərdə iştirak etməyiblər. İlk iclasdan onları nümayəndələri təmsil edir.

Qədimbəyli ailəsi hər dəfə müxtəlif səbəblər göstərərək hakim qarşısına çıxmaqdan yayınırlar. Səbinə Məmmədzadənin sədrlik etdiyi hakimlər heyəti bu dəfə zərərçəkmiş ana və oğulun məhkəməyə məcburi gətirilməsi qərarı çıxarıb. Qərarın icrası polisə həvalə edilib.