15 aprel 2023
208

Priqojin müharibəni dayandırmağı təklif etdi – Putinin əhatəsində ilk

    “Vaqner” özəl hərbi şirkətin yaradıcı və rəhbəri Yevgeni Priqojin bildirib ki, indi “ideal seçim xüsusi hərbi əməliyyatın bitdiyini elan etmək” olacaq. O, Vladimir Putinin əhatəsində hərbi əməliyyatları dayandırmağı təklif edən ilk şəxsdir.
Qaynarinfo xəbər verir ki, bu barədə “Agentstvo.media” yazır.

“Hakimiyyət və bütövlükdə cəmiyyət üçün bu gün xüsusi hərbi əməliyyata yağlı nöqtə qoymaq lazımdır. İdeal seçim xüsusi hərbi əməliyyatın başa çatdığını elan etmək, hər kəsə Rusiyanın planlaşdırdığı nəticələri əldə etdiyini və müəyyən mənada, onlara həqiqətən nail olduğumuzu bildirməkdir “, deyə Priqojin “Teleqraf” resursunda dərc olunan məqaləsində yazır.

Onun sözlərinə görə, Rusiya “nəzəri cəhətdən” artıq bu nəticələrə “Ukraynanın aktiv kişi əhalisinin əksəriyyətini” məhv etmək və digər hissəsini qorxutmaqla, Azovu və Qara dənizin böyük bir hissəsini kəsməklə, “Ukrayna ərazisinin yağlı hissəsini ələ keçirmək” və Krıma quru dəhlizi yaratmaqla əldə edib.

“Vaqner”in yaradıcı yazır ki, indi “artıq mövcud olan ərazilərdə möhkəm dayanmaq” qalır.

Buna qədər Rusiya hakimiyyətinin ən yüksək eşalonundan olan siyasətçilər, hərbi rəhbərlər və Putinə yaxın adamlar hərbi əməliyyatların dayandırılmasının zəruriliyi barədə danışmırdı. Bu həftə Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev bildirib ki, yalnız neonasizm üzərində qələbə “ölkənin təhlükəsizliyini təmin edəcək”. Xarici işlər naziri Sergey Lavrov bildirib ki, Rusiya Ukrayna ilə bağlı sülh danışıqları “yeni dünya nizamı”na əsaslansa, danışıqlara hazır olacaq.

Kremlin sözçüsü Dmitri Peskov müntəzəm olaraq bildirir ki, Moskvanın “xüsusi hərbi əməliyyat” adlandırdığı əməliyyat Rusiya öz məqsədlərinə çatana qədər davam edəcək.