23 fevral 2023
181

 MEDİA-nın 20 MANAT DAVASI: AYIBDIR VALLAH... - "Vəsiqənin maya dəyəri 20 manatdır?"

MEDİA-nın 20 MANAT DAVASI: AYIBDIR VALLAH...
“Jurnalist olduğumuzu təsdiq etmək üçün MEDİA-ya müraciət edirik, cavab gəlir ki, bəs əmək kitabçanızın notarial qaydada təsdiq olunmuş surətini Agentliyə təqdim edin. Çünki əmək fəaliyyəti haqqında məlumatlarımız sistem üzərindən tam inteqrasiya olunmayıb”.
DİA.AZ yeniavaz.com-a istinadla xəbər verir ki, bunu İctimai TV-nin redaktoru Bəxtiyar Hacıyev feysbuk profilində yazıb.
O bildirib ki, sənədi təqdim etmədikdə yenidən müraciət etməli olur:
“Sən demə, MEDİA-ya elektron müraciətdə “Son icra tarixi” də varmış. Amma bunu bizə demirlər, yəni canın çıxsın, gör. Əgər bu müddət ərzində deyilən sənədi təqdim etmədinsə, müraciət baxılmamış sayılır və bir daha canın çıxıb yenidən müraciət etməlisən. Başa düşmək olmur ki, əmək fəaliyyəti haqqında məlumatlarım sistem üzərindən niyə tam inteqrasiya olunmayıb. Bu, hansısa qurum və ya qurumların günahıdırsa, zülmünü mən çəkməliyəm? Bir qurumun yarımçıq fəaliyyətinə görə mən niyə notariusda artıq xərc çəkməliyəm? Bunu qurumlar öz aralarında həll edə bilməzlər?”
İkincisi, notarius, həmçinin “ASAN xidmət” bildirir ki, hazırda işçi əmək fəaliyyətini davam etdirirsə, bu zaman əmək kitabçasının notarial surət təsdiqi notarius tərəfindən həyata keçirilməyəcək. Bununla bağlı işlədiyi müəssisəyə müraciət etməlidir. Bəs MEDİA niyə məndən belə bir şey tələb edir?
Üçüncüsü, ödədiyiniz 20 manatı geri almaq üçün gərək bank hesabını MEDİA-ya göndərəsiniz. Qeyri-məlum müddətə 20 manatınız qayıdacaq. Kimin bank hesabı yoxdursa, getsin, açdırsın. Yəni düşünməyin ki, artıq 20 manatı ödəmişəm, növbəti dəfə müraciət edəndə yenidən 20 manat ödəməyə ehtiyac qalmayacaq. Xeyr!
Dördüncüsü, bir bu qədər bürokratiya kimə lazımdır? Bunu daha sadə etmək olmazdı? Jurnalist olduğuma şübhəniz var? 15 illik rəsmi jurnalist fəaliyyəti olan mən Bəxtiyar Hacıyev MEDİA-da qeydiyyatdan keçmək üçün nəyi kimə sübut etməliyəm? Buna görə niyə bürokratiya ilə qarşılaşmalıyam?
Ümumiyyətlə, MEDİA məni jurnalist kimi qeydiyyata salmaq üçün məndən niyə 20 manat istəməlidir? Vəsiqənin maya dəyəri 20 manatdır? O vəsiqə mənə nə verəcək? 100 min manat (o da versələr) ipoteka? Guya Bakıda bu qiymətə ev var?
20 manatı qaytarandan sonra MEDİA-ya yenidən müraciət etmək barədə hələ düşünəcəm. Böyük ehtimalla imtina edəcəm”.
Xatırladaq ki, bir müddət əvvəl tanınmış aparıcı Aytən Səfərova isə Media Reyestrində jurnalist kimi qeydiyyata düşərkən stajının səhv hesablanması ilə bağlı videomüraciət yaymışdı.
Dövlət Sosial Müdafiə Fondu isə məsələyə münasibət bildirərək qeyd etmişdi ki, jurnalistlərin iş stajı, digər sahələrdə çalışan vətəndaşlar kimi, əmək müqaviləsi ilə çalışdıqları dövr hesab olunur:
“Bu staj haqqında məlumatlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2014-cü ildən işə salınan “Əmək və Məşğulluq” altsistemində əksini tapır. 2014-cü ildən öncəki iş stajı haqqında məlumatlar isə hər bir media işçisində mövcud olan əmək kitabçasında əksini tapır”.
İctimai TV-də departament rəhbərinin müavini vəzifəsini icra edənı Nigar Sabirqızı da öz feysbuk hesabında paylaşım edərək jurnalist kimi reyestrdən keçə bilmədiyini bildirmişdi.