11 aprel 2023
158

QAZAXISTAN SƏFƏRİ… BAKI KTMT-NI KƏNARDA SAXLAMAQ İSTƏYİR…

    Prezidentin Qazaxıstan səfəri həm də KTMT missiyasının Ermənistana gəlməsi fonunda diqqət çəkir. Rəsmi İrəvan Avropa ittifaqının mülki missiyasının ardınca indi də KTMT missiyasını ölkəyə dəvət edir. Paşinyan administrasiyası hər nə qədər bu addımı Avropa İttifaqının mülki missiyasından narahat olduqları ilə əlaqələndirsələr də əsas məqsədin bu yolla regiona kənar qüvvələrin gətirilməsi olduğu aydındır.Bu sözləri Tribunainfo.az-a siyasi şərhçi Turan Rzayev prezidentin Qazaxıstan səfəri zamanı verdiyi açıqlamaları şərh edərkən deyib. Ekspert qeyd edib ki, bütün bunları nəzərə alsaq demək olar ki, Prezidentin nə Qazaxıstana, nə də bundan öncə Tacikistana səfəri təsadüfi deyil:
“Yəni səfərin bir məqsədi də KTMT üzvü olan ölkələr ilə təmasları sıxlaşdırmaq münasibətləri inkişaf etdirmək və eynilə 44 günlük müharibə zamanı olduğu kimi KTMT ehtimal gərginlik zamanı müdaxiləsinin qarşısını almaqdır. Nəzərə alsaq ki, Ermənistan ilə Azərbaycan arasında yekun sülh müqaviləsi imzalanmayıb və bu iki ölkə arasında real müharibə vəziyyətinin davam etməsi deməkdir. Yəni tərəflər hər an yenidən hərbi toqquşmalara başlaya bilər.
Təsadüfi deyil ki, Prezident də çıxışı zamanı “Ermənistanla sülh müqaviləsi üzərində iş başlanıb, amma bizim istədiyimiz kimi rəvan getmir” deyib. Əslində bununla Prezident qazaxıstanlı həmkarının diqqətinə həm də regionda gərginliyin istənilən an başlaya biləcəyi və bu zaman Qazaxıstanın da bir seçim etməli olacağı mesajı idi.
Nəticə etibarilə ölkə başçısı Ermənistanın nə etmək istədiyinin fərqindədir və buna görə də indidən bunun qarşısını almaq üçün diplomatik fəaliyyətə başlayıb”.