24 oktyabr 2024
34

Ankara şəhidləri ilə bağlı sarsıdıcı detallar - FOTO

Ankara şəhidləri ilə bağlı sarsıdıcı detallar
TUSAŞ-da törədilən terror aktında şəhid olanların kimliyi və məlum olub. Şəhidlərlə bağlı sarsıdıcı hekayə və təfərrüatlar ortaya çıxdı.
Bakupost.az Türkiyə KİV-ə istinadla xəbər verir ki, Daxili İşlər Nazirliyindən verilən açıqlamada hücum zamanı mühəndis-mexanik Zahidə Güçlü, keyfiyyətə nəzarət zabiti Cengiz Coşkun, işçi Həsən Hüseyn Cambaz, təhlükəsizlik işçisi Atakan Şahin Ərdoğan və taksi sürücüsü Murat Arslanın şəhid olduğu bildirilib.
Şəhid mühəndis Zahidə Güçlünün (37 yaş) həmin gün doğum günü olduğu və həyat yoldaşının ona gül dəstəsi göndərdiyi bildirilib. Güçlü gülü götürmək üçün polisə yaxınlaşanda güllə yağışının altına düşüb. Hadisə zamanı yaralanan Güçlünü, xəstəxanada edilən müdaxilələrə baxmayaraq, xilas etmək mümkün olmayıb.
TUSAŞ-a silahlı hücumda birinin şəxsiyyəti hələlik məlum olmayan 2 terrorçunun 06 JMT 07 nömrəli taksidən istifadə edərək, Kahramankazan rayonunda dayanacaqdan taksiyə minərək sürücü Murat Arslanı şəhid etdikləri müəyyən edilib. Hücumdan əvvəl onun cəsədini taksinin yük yerinə qoyublar. Daha sonra taksi ilə TUSAŞ-a gələn terrorçular giriş qapısındakı avtomobildən düşüb və uzun lüləli silahlarla hücumu həyata keçiriblər.
Şəhid taksi sürücüsü Murat Arslanın atası Mahmut Arslan deyib:
"Dayanacaqda maşına miniblər. TUSAŞ-a gedib qırğın törədiblər. Oğlumu kürəyindən güllələyib, maşının baqajına qoyublar. Mən hələ də oğlumu görməmişəm".
Murat Arslanın dostu Rasim Can Oraz da TUSAŞ-a hücuma görə kədərləndiklərini və qəzəbləndiklərini ifadə edərək, “2 il Murat qardaşın evində kirayəçi qaldıq. Yaxşı insan idi. Heç kimə pislik etmədi. Çox üzgünük" deyib.