11 oktyabr 2024
42

AİB sədrindən AQTA-nın fəaliyyəti ilə bağlı sərt sözlər – Zəhərlənmənin səbəbləri

      “Azərbaycanda zəhərlənmə halları ilə bağlı aparılan qeydiyyat bərbad vəziyyətdədir. Zəhərlənmələrin qeydiyyat siyahısı Qida Təhlükəsizliyi Agentliyinin saytında yerləşdirilir. Qida Təhlükəsizliyi Agentliyinin zəhərlənmələrə dair statistikası isə ümümdünya göstəricisindən 1400 dəfə az göstərilir”.
Bunu Qaynarinfo-ya açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib. Sədrin sözlərinə görə, zəhərlənmə halları ilə bağlı dəqiq statistika verilmir:

“Belə çıxır ki, biz dünyanın ən xoşbəxt adamlarıyıq. Yəni zəhərlənən xalq deyilik. Hansı ki, dünyada hər il 10 nəfərdən birinə zəhərlənmə diaqnozu qoyulur. Ümumdünya göstəricisinə gələndə orta hesabla Azərbaycanda bir milyon zəhərlənmə halı olmalıdır. Əgər dünyanın ən xoşbəxt xalqıyıqsa, onda gərək biz uzunömürlülər siyahısında olaq. Lakin Ümumdünya Səhiyyə Təşkilatının uzunömürlülər siyahısında Azərbaycan 1990 ölkə arasında 115-ci yerdədir. 115 ölkədən geri qalırıq”.




Sədrə görə, bu kimi hallar onu göstərir ki, ölkədə zəhərlənmə halları ilə bağlı qeydiyyat düzgün aparılmır və bu sahədə problemlər var:

“Qida Təhlükəsizliyi Agentliyi yaradılıb, lakin onlar vəziyyətə nəzarət edə bilmir. Azərbaycanda dönərxanalar böyük problemə çevirilir. Dönərdən zəhərlənmənin səbəbləri təkcə ət deyil, eyni zamanda orada sanitariyanın, gigienik vəziyyətin həddən artıq pis olmasıdır. Yararlılıq müddəti 5 saat olan mayonezlərin vaxtının keçməsi, bu gündən sabaha saxlanılan dönərlərin kiflənmiş olması və s. də nəticəyə təsir edir.
Əminəm ki, Qida Təhlükəsizliyi Agentliyi deyəcək, bu hadisə bir dönərxanada olub”.

Sədrin fikrincə, belə hadisələrdə AQTA malın mənbəyini axtarmır:

“Dönərxanalar xammalı verən müəssisə QTA-da reystrə daxil olur. Guya xammal əladır. Bu məsələ neçə illərdir ki, davam edir. Yaxşı olar ki, hadisə araşdırılsın. Gizlədilmə faktlarına son qoyulmalıdır. QTA-nın əsasnaməsinə dəyişiklik edilməlidir. Onlar tez və cəld yoxlama mexanizmlərinə malik olmalıdırlar. Təəssüf ki, bunlar yoxdur. Azərbaycanda mükəmməl istehlakçı siyasəti yox dərəcəsində olduğundan bu hallar baş verir”.