28 avqust 2024
75
Dövlət qurumları niyə bina tikmir, əvəzinə 4-5 milyon icarə ödəyir?
Bəzi dövlət qurumları müəyyən müddətə ofislər icarəyə götürürlər. Bu icarəyə külli miqdarda məbləğlər ödənilir. 4-5 milyon manatlıq icarə müqavilələrindən söhbət gedir. Maraqlıdır ki, həmin qurumlar eyni binanı tiksələr ya eyni xərc, ya da daha az xərc çıxar. Niyə qurumlar binaları tikməyə deyil, icarəyə götürməyə maraqlıdırlar?
Valyuta.az-a danışan iqtisadçı ekspert Natiq Cəfərli deyir ki, dövlətin yaratdığı publik hüquqi şəxslərin binaları icarəyə götürməsi təcrübəsi uzun müddətdir var və qurumların ofis icarəyə götürməsi qanunla qadağan deyil:
"Bu səbəbdən, bir çox dövlət orqanları və dövlət tərəfindən təsis olunan publik hüquqi şəxslər büdcədən ayrılan vəsait hesabına və ya özlərinin qanun çərçivəsində qazandığı vəsait hesabına icarə tutmaqda daha maraqlı olurlar. Məntiqlə yanaşsaq, yeni binaların tikilməsi daha yaxşı və doğru qərar ola bilər. Biz onu da müşahidə edirik ki, bəzi hallarda icarədə olan dövlət orqanlarının bəziləri zaman keçdikcə bina tikirlər”.
Ekspert bildirdi ki, qurumların binaları icarəyə götürməsində şəxsi maraqlar mühüm rol oynayır:
"İcarə müqavilələri bağlanan zaman bəzi hallarda kimlərinsə tanışı, qohumu, yaxın adamı, dostu olan şəxslərlə müqavilə bağlanır. Bu da, həmin şəxslərin maraqları çərçivəsində olur. Təəssüf ki, Azərbaycanda belə hadisələr olur. Amma bu praktikadan yavaş-yavaş uzaqlaşmağa başlayırlar. Artıq görürük ki, hər il icarədə olan dövlət qurumları artıq dövlət büdcəsindən ayrılan vəsait hesabına özlərinə binaların tikintisi ilə bağlı qərarlar da alır. Bu praktika getdikcə daha geniş yayılır. Amma hələ də bu məsələnin qalmasında bəzi hallarda şəxsi maraqlarının rolu böyükdür”.
Oxşar Xəbərlər: