19 yanvar 2024
92

Dövlət zəmanəti ilə alınmış borclar: pulu kim ödəyəcək? - ARAŞDIRMA

Dövlət zəmanəti ilə alınmış borclar: pulu kim ödəyəcək?
Məlumdur ki, birbaşa xarici dövlət borcunun həcminə görə Azərbaycan bir çox ölkələrdən yaxşı vəziyyətdədir. Belə ki, 2023-cü il oktyabrın 1-nə ümumi dövlət dövlət borcu 17 milyard 203,3 milyon manat, yəni ümumi daxili məhsulun cəmi 14,4 faizini təşkil edib. Borcun 11 milyard 109,5 milyon manatı və yaxud 6 milyard 535 milyon ABŞ dolları xarici, 6 milyard 093,8 milyon manatı isə daxili dövlət borcudur. Bunlar isə 2023-cü il üzrə ÜDM-in müvafiq olaraq 9,3 faizi və 5,1 faizi qədərdir.

Yuxarıda qeyd olunan xarici borc bilavasitə dövlətin borcunun həcmini göstərir. Bu göstərici azalsa da, iri hüquqi şəxslərin, bir sıra qurumların dövlət zəmanəti ilə aldığı borcların həcmi artmaqdadır. Dövlət zəmanəti ilə alınmış borcların həcmi 21 milyard 309,2 milyon manatdır, yəni rəsmi dövlət borcundan daha çoxdur. Bunu da dövlət borcunun üstünə gələndə 38 milyard manatdan yüksək bir məbləğ alınır. Burada narahatedici məqam iri dövlət şirkətlərinin zəmanətlə aldıqları borcun qaytarılması ilə bağlıdır. Çünki uzun illər boyudur əksər iri dövlət şirkətlərinin aldıqları yüz milyonlarla dollar kreditlərin ödənişi dövlət büdcəsi üçün ağır yükə çevrilib.

Qeyd edək ki, Hesablama Palatasının 2022-ci il dövlət büdcəsinin icrasına dair rəyinə görə, 2023-cü ilin 1 yanvar tarixinə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin faktiki xarici borcu 1 milyard 237,7 milyon dollar, bağlanmış müqavilələr üzrə borcu 2 milyard 653,9 milyon dollar, Azərbaycan Dəmir Yolları QSC-nin faktiki xarici borcu 721,9 milyon dollar, bağlanmış müqavilələr üzrə borcu 1 milyard 16,5 milyon dollar, Azərsu ASC-nin faktiki xarici borcu 767,7 milyon dollar, bağlanmış müqavilələr üzrə borcu 1 milyard 184,2 milyon dollar, Meliorasiya və Su Təsərrüfatı ASC-nin faktiki xarici borcu 245 milyon dollar, bağlanmış müqavilələr üzrə borcu 514,5 milyon dollar təşkil edir.

2022-ci ildə Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondundan bir sıra dövlət müəssisələrinin dövlət zəmanəti əsasında cəlb etdikləri kreditlərə vaxtında xidmət göstərə bilməməsi səbəbindən ümumilikdə 119,1 milyon manat vəsait yönəldilib. Belə ki, “Azərbaycan Hava Yolları” QSC-nin 18,4 milyon manat, “Aqrarkredit” QSC-nin 100,0 milyon manat, Sahibkarlığın İnkişafı Fondunun 0,7 milyon manat məbləğindəki öhdəlikləri Təminat Fondunun vəsaiti hesabına icra olunub. Palatanın hesablamalarına əsasən ümumilikdə bir sıra dövlət müəssisələrinin dövlət zəmanəti əsasında cəlb etdikləri kreditlərə görə birbaşa borcalanın əvəzinə 2021-ci ildə 493,6 milyon manat Təminat Fondundan, büdcə vəsaiti hesabına isə 249,4 milyon manat olmaqla 743,0 milyon manat, 2022-ci ildə isə 119,1 milyon manat Təminat Fondundan, 339,4 milyon manat büdcə vəsaiti hesabına olmaqla 458,5 milyon manat vəsait ödənilib: “Həmin müəssisələrin eyni zamanda Təminat Fondu qarşısında da öhdəliklərinin olması nəzərə aldıqda təkrar borc müqavilələri üzrə müəssisələrin Təminat Fonduna ödəməli olduğu vəsaiti gələcək dövrlərdə də tam icra edə bilməməsi ehtimalını yaradıv.

Dövlət zəmanəti verilmiş öhdəliklərin vaxtında və tam şəkildə təmin edilməsi, habelə ölkənin kredit reytinqinə xələl gətirilməməsi məqsədilə Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondunda saxlanılan vəsaitin həcminin tədricən artırılması hədəflənir ki, bunun da hazırkı şəraitdə dövlət büdcəsinin vəsaiti hesabına reallaşdırılacağının mümkünlüyünü bildiririk".

Onu da bildirək ki, bu və qarşıdakı illərdə Azərbaycanın xarici maliyyə qurumlarından borclanmasında artım olacağı nəzərdə tutulur. 2023-cü ilin avqustunda buna görə “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”na ölkənin dövlət borcu ilə bağlı hədəf və çərçivələri üzrə dəyişiklik olunub. Əvvəlki hədəf göstəricisinə əsasən, 2023-cü il iyulun 1-nə 6,6 milyard ABŞ dolları və yaxud ÜDM-in 10 faizi qədər olan xarici dövlət borcunun 10 milyard ABŞ dollarını üstələməməsi müəyyən edilmişdi. Bununla yanaşı, Azərbaycanda xarici dövlət borcunun 2025-ci ilin sonunda 7,1 milyard ABŞ dolları və yaxud ÜDM-in 10,7 faizi qədər olması gözlənilirdi. Maliyyə Nazirliyinin verdiyi izahata əsasən, hökumətə ölkənin sosial-iqtisadi inkişaf templərinə əlavə təkan verilməsi məqsədilə müvafiq prioritet sahələrdə infrastruktur layihələrinin maliyyələşdirilməsi üçün əlavə xarici borc vəsaitlərinin cəlb olunması imkanlarının nəzərdən keçirilməsi tapşırığı verilib:

“Bu səpkidə alternativ enerjinin toplanması və nəqli ilə əlaqədar müasir enerji şəbəkəsinin qurulması, özünüməşğulluq və sosial müdafiə tədbirlərinin gücləndirilməsi, smart şəhərlərin qurulması, ölkəmizin tranzit potensialının artırılması, o cümlədən dəmir yolu infrastrukturunun yenidən qurulması və Cənub Qaz Dəhlizinə daxil olan qaz boru kəmərlərinin nəqletmə həcminin yüksəldilməsi, "Bakı Gəmiqayırma Zavodu" MMC-nin fəaliyyətinin genişləndirilməsi, su təchizatı və kanalizasiya şəbəkələrinin yenidən qurulması tədbirlərinin davam etdirilməsi kimi layihələr üçün maliyyə təminatının yaradılması çərçivəsində ortamüddətli dövrdə xarici borcalmalara müraciət etmək nəzərdə tutulur.

Yeni borclanmaların dövlət borcunun idarə edilməsi üzrə müəyyən olunmuş hədəflərdə öz əksini tapması üçün “Dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiyanın 2022-2025-ci illər üzrə yenilənməsi çərçivəsi”nə və “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”na müvafiq dəyişikliklər edilib. Həmin dəyişikliklərə əsasən, dövlət borcunun ÜDM-ə nisbətinin yuxarı həddi 30 faizi, birbaşa xarici dövlət borcu mütləq ifadədə 10 milyard ABŞ dollarını üstələməməlidir. Əlavə borclanma həm də ölkəmizin əməkdaşlıq etdiyimiz beynəlxalq maliyyə kredit qurumları ilə işgüzar münasibətlərinin davam etdirilməsi siyasəti baxımından da mühüm əhəmiyyət kəsb edir".

Məlumat üçün bildirək ki, 2024-cü il üçün Azərbaycanın daxili borclanmasının yuxarı həddi 2 milyard 300,0 milyon manat, xarici borclanmanın yuxarı həddi 1 milyard 700 milyon manat, dövlət zəmanətlərinin məbləğinin yuxarı həddi isə 700,0 milyon manat məbləğində müəyyən edilib. Növbəti ildə limitin xarici borclanma üzrə cari ilə nisbətən 126,7 faiz, daxili borclanma üzrə 27,8 faiz artırılması, dövlət zəmanəti üzrə isə 30,0 faiz azaldılması nəzərdə tutulub.

Hesablama Palatasına görə, 2024-cü ildə xarici borc limiti üzrə proqnozlaşdırılan vəsaitin həyata keçirilməsi reallaşarsa, bu, növbəti illərdə faiz dərəcələrinin dəyişməsi ilə xarici dövlət borcuna xidmət xərclərinin, xüsusilə də faiz xərcləri üzrə ödənişlərin daha da artması ilə nəticələnə bilər: “Belə ki, son dövrlərdə xarici maliyyə institutlarının sabit faiz dərəcəsi ilə kredit təkliflərini azaltmaları, yeni cəlb edilən kreditlərin dəyişkən faiz dərəcəsi ilə əldə edilməsinə şərait yaradır ki, bu da öz növbəsində xarici borcun strukturunda dəyişkən faiz dərəcəsi ilə cəlb edilmiş kreditlərin payının artmasına səbəb olur. Bu növ kreditlərin həcminin artması, həmçinin son dövrlərdə dünyanın ən böyük mərkəzi banklarının xüsusilə də ABŞ Federal Ehtiyatlar Sistemi və Avropa Mərkəzi Bankının həyata keçirdikləri sərt monetar siyasətlər nəticəsində istinad faiz dərəcələrinin artırılması, bu artım tendensiyasının ortamüddətli dövrdə də davam edəcəyi ehtimalının olması növbəti illərdə dövlət büdcəsi xərclərinin, o cümlədən dövlət borcuna xidmət xərclərinin artması riskini aktuallaşdırır”.

2024-cü il üçün dövlət büdcəsinin tərkibində xarici dövlət borcu üzrə ödənişlər 1 milyard 472,6 milyon manat məbləğində proqnozlaşdırılıb.

Bu il Azərbaycan birbaşa xarici dövlət borcu üzrə 2 milyard 363,0 milyon manat (1 milyard 390,0 milyon ABŞ dolları) vəsait qaytarmalıdır. Bura 2024-cü ildə vaxtı çatan beynəlxalq maliyyə bazarlarında yerləşdirilmiş xarici valyuta nominallı dövlət qiymətli kağızları (avrobondlar) üzrə 1 milyard 530 milyon manat (900,0 milyon. ABŞ dolları), əsas borc ödənişlərinin xarici investorlara geri ödənilməsi də daxildir. Qeyd edək ki, bu öhdəliklərin 850,0 milyon manat (500,0 milyon ABŞ dolları) məbləğində hissəsinin dövlət büdcəsi xərclərindən, qalan 680 mlyon manat hissəsi və eyni zamanda il üzrə xarici kreditlərin əsas borc ödənişləri üzrə ödənilməli olan 833,0 milyon manat (cəmi 1513,0 milyon manat, 890 milyon ABŞ dolları) məbləğində öhdəliyin daxili maliyyə bazarlarında dövlət istiqrazlarının yerləşdirilməsindən cəlb olunacaq vəsait hesabına ödənilməsi nəzərdə tutulur.

Artıq hökumət Dünya Bankı ilə kredit alınması üzrə danışıqlara başlayıb. Energetika Nazirliyindən verilən məlumata görə, bugünlərdə energetika naziri Pərviz Şahbazovla Dünya Bankının təcrübə meneceri Stefani Gilin rəhbərlik etdiyi enerji məsələləri üzrə nümayəndə heyəti arasında görüş keçirilib. Görüşdə Azərbaycanla Dünya Bankı arasında enerji sektorunda tərəfdaşlığın inkişafı ilə bağlı məsələlər müzakirə edilib. Həmçinin 2027-ci ilədək 2 QVt-dək bərpa olunan enerji güclərinin enerji sisteminə inteqrasiyası məqsədilə şəbəkənin gücləndirilməsi, həmçinin növbəti mərhələdə dənizdə külək enerjisindən istifadə ilə bağlı dəstəyin göstərilməsi üzrə Dünya Bankı ilə əməkdaşlığın cari vəziyyəti və növbəti addımlar nəzərdən keçirilib. Energetika naziri Pərviz Şahbazov şəbəkənin gücləndirilməsi prosesinin sürətləndirilməsinin vacibliyini vurğulayaraq Dünya Bankının bu istiqamətdə dəstəyinin əhəmiyyətini qeyd edib.

Göründüyü kimi, artıq irihəcmli kreditlərin alınması prosesinə start verilib. Böyük dövlət qurumlarının fəaliyyətində şəffaflıq və hesabatlılıq təmin olunmadan belə borclanmaların dövlət üçün ağır maliyyə yükünə çevrilməsi qaçılmazdır...

Dünya SAKİT,
“Yeni Müsavat”