28 avqust 2024
39

Adil Vəliyev FHN-i Kəmaləddin Heydərovu saymır?-VİDEO

Sabunçu rayonunda “COP29 çətiri” altında özbaşına tikililərə rəvac verilir.
Azərbaycanda bir sıra hökumət strukturları BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) ölkəmizdə keçirilməsi ilə əlaqədar nəzarət tədbirləri keçirirlər. Aşkar edilən nöqsanların aradan qaldırılması ilə bağlı məsul şəxslərə icrası məcburi göstərişlər verilir. Gözlənilən nəhəng beynəlxalq tədbir ərəfəsində paytaxtın küçə və prospektlərdə yol infrastrukturu yenidən qurulur.
COP29 dünyanın bir nömrəli beynəlxalq tədbiridir, beynəlxalq konfransıdır, ölkələrin təmsilçiliyi nöqteyi-nəzərindən BMT Baş Assambleyasından geri qalmır. Bakı iki həftə ərzində dünyanın mərkəzi olacaq və şəhər təqribən 70-80 min xarici qonağı qarşılayacaq. Ancaq turistlərin paytaxtın mərkəzi rayonlarından çox uzağa, məsələn Sabunçuya getməyə, küçə və dalanları qarış-qarış gəzməyə həvəsli olacaqları inandırıcı görünmür (Qarabağı görmək istəməkləri bəlkə daha ağlabatandır). 
Mediatv.az  xəbər verir ki, Sabunçuda COP29-a hazırlıq adı altında nəzarət deyil, məhz qanunsuzluğa start verilib. Belə ki, rayon ərazisində fəaliyyət göstərən bir sıra iaşə obyektlərinin sahiblərinə konstruksiya və betafon tipli materiallarla öz obyektlərinin sahələrini artırmağa “yaşıl işıq” verilib. Soruşan olanda da deyirlər ki, “COP29-a hazırlıq işləri çərçivəsində yolqırağı (əsasən Bakı-Maştağa yolunun hər iki tərəfində) obyektlər təmir olunur. Səhih məlumata görə, Sabunçu rayonunda aparılan bu sayaq tikinti işləri Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin və Bakı Şəhər İcra Hakimiyyətinin icazəsi olmadan aparılsa da, proses Sabunçu Rayon İcra Hakimiyyətinin və Bakı Şəhər Memarlıq və Arxitektura İdarəsinin vəzifəli şəxslərinin göz yumması hesabına baş verir. Nəzarətedici orqanların vəzifəli şəxsləri ilə anlaşan bəzi sahibkarlar yuxarıda qeyd edilən tikinti materiallarından istifadə etməklə 3-4 sutka ərzində obyektlərinin sahəsini xeyli artırır, qanunsuz olaraq 2-ci, 3-cü mərtəbəsini ucaldırlar (videomaterial təqdim olunur).
Məsələ ilə əlaqədar saytımızı məlumatlandıran mənbənin sözlərinə görə obyekt sahiblərinin Sabunçu rayon İcra Hakimiyyəti ilə "anlaşdığını" vurğulayırlar.Belə qanunsuz tikililərdən biri də Bakıxanov qəsəbəsi Nazim İsmayılov küçəsində aparılır.
Xatırladaq ki, bir neçə gün öncə - avqust ayının 21-də Bakı Şəhər İcra Hakimiyyətində paytaxt rayonları İcra Hakimiyyətləri başçıları və şəhərin təsərrüfat xidmətləri rəhbərlərinin iştirakı ilə növbəti müşavirə keçirilmişdir. Həmin müşavirədə Bakı ŞİH-nin başçısı cənab Eldar Əzizovun qanunsuz tikililərlə bağlı xəbərdarlıq etdiyi hamıya məlumkən, Sabunçu rayonunda baş verən özbaşınalıqlara göz yummaq rayon rəhbərliyinin edilən xəbərdarlıqları nə qədər ciddiyə almadığının göstəricisidir.