12 avqust 2024
90

Hasar söküldü, SOCAR-ın sirli obyekti üzə çıxdı – Foto

     Bakının Ziya Bünyadov prospekti ilə Əhməd Rəcəbli küçəsinin kəsişməsində, Binəqədi rayonu, Əhməd Rəcəbli 156 ünvanında uzun müddətdir aparılan söküntü-tikintinin nə olduğu qismən aydınlaşıb.
Axar.az xəbər verir ki, ötən gün 2 hektar ərazinin Ziya Bünyadov prospektinə baxan hissəsinin hasarı sökülüb. Bəlli olub ki, artıq orada SOCAR-ın yeni yanacaqdoldurma məntəqəsi inşa edilib. Yanacaqdoldurma məntəqəsinin qısa müddətdə istifadəyə hazır olacağı təxmin edilir.
Hasarın sökülməsindən sonra üzə çıxan digər tikilinin mahiyyəti isə bəlli deyil.
Qeyd edək ki, əsasən avtopark olan, Ziya Bünyadov prospektinə baxan hissəsində isə avtomobil hissələri və tikinti materialları mağazaları yerləşən ərazidə söküntü işləri bu ilin ikinci rübündə başlamışdı. Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən saytımıza bildirilmişdi ki, ərazidə hər hansı söküntü və ya tikinti ilə bağlı komitəyə müraciət daxil olmayıb. Daha sonra komitə ərazidə abadlıq işlərinin aparıldığını vurğulamışdı.