11 dekabr 2023
792

`Şəfalı` MTK belə kimindir ki?..

 




"Nəzərinizə çatdırım ki, 2010-cu ildə Məhəmməd Hadi 58 ünvanında SƏFALI MTK tərəfindən inşa edilən çoxmərtəbəli binadan mənzil almışam. Layihədə binanın qarşısındakı boş sahədə park salınacağı göstərilmişdi. Lakin, sonralar həmin boş sahədə 11 mərtəbənin qarşısını kəsən qeyri-yaşayış sahəsi tikildi. Həmin binanın yaşayış binası ilə ara məsafəsi 10 metrdən də azdır". Bunu Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərova müraciətində Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi 58 ünvanında yaşayan Soltanova R.M. bildirir.
Narazı vətəndaş daha sonra yazır: "Mənzilin qarşısında tikdiyi qeyri-qanuni qeyri-yaşayış binası ilə kəsdiyi azmış kimi, binanın damının arxa hissəsində uzunluğu 60 metr, hündürlüyü 5 metrdən çox olan hasar da inşa edib. Həmin hasar yaşayış binasının qarşısını tam kəsib, mənzilə hava və gün işığının düşməsinin qarşısını alıb, şəhərə görüntüsünü tam bağlayıb.
Mənim şikayətlərim əsasında aidiyyəti qurumlar tərəfindən binada baxış keçirilib:
1) Hələ 08 fevral 2023-cü il tarixdə (10 ay bundan qabaq) FHN Tikintiyə Nəzarət Dövlət Agentliyi tərəfindən qərar qəbul olundu. Qərarda deyilir ki, “Obyektin dam hissəsində tikinti layihəsində öz əksini tapmayan ekran tipli hasar inşa edilmişdir. Layihədən kənar aparılmış tikinti, hətta, obyektin özünün təhlükəsizliyinə təhlükə yaratdığı üçün 30 gün müddətində sökülməlidir”.
2) Bakı şəhər Şəhərsalma və Memarlıq Baş İdarəsi tərəfindən 10 may 2023-cü il tarixdə (8 ay bundan qabaq) çıxarılmış qərarda göstərilir ki, 13 mərtəbəli yaşayış binasından 10-15 metr məsafədə tikilmiş qeyri-yaşayış obyektinin arxa fasadının dam hissəsində layihədə öz əksini tapmayan hasar inşa edilib. Müvafiq tədbir görülməsi üçün qərar FHN-nin Tikintiyə Nəzarət Agentliyinə göndərilib.
3) Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası tərəfindən keçirilən baxış nəticəsində 27.02.2023-cü il tarixdə (10 ay bundan qabaq) qəbul edilən qərarda qeyd edilib ki, Obyektin dam hissəsində təyinatı məlum olmayan və layihədə öz əksini tapmayan hasar inşa edilib.
4) Nəhayət, 10 oktyabr 2023-cü il tarixdə (2 ay bundan qabaq) FHN Tikintiyə Nəzarət Agentliyi tərəfindən təkrarən qərar qəbul edildi. Xətai rayonu, M.Hadi küçəsi 58 ünvanda yerləşən Səfalı MTK tərəfindən tikintiyə icazə sənədi olmadan inşa edilmiş ekran tipli divarın sökülməsi barədə Agentlik tərəfindən qərar qəbul edilmişdir.
Maraqlıdır ! FHN Tikintiyə Nəzarət Agentliyi özü iki (2) dəfə təyinatı məlum olmayan və layihədə öz əksini tapmayan hasarın söküntüsü barədə qərar çıxarsa da, çıxardığı qərara əməl etmir. Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin çıxardığı və icrası üçün onlara göndərdiyi qərara da əməl etmir.
FHN Tikintiyə Nəzarət Agentliyində saysız-hesabsız qəbullarda olmuşam. Özlərinin çıxardığı söküntü qərarını nə səbəbə görəsə bir ildir ki, müxtəlif bəhanələrlə ləngidirlər.
Xahiş edirəm, FHN Tikintiyə Nəzarət Agentliyi tərəfindən çıxarılan qərarın icrasının həyata keçirilməsinə göstəriş verin".
 DİA-AZ.COM