25 yanvar 2024
125

“Azercell” niyə özəlləşdirilmir?

      2018-ci ildən etibarən Azercell dövlət şirkətidir.O zaman Azercell-in payçılarından olan Telia Sonera və Turkcell Azercell-in tam səhmdarı olan Azertel-dəki 51.3 faiz payını dövlətə satıb.
Xatırladıram ki, 2015-ci ildən sonra Telia Sonera Mərkəzi Asiyada olan korrupsiya qalmaqalı ilə bağlı bu regionu , o cümlədən Azərbaycan mobil bazarını tərk edib.
2018-ci ildə hökumətimiz bu payı digər şirkətlərə, Türkcell-ə satmaqdan imtina edib.
Telia Sonera-nın bu payını almaq üçün hökumət Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə büdcədən təxminən 450 milyon manat vəsait ayırıb.
Beləliklə, hazırda Azercell –in səhmlərin nəzarət zərfi, yəni anlaşıqlı desək Azercell-in sahibi RİNN-in AzİnTelecom şirkətidir.
Hökumət o zaman çətin dövrlər yaşayan, böhran keçirən, investisiya imkanları tükənən Azercell-in “dövlətləşdirilməsini” onun sağlamlaşdırılması istiqamətində atılan addım olaraq dəyərləndirmişdi.
Son bir neçə ildir Azercell-in açıqladığı hesabatlardan görsənir ki, mobil bazarın əsas şirkəti olan bu operator tam mənfəətlə çalışır. Hesabatlara baxanda görmək olar ki, gəlirlərini də xeyli artırıb.
Cari ilin maliyyə hesabatı açıqlanmasa da gözləntilər pozitivdir.
Belə olan halda sual yaranır ki, görəsən hökumət Azercell-i nə zaman yenidən özəlləşdirməyə çıxaracaq ?
Düşünürəm ki, mobil və internet bazarında rəqabətli mühitin inkişafı üçün belə bir addımın atılması indiki zamanda doğu olardı.
Bəzən belə fikrilər səslənir ki, bizim mobil operatorlar 5G-yə keçməyə tələsmirlər. Əlbəttə, dövlət şirkətləri üçün innovasiyaların, yeni texnologiyaların tətbiqi elə də cəlbedici olmaya bilər.
Amma maraqlı məqam odur ki, qonşu ölkələrin əksəriyyəti artıq 5G üçün lisenziyaları operatorlara veriblər və onlar da hazırda 5G şəbəkəsini qurmaqda və bu xidməti göstərməkdədirlər .
Yeni qəbul edilən Rəqabət Məcəlləsi, ötən gün Prezident İlham Əliyevin bununla bağlı qəbul etdiyi fərmanlar da rəqabətli mühitin inkişafı üçün tam yeni tələblər irəli sürüb.
Son bir neçə ildir ki, RİNN “Onlayn Azərbaycan” layihəsi çərçivəsində ölkə üzrə nəhəng bir telekommunikasiya infrastruktur layihəsi gerçəkləşdirir. Artıq 2 il ərzində bir milyondan çox evlərə fiber optik şəbəkə çəkilib. Bu il daha bir milyon evə geniş zolaqlı bağlantı qurulacaq.
Yəni bununla da ölkədə DÖVLƏTƏ MƏXSUS daha bir nəhəng telekommunikasiya və internet şəbəkəsi yaranmaqdadır.
Bununla da internet və telekommunikasiya sektorunda dövlətin xüsusi çəkisinin hədsiz artacağını proqnozlaşdırmaq olar.
Azercell dövlət şirkətinə çevriləndən sonra internet sektorunda da dövlətin xüsusi çəkisi xeyli yüksəlib.