11 oktyabr 2023
267
FHN-nin idarəsi 595 minlik tenderi nazirin şirkətinə verdi
Fövqəladə Hallar Nazirliyinin Maddi Texniki-Təchizat İdarəsi mövcud proqramlara xidmətlərin satın alınması ilə bağlı tenderə yekun vurub.
Tenderin qalibi "Qafqaznet” MMC seçilib. Tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 595 168,4 AZN-dir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, "Qafqaznet” MMC 11 dekabr 2015-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 20 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Binəqədi rayonu, Ziya Bünyadov küçəsi, ev 43A-da yeləşir. MMC-nin qanuni təmsilçisi Cəfərov Adil Ələddin oğludur.
Şirkətin bundan əvvəlki hüquqi ünvanı Bakı şəhəri Yasamal rayonu, Nəriman Nərimanov prospekti, ev 206, məhəllə 466-da yerləşib.
Bu hüquqi ünvanda "Mirvari Park Residence” MMC, "Capital Tovvers Residence” MMC, "Babək residence” MMC, "Fobos Palaza” MMC və başqa bir neçə şirkət qeydiyyatdadır.
Bu şirkətlərin adına fövqəladə hallar naziri Kəmaləddin Heydərovun biznes imperiyası ilə bağlı dərc edilən araşdırma materiallarında rast gəlinir.
"Qafqaznet” MMC də nazirin şirkətlərindən biri hesab edilir. Bu barədə mediada gedən məlumatlar indiyə qədər təkzib edilməyib.
"Qafqaznet” MMC-nin qanuni təmsilçisi Adil Cəfərov eyni zamanda "Qtech” MMC-nin qanuni təmsilçisidir.
Bu şirkətin də hüquqi ünvanı Bakı şəhəri Yasamal rayonu, Nəriman Nərimanov prospekti, ev 206, məhəllə 466-da yerləşir və MMC Kəmaləddin Heydərovun hesab edilir.
Aydın olur ki, FHN-nin idarəsi tenderdə nazirin şirkətini qalib seçib.(Qaynarinfo)