06 oktyabr 2023
413

Heç Türkiyə üzv ola bilməyib, bəs Ukrayna?

Heç Türkiyə üzv ola bilməyib, bəs Ukrayna?
Ukrayna AB-yə üzv ola bilməz, çünki onun genişmiqyaslı daxili islahatlara ehtiyacı var.

Bunu Avropa Komissiyasının keçmiş sədri Jan-Klod Yunker deyib.

“AB qismən üzvlük kimi bir şey üzərində işləməlidir. Boğazına qədər əzab içində olan Ukrayna xalqına yalan vədlər verə bilməzsən. Avropada ukraynalıları dərhal üzv ola biləcəklərini deyib aldadan bəzi səslərdən çox qəzəblənirəm. Ukrayna ilə məşğul olan hər kəs bilir ki, bu, cəmiyyətin bütün səviyyələrində korrupsiyaya uğramış bir ölkədir. Bütün səylərə baxmayaraq, Kiyev AB-yə daxil ola bilmir və böyük daxili islahatlara ehtiyacı var”, - o bildirib.

Yunker qeyd edib ki, Moldova və Ukrayna üçün Avropa perspektivi qorunmalıdır:

“Lakin bunun bir gecədə baş verəcəyinə ümid bağlanmamalıdır”.

Yenimeydan.info ;  Mövzu ilə bağlı "Sherg.az"a açıqlamasında politoloq Sultan Zahidov bildirib ki, Jan-Klod Yunkerin fikirləri həqiqəti əks etdirir:

"Çünki Avropa Birliyinin nizamnamələrində, o cümlədən Maastrixi, Amsterdam və Lissabon sazişlərində də qeyd olunub ki, AB-yə daxil olmaq üçün dövlətlər müəyyən şərtləri yerinə yetirməlidir. İlk növbədə Avropa insan haqları və demokratiya kimi dəyərlərə sadiq qalmalıdırlar. Bunlar həmçinin, Kopenhagen kriteriyalarında da təsbit olunub. Öncə ölkənin iqtisadiyyatı üzərində şəffaflıq olmalıdır. Dövlətin ölkə iqtisadiyyatına müdaxiləsi minimum azaldılmalı və açıq bazar sistemi olmalıdır. Bu baxımdan hər bir ölkə AB-yə müraciət etdikdən sonra müəyyən prosedurlardan keçir. Bu ölkələr həmin prosedurlar çərçivəsində zaman-zaman Avropa Birliyinə həyata keçirdiyi sosial və iqtisadi islahatlar ilə bağlı məlumatlar verir. Bu isə uzun illər vaxt aparır.

Məsələn, Türkiyə 1980-ci illərdən oraya müraciət etsə də, hələ üzv ola bilməyib. Ona görə də, müharibə şəraitində olan ölkə üçün bu daha da çətindir. Ukraynanın başı Rusiya ilə savaşa qarışdığına görə bu sahədə effektiv islahatları qısa zamanda həyata keçirməsi qeyri-mümkündür. Bütün bunları nəzərə alaraq rəsmi Kiyevin yaxın illərdə Avropa Birliyinə qəbul olunması ehtimalı çox azdır. Sadəcə olaraq Ukrayna 2022-ci ilin iyununda AB-yə üzv olmaq üçün namizəd ölkə statusu alıb. Ukrayna tez bir zamanda Rusiya ilə mübarizədə əlavə siyasi, maddi, iqtisadi yardım almaq üçün Avropa Birliyinə inteqrasiyası xəttini sürətləndirmək qərarı aldı. Amma Ukrayna dövlətinin qısa zamanda Avropa Birliyinə üzv olması digər ölkələrə qarşı ədalətsizlik olar".