04 oktyabr 2023
439

Qərbin Türkiyəni zəiflətmək üçün məkrli planı…

 Türkiyə 39 ildir terrorla mübarizə aparır. PKK/PYD-dən əvvəl də başqa radikal, dini cərəyanların yaratdığı terror qruplaşmalarının fəaliyyətləri ilə üz-üzə qalıb. Türkiyə strateji, yaxud iqtisadi həmlə edib, milli siyasətini irəli aparmağa çalışdığı zaman mütləq hər hansı bir terror fəaliyyəti, yaxud dövlət çevrilişinə cəhd ilə üzləşir.
Bu sözləri Axar.az-a Türkiyənin ölkəmizdəki keçmiş hərbi attaşesi, general Yücel Karauz Ankarada baş verən terror aktının pərdəarxası səbəbləri haqqında danışarkən deyib.
Karauz bildirib ki, terror təşkilatları Ankara əleyhinə bir-biri ilə əlaqələndirilir:
“Bununla da Türkiyə gücünü, enerjisini xaricə yönləndirmək əvəzinə, terror fəaliyyətlərinin qarşısını almaq üçün sərf etməyə məcbur olur. Çünki onların “rəisi” eyni gücdür, eyni mərkəzdən idarə olunurlar. Azərbaycanın 24 saata başa çatdırdığı uğurlu antiterror tədbirlərinə Türkiyənin mənəvi və siyasi dəstək verməsi, İsveçin NATO-ya daxil olmasına göstərdiyi dirəniş, cənubda Suriya və İraqı əhatə edən bölücü terror təşkilatına “dayan” deməsi, liviyalıların haqq və mənfəətlərini qoruması, Rusiya və Ukrayna müharibəsində bitərəf mövqe sərgiləyərək embarqolara qatılmaması kimi xüsuslar terror təşkilatlarını idarə edən Qərbi hiddətləndirib və onları hərəkətə keçirməyə məcbur edib”.
Qeyd edək ki, Ankarada, DİN binası yaxınlığında terrora cəhd edən iki terrorçudan biri zərərsizləşdirilib, digəri özünü partladıb. Bunun ardınca Türkiyə terrorizmə qarşı mübarizəni daxildə və xaricdə genişləndirib, terror hədəflərinə zərbələr endirib.